Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:31

Yeni subsidiya mexanizmi özünü doğrultmayıb


Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər

2020-ci ildən bəri Azərbaycanda yeni subsidiya mexanizmi işə salınıb. Subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi olan Subsidiya İnformasiya Sistemindən (SİS) verilməyə başlanıb. Yeni mexanizmi tətbiq edərkən Kənd Təsərrüfatı Nazirliyi bildirmişdi ki, fermerlərin subsidiyalara əlçatanlığı daha da yaxşılaşacaq və zaman itkisinin qarşısı alınacaq. Başqa deyimlə, fermerlər mobil telefon, planşet, yaxud kompüterdən yararlanaraq subsidiya almaqdan ötrü müraciət edə biləcəklər.

Yeni qaydalara görə, fermerlər bank kartlarına köçürülən subsidiyaların yalnız 25 faizini nağdlaşdıra bilir. Yerdə qalan vəsait gübrə, pestisid, toxum və ya ting alınarkən hesabdan-hesaba köçürülür.

Ölçülə bilən hədəflər qoyulmayıb

Hesablama Palatası yeni tətbiq edilən subsidiya mexanizminin səmərəlilik səviyyəsini qiymətləndirib. Qurumun dəyərləndirməsi 2020-ci il yanvarın 1-dən həmin ilin sonunadək olan dövrü əhatə edib. Məlum olub ki, yeni subsidiya mexanizminin tətbiqi çərçivəsində strateji məqsədlər, konkret hədəflər, kəmiyyət və keyfiyyət indikatorları və gözlənilən nəticələr rəsmi qaydada müəyyənləşdirilməyib. Bu da yeni sistemin səmərə və nəticələrinin qiymətləndirilməsində bəlli çətinliklər yaradır.

Müstəqil ekspertlər də hökuməti yeni proqramlar hazırlayarkən hesabatlılığa başdansovdu yanaşmaqda ittiham edir. Beynəlxalq təcrübədə yeni mexanizmlərin tətbiqi zamanı həmin proqramla çatılması hədəflənən konkret rəqəmlər, ölçülə bilən indikatorlar müəyyənləşdirilir. Beləcə, hökumət sözügedən proqramları gerçəkləşdirəndə fəaliyyətin uğurlu və ya uğursuzluğu həmin göstəricilər təməlində hesablanır. Ancaq Azərbaycanda bir çox layihə hazırlanarkən hökumət ölçülə bilən hədəf göstəricilərini açıqlamır. Əvəzində, layihənin çatmaq istədiyi hədəflər ümumi sözlərlə ifadə edilir.

Subsidiyadan kənarda qalanlar

Hesablama Palatasının performans dəyərləndirməsindən bəlli olur ki, çox sayda fermer subsidiya ala bilməyib. Rəsmi göstəriciyə görə, subsidiyalaşdırılan bitki əkinlərinin cəmi 68.8 faizi subsidiya ilə əhatə olunub. Bu bitkilərə buğda, arpa, pambıq, şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkiləri, yonca, üzüm, çay və meyvə daxildir. Kartof əkininə subsidiya vermə göstəricisi daha az – 17.5 faiz olub. Faktik istifadədə və ya mülkiyyətdə olan torpaq sahələrinin uyğun qaydada sənədləşdirilməməsi, elektron müraciət reqlamentlərinə əməl edilməməsi, eyni zamanda, maarifləndirmə işləri ilə prosesin kütləviliyinə nail olunmaması subsidiya ilə əhatə göstəricisinin aşağı olmasının əsas səbəbləridir.

Subsidiya artsa da, əkinlər azalıb

Dövlət subsidiyalara daha çox vəsait ayırmaqla kənd təsərrüfatı sahəsində məhsuldarlığı artırmaq istəyir və bu üzdən büdcədən ayrılan vəsait artırılır. Əgər 2019-cu ildə bitkiçilik sahəsinin subsidiyalaşdırılmasına 178 milyon manat ayrılmışdısa, 2020-ci ildə bu rəqəm 233 milyon manata, 2021-ci ildə 259 milyon manata yüksəlib. Subsidiya üçün ayrılan vəsait iki il içində 45 faiz artsa da, subsidiyalaşdırılan sahə həcmi cəmi 7 faiz çoxalıb. Üstəlik, bu artımın səbəbi kənd təsərrüfatı üçün strateji sayılan sahələrlə bağlı deyil. Həmin müddət ərzində buğda əkinlərinin sahəsi 89 min hektar, tərəvəz əkinləri 7 min hektar, bostan bitkiləri əkinləri 5 min hektar azalıb. Artım meyvə və çiyələk əkinləri hesabına olub.

Buğda əkini ilə yanaşı, buğda istehsalı və ehtiyatı da azalıb. 2021-ci ildə 1 milyon 885 min ton olan istehsal 2019-cu illə müqayisədə 286 min ton və ya 13,2 faiz geriləyib. Eyni zamanda, buğda balansı üzrə ehtiyatın qalığı 62 faiz azalaraq 326 min tona enib. Bütün növ un ehtiyatının da qalığı 23 faiz azalıb və 360 min tona enib.

Yeni subsidiya mexanizminin tətbiqindən sonrakı iki il içində ölkədə istifadəsiz qalan kənd təsərrüfatı torpaqlarının da həcmi artıb. Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrində istifadəsiz qalan sahələrin həcmi 2019-cu ildə 366 min, 2020-ci ildə 476 min, 2021-ci ildə isə 436 min hektar olub. Başqa deyimlə, 2019-cu ildə kənd təsərrüfatına yararlı toplam torpaq sahələrinin 7.7 faizi istifadəsiz qalmışdısa, 2020-ci ildə bu göstərici 10 faiz, 2021-ci ildə 9.1 faiz olub. Bütün bunları nəzərə alan Hesablama Palatasının qənaətincə, yeni mexanizm çərçivəsində xərclənmiş vəsaitlərin ikiillik zaman dilimində bitkiçilik sahəsində ciddi töhfə verdiyini düşünmək olmaz.

Yeni subsidiya mexanizminin tətbiqindən sonra subsidiya alan fermerlərin sayca azalması da diqqət çəkir. 2020-ci illə müqayisədə 2021-ci ildə əkin subsidiyalarının toplam məbləği 25 milyon manat artsa da, eyni müddətdə dövlət dəstəyindən yararlanmış fermerlərin sayı 6 min 600 nəfər azalıb. Həmin dövrdə dövlətdən subsidiya alan fermerlərin toplam sayı 403 min 593 nəfər olub.

XS
SM
MD
LG