Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:37

'Azersky' peyki nə ilə yadda qaldı?


 "Azersky"
"Azersky"

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) bugünlərdə "Azersky" peykinin öz missiyasını başa çatdırdığını açıqlayıb. Bildirilib ki, peykdən 10 il istifadə nəzərdə tutulsa da, o öz fəaliyyətini bir il erkən sonlandırıb. Buna səbəb peyklə informasiya mübadiləsinin kəsilməsidir. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi bildirib ki, "Azersky" peyki öz orbitində uçmağa davam edir. Bu baxımdan, "Azərkosmos" da sözügedən açıqlamasında qeyd edir ki, xəbərləşmənin dayanmasının mümkün səbəbi peykin kosmik tullantı və ya meteoritlə toqquşması və bu zaman peykin enerji təchizatının sıradan çıxması ola bilər.

Rəsmi açıqlamada "Azersky" peyki ilə bağlı bir məqam da diqqət çəkir. Bu peyk orbitə buraxılarkən onun 12 il istismar ediləcəyi bildirilmişdi. Ancaq nədənsə "Azersky" fəaliyyətinin doqquzuncu ilində sıradan çıxsa da, rəsmi açıqlamada onun cəmi bir il ömrü qaldığı deyilir. Bu baxımdan aydın olur ki, "Azersky" öz missiyasını, rəsmi açıqlamada deyilən kimi, bir il deyil, üç il erkən başa vurub.

Azərbaycanın peykləri nə iş görür?

Hazırda Azərbaycanın orbitdə üç peyki var. Bunlardan ikisi – "Azerspace-1""Azerspace-2" telekommunikasiya peykləridir. Onlar orbitə, uyğun olaraq, 2013 və 2018-ci illərdə buraxılıb. İndi bu peyklər üzərindən yerli və beynəlxalq 100-ə yaxın televiziya və radio kanalı yayımlanır və eyni zamanda internet xidmətləri göstərilir.

Sıradan çıxan "Azersky" peykinin işi telekommunikasiya ilə bağlı deyil. 2014-cü ildə orbitə çıxarılan bu peyk Yer kürəsini uzaqdan müşahidə edirdi. "Azersky" sayəsində Azərbaycanın dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa və qeyd-şərtsiz çıxış imkanı vardı. Peykin xidmətlərindən müdafiə və təhlükəsizlik, kənd təsərrüfatı, ekologiya və ətraf mühit, xəritəçəkmə, infrastrukturun planlama və monitorinqi, kadastr bilgilərinin yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə edilirdi.

Azərbaycan öncəki illərdə "Azersky" peyki vasitəsi ilə əldə etdiyi təsvirlərdən siyasi məsələlərdə də yararlanmışdı. "Azərkosmos"un 2015 və 2018-ci illərdə bu peyklə Qarabağda apardığı monitorinqlər, ən azı, min hektar meşə sahəsinin yandırıldığını üzə çıxarmışdı.

2019-cu ildə "Azersky" peykinin təsvirləri əsasında "Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar" adlı hesabat dərc edilib. Burada Ermənistanın işğal dövründə Qarabağda iqtisadiyyata, ekologiyaya və tarixi abidələrə vurduğu ziyana dair görüntülər əks olunub. Sözügedən hesabat Birləşmiş Millətlər Təşkilatına təqdim edilməkdən ötrü sənədləşdirilib və təyinatına çatdırılıb.

"Azərkosmos" İdarə Heyətinin sədri Saməddin Əsədov mediaya açıqlamasında bildirib ki, "Azersky" peykindən güvənlik və müdafiə sahəsində geniş istifadə olunub. Onun sözlərinə görə, "Azersky"nin – bu məsafədən müşahidə peykinin imkanları istər müharibədən öncə, istər 44-günlük müharibə dövründə, istərsə savaşsonrası dönəmdə ölkəyə böyük üstünlüklər qazandırıb.

"Azersky" gəlir gətirdimi?

"Azərkosmos"un məlumatına görə, "Azersky"ın kommersiya fəaliyyətinə başladığı tarixdən indiyədək 105 milyon manat gəlir əldə edilib. Müxtəlif dövlət orqan və qurumlarına, əlavə olaraq, 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Hesablama Palatası 2018-ci ildə "Azərkosmos"da apardığı auditlə bağlı bildirmişdi ki, "Azersky" peykinin hazırlanmasına toplam 176.5 milyon avro xərclənilib. Bu baxımdan aydın olur ki, əslində "Azersky"ın fəaliyyəti dövründə qazandığı vəsait onun xərclərindən az olub.

Digər tərəfdən, peyk orbitə buraxılarkən onun toplam 200 milyon avro gəlir gətirəcəyi proqnozlaşdırılmışdı. Bu baxımdan, aydındır ki, peyk proqnoz edilən qədər gəlir gətirə bilməyib.

Sığorta məsələsi

"Azərkosmos" peykin sıradan çıxması barədə açıqlamasında bildirib ki, "Azersky" 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb. Bu peykin sığortalanmasına dair sonuncu tender ötən ilin dekabrında keçirilib. Dəyəri 24.3 milyon avro olan "Azersky" peykinin bir illik sığortalanması ilə bağlı "Azərkosmos"un elan etdiyi tenderdə "PAŞA Sığorta" qalib çıxıb. Sığorta haqqı olaraq "Azərkosmos" "Paşa Sığorta"ya 518 min manat ödəyib. Sığorta şirkəti məsələyə dair açıqlamasında bildirib ki, peykin sığorta risklərinin böyük hissəsi beynəlxalq təkrarsığorta şirkətinə ötürülüb. "Təkrarsığorta" deyərkən sığorta şirkətinin özünü sığortalaması nəzərdə tutulur. Həmin şirkət istənilən sığorta riskini öz üzərində saxlayarsa, iflasa uğradacaq potensial zərərli olayla üzləşə bilər. Bu cür halların baş verməməsi üçün sığortaçılar da, öz müştəriləri kimi, özlərini sığortaladırlar. Özəlliklə böyük ödəniş tələb edilə biləcək hallarda yerli sığorta şirkətləri qlobal bazarlarda çalışan böyük şirkətlərlə təkrarsığorta anlaşması bağlayır.

"Azerspace-1" peykinin də sığortalanması "Paşa Sığorta"ya həvalə edilib. Həmin peyk üçün şirkət "Azersky"la müqayisədə daha çox – 947 min manat vəsait əldə edib. "Azerspace-2" peykinin sığortaçısı isə "Qala Sığorta" şirkətidir. Bu peykin sığortalanması üçün şirkətə 865 min manat ödənilib.

XS
SM
MD
LG