Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:09

Rusiyada 'Quran'ın yandırılmasını kim təşkil edib


"Quran"ı yandırmaqda ittiham olunan volqoqradlı Nikita Juravelin Qroznı istintaq təcridxanasına gətirilməsi
"Quran"ı yandırmaqda ittiham olunan volqoqradlı Nikita Juravelin Qroznı istintaq təcridxanasına gətirilməsi

Mayın 19-da Telegram-da naməlum şəxsin Rusiyanın cənubundakı Volqoqrad şəhərində məscidin qarşısında səssizcə “Quran” yandırdığını əks etdirən qısa video yayımlanıb. Video “Volqoqrad! Allah bəlanızı versin, islamofoblar ölkəsi” yazısı ilə paylaşılıb.

11 saniyəlik bu video, Rusiya hakimiyyətinin qeyri-adi addım ataraq, istintaqı müsəlmanların çoxluq təşkil etdiyi Şimali Qafqazdakı Çeçenistan regionuna transfer etməsilə nəticələnən hadisələr silsiləsini başlatdı.

“İşin Çeçenistana aparılması üçün heç bir səbəb yoxdur. Siyasi kontekst aydındır. Kadırov müsəlmanların, “Quran”ın və sünnilərin müdafiəçisi kimi reputasiyasını gücləndirməyə davam edir”. Bunu Çeçenistan lideri Ramzan Kadırovu internet üzərindən tənqid edən və hökumətin təzyiqlərini əsas gətirərək xaricə gedən çeçen insan haqları müdafiəçisi Abubakar Yanqulbayev deyib.

Videonun orijinalı hazırda Kiyevdə yaşayan və Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxan keçmiş rusiyalı deputat İlya Ponomaryova bağlı “Morning In Daghestan” Teleqram kanalında yayımlanıb.

Ponomaryovun şübhəsi

Mayın 21-də müxalifətin “Sota” Teleqram kanalına açıqlamasında Ponomaryov videonu dərc etdiyinə görə peşman olmadığını və müqəddəs kitabın yandırılması aktını pislədiyini bildirib. O, iddia edib ki, video Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən hazırlanaraq, “Qalmaqal yaratmaq və “işin həllinə” görə mükafat qazanmaq məqsədi ilə “Morning In Daghestan” teleqram kanalına göndərilib.

Kadırov mayın 23-də öz Telegram kanalında paylaşdığı yazıda, hadisənin “şeytani Qərbin və Avropanın əlaltıları tərəfindən təşkil edilmiş İslama qarşı cinayətlərdən biri” olduğunu iddia edib. “Qərb bizi Rusiyanın daxilində parçalamaq istəyirdi, amma bunun əksi baş verdi. Qərbə daha çox nifrət edirik və Qərb muzdluları bizim qəzəbimizi hiss edəcəklər”, – Kadırov əlavə edib.

Kadırovun sözləri Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin sentyabrında etdiyi nitqin təkrarıdır, o vaxtdan bəri Kremlə bağlı digər mənbələr də bunu təkrarlayır. Putin həmin çıxışında Qərbi “insanlığı tamamilə inkar etməkdə, dini və ənənəvi dəyərləri alt-üst etməkdə” suçlayıb, “azadlığın boğulmasının dinin tam əksi olan açıq Satanizmə oxşadığını” deyib.

Sürətli iş

Anonim videonun yayımlanmasından bir gün sonra İstintaq Komitəsi Nikita Juravel adlı 19 yaşlı tələbəni "dindarların həssaslığını təhqir etmək" şübhəsi ilə saxladığını açıqladı. Açıqlamaya görə, Juravel videonu özü çəkib və Ukrayna hərbçilərinin nəzarətində olan kanalda yerləşdirib. İddialara görə, Juravel dindirilmə zamanı Ukrayna kəşfiyyatçısının ona 10 min rubl (125 dollar) ödədiyini deyib. O həmçinin “hərbi qurğuların” şəklini çəkdiyini də etiraf edib.

Həmin gün FTX, Rusiya dövlət mediasında Juravelin həbsini əks etdirən bir video yayımladı. Əlləri arxadan bağlanmış, səkidə üzüstə uzanan Juraveldən niyə həbs olunduğunu soruşurlar. “Çünki döyüş təyyarələrinin şəkillərini çəkmişəm”, – deyə Juravel cavab verir. Kamera arxasında dayanan müstəntiqin suallarından sonra, “Quran”ı yandırdığını etiraf edir və deyir ki, ona pul təklif edən “ukraynalı”lar onu buna təhrik edib.

Tez-tez kəsilən videoda daha sonra üzü bulanıq, qara köynəkdə gəncin görüntüsü yer alır. O, hadisənin baş verdiyi tarix və Volqoqrad məscidinin dəqiq ünvanı da daxil olmaqla hüquqi dillə lakonik etiraflar edir. Videonun eyni tempdə davam etməsi və tonu, adamın mətni üzündən oxuduğu təəssüratını yaradır. Gənc oğlan, “Bunu müsəlmanlar arasında dini qəzəbi oyatmaq məqsədilə etdim”, – deyərək, sözlərini yekunlaşdırır.

Rusiya hüquq-mühafizə orqanları və dövlətin nəzarətində olan KİV mütəmadi olaraq şübhəlinin günahkar olduğunu göstərən digər materiallar yayımlayır. Fəallar deyirlər ki, bu cür etiraflar çox vaxt təzyiq altında edilir, görüntülər saxtalaşdırılır və ya aldadıcı formada təqdim olunur.

Juravel kimdir

Mayın 21-də İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, “Çeçenistan Respublikasının sakinlərinin çoxsaylı müraciətlərini” əsas gətirərək işin Çeçenistana verilməsi haqda göstəriş verib. Çeçenistan hökumətinin naziri Əhməd Dudayev, Juravelin Çeçenistanda mühakimə olunmasını və günahı sübuta yetirilərsə, cəzasını orada çəkməli olduğunu bildirib.

Rusiya mətbuatı Juravelin, Ukraynanın Moskva tərəfindən işğal olunmuş Krım bölgəsinin Sevastopol şəhərindən 19 yaşlı universitet tələbəsi olduğunu yazıb. Rusiyanın Krımı ələ keçirməsindən az sonra məktəb yaşına gələn Juravel müdafiə naziri Sergey Şoyqunun əmri ilə “prezident hərbi akademiyası”nın üzvləri siyahısına salınıb.

Rusiya hökumətinin vətəndaş cəmiyyəti və müxalifətə qarşı geniş repressiyaları səbəbindən fəaliyyəti qadağan edilən, tanınmış insan haqları təşkilatlarından biri “Memorial”ın üzvü Vladimir Malixin hadisəni şübhəli hesab edir.

“Juravel işinə Ukraynadakı müharibə kontekstində baxmaq məsələsinə şübhə edirəm. Onun Ukrayna kəşfiyyatı ilə əlaqəsi olması ilə bağlı iddia açıq-aydın uydurmadır. Biz bu tələbəyə qarşı işi, Kadırovun növbəti piar kampaniyası hesab edə bilərik”, – Malixin bildirib.

“Satanizmə qarşı Müharibə”

Mayın 23-də Çeçenistanın paytaxtı Qroznıda əllərində Kadırovun portretləri və “Qurani-Kərim”in nüsxələri olan on minlərlə insan bir araya gəlib. Onlar müxtəlif yerli dini və siyasi liderlərin Volqoqradda iddia edilən hadisəni pisləmələrini dinləmək üçün toplaşıblar.

Çeçenistanın baş müftisi Salah Mejiyev çıxışında deyib ki, “müsəlmanların düşmənlərlə əhatə olunduğu, Avropanın istənilən ölkəsində satanizm tərəfdarlarının “Quran”ı yandıra bildiyi, LGBT fərdləri tərəfindən hər cür pisliyin yayıldığı bir vaxtda Rusiyada yaşayırıq. Burada belə şeylər mümkün deyil”.

Kadırovun müttəfiqi və Çeçenistan parlamentinin sədri Maqomed Daudov İstintaq Komitəsinin iddialarını təkrarlayaraq, hadisənin Ukrayna kəşfiyyatı tərəfindən “NATO və Qərb məxfi xidmətlərinin iştirakı ilə” təşkil olunduğunu bildirib. O da heç bir sübut təqdim etməyib.

60 minlik aksiya necə təşkil olunub

Çeçenistanın rəsmi mediasının məlumatına görə, izdihamda təxminən 60 min nəfər olub.

AzadlıqRadiosunun “Caucasus.Realities” portalının məlumatına görə, tələbələr və dövlət işçilərin mitinqdə iştirak üçün təzyiqlərə məruz qalıblar. Onların əksəriyyəti aksiyanın nə üçün təşkil edildiyini də bilməyiblər. Məktəblilərin dağlıq respublikanın hər yerindən avtobusla gətirildiyi bildirilir. AzadlıqRadiosu təhsil rəsmilərinin məktəblərə ümumi qeydiyyatdan asılı olaraq müəyyən sayda uşaq göndərməyi əmr edən mətn mesajlarının skrinşotlarını görüb.

“Bir çeçen kimi mənim üçün bu hekayənin ən paradoksal tərəfi odur ki, Rusiya Çeçenistanı işğal edərkən təkcə “Quran” yandırmayıb. Onlar namaz qılan dindarların cəsədləri ilə birlikdə, “Quran”ların da yandığı məscidləri bombalayıblar”, – deyən Yanqulbayev 1990-cı və 2000-ci illərdə Rusiyanın regionda separatçılar və üsyançılara qarşı apardığı iki müharibəni xatırladıb.

“Əgər Kadırov satanizmə qarşı müharibəyə başlamaq istəyirsə, ilk növbədə Putinə qarşı mübarizə aparmalıdır”, – Yanqulbayev bildirib.

Hüquq müdafiəçisi Malıxin Juralev işini Rusiya siyasi mədəniyyətinin “kadırovlaşdırılması”nın növbəti mərhələsi kimi görür. 2007-ci ildə Putin tərəfindən təyin olunandan bəri Çeçenistanı idarə edən Kadırov avtoritarizmə görə geniş tənqid edilir və insan haqlarının geniş şəkildə pozulmasında ittiham olunur.

XS
SM
MD
LG