Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:50

Gediş haqqının artmasına dair hökumətin arqumentləri nə dərəcədə keçərlidir?


Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'

Son bir neçə ildə Azərbaycanda ciddi bahalaşma olub. Ötən il ölkədə 14 faizlik inflyasiya qeydə alınıb. Bu, son 14 ilin ən yüksək göstəricisidir. Əhalinin xərclərinin yarısını aşan qida məhsullarındakı inflyasiya 20 faiz olub. Son iki ildə Azərbaycanın bütün növ kommunal xidmətlərinin qiymətində artım baş verib. Beləcə, ictimai nəqliyyat qiymətlərinin də artacağı gözləntisi yaranmışdı. Üstəlik, özəl şirkətlər də avtobuslarda daşıma qiymətlərinin artırılması üçün dəfələrlə hökumətə üz tutmuşdu. Nəhayət, bu il yanvarın 31-də gözlənilən baş verdi və Tarif Şurasının yaydığı açıqlamada bildirildi ki, metro və şəhərdaxili avtobus nəqliyyatında bir gedişə görə 30 qəpik deyil, 40 qəpik ödəmək gərəkəcək.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda metropolitenlə 209 milyon sərnişin daşınıb. Bu bilgiyə dayanıb demək olar ki, tariflərin 10 qəpik artırılması Bakı Metropoliteninə təxminən 21 milyon manat əlavə gəlir qazanmaq imkanı verəcək. Avtobus nəqliyyatı ilə birlikdə qiymət artımları daşıma şirkətlərinin gəlirini toplam 220 milyon manat artıracaq.

Hökumətin arqumentləri nə dərəcədə gerçəkdir?

Nəqliyyatda qiymətlərin artımı barədə qərardan sonra hökumətə yaxın media orqanlarında bu qərarı müdafiə edən yazılar yayımlanmağa başladı. Həmin yazılarda daşıma tariflərinin maya dəyərindən daha aşağı olması başlıca arqument kimi göstərilir. Doğrudan da, son illər istər qlobal, istərsə daxili qiymət artımları daşıma şirkətlərinin də xərclərini çoxaldıb. Özəlliklə yanacağın bahalaşması şirkətlərə əlavə məsrəf yaradır. Hələ 2021-ci ilin əvvəlində Tarif Şurası Aİ-92 markalı benzinin qiymətinin 90 qəpikdən 1 manata, dizel yanacağının qiymətininsə 60 qəpikdən 80 qəpiyə qaldırılmasına qərar vermişdi. Eyni zamanda, avtomobillərin ehtiyat hissələrinin də qiyməti artıb. Bu baxımdan, xərclərin artması ilə bağlı deyilənlər doğrudur. Ancaq burada hökumətin gözdən qaçırdığı bir məqam var, axı dünyanın bir çox böyük şəhərində ictimai nəqliyyata gəlirli və ya öz xərclərini ödəməli olan bir sahə kimi baxılmır. Gəlişmiş ölkələrin çoxunda ictimai nəqliyyat sosial siyasətin tərkib hissəsi sayılır. Bu baxımdan, hökumətlər ictimai nəqliyyatın maliyyələşdirilməsinə ciddi subsidiyalar ayırır. Başqa deyimlə, hökumətin daşıma şirkətlərinə ödədiyi vəsait və ya onlara təklif etdiyi vergi güzəştləri hesabına həmin şirkətlər daşıma tariflərini yüksəltmir. Bu baxımdan, hökumətin son qiymət artımları ilə bağlı mövqeyindən aydın olur ki, rəsmilər ictimai nəqliyyata xalqın maliyyələşdirməli olduğu bir sahə kimi baxırlar.

Müqayisə üçün, Berlin, Barselona, Madrid, Amsterdam kimi böyük şəhərlərdə daşıma şirkətlərinin gəlirlərində subsidiyaların payı 50 faizdən çoxdur. Azərbaycanda hər il vətəndaşları narazı salan böyük idman oyunları və digər tədbirlər keçirilir. Büdcə xərclərinin şəffaflığı ilə bağlı ciddi problemlər də yaşanır. Bu baxımdan, hökumət büdcə xərclərini daha effektiv istiqamətlərə xərcləsə və xərclərin şəffaflığı artsa, əslində qiymət artımları hesabına təmin edilən 220 milyon manatı rahatlıqla subsidiyalaşdırmaq olardı.

Differensial olmayan qiymətlər

Hökumətin qiymət artımlarını əsaslandırmaq üçün yararlandığı başqa bir arqument də var. Bu, region ölkələrinə nisbətən Azərbaycanda daşıma tariflərinin daha aşağı olmasıdır. Məsələn, hökumətə yaxın media orqanında yayımlanan yazıda bildirilir ki, İstanbulda gediş haqqı 1 manat 81 qəpikdir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi saytında yayımlanan məlumatlardan aydın olur ki, indi İstanbulda bir gediş üçün tətbiq edilən ən baha qiymət 9.90 lirədir. Bu isə, hazırki məzənnə ilə 1 manat 81 qəpik deyil, 90 qəpik deməkdir. Digər tərəfdən, hökumətin belə müqayisələrdə gözdən qaçırdığı daha bir məqam var. Bir çox ölkədən fərqli olaraq Azərbaycanın ictimai nəqliyyatında differensial qiymətlərdən istifadə edilmir. Axı elə ölkələrin təcrübəsində tələbələr, təqaüdçülər və digər sosial qruplar üçün daha aşağı tariflər tətbiq edilir.

Məsələn, sözügedən yazıda adı çəkilən İstanbulda ictimai nəqliyyatda tarif siyasətinə baxılsa, bu meqapolisdə tələbələr üçün ictimai nəqliyyatda gediş haqqının cəmi 4.83 lirə, yəni 43 qəpik olduğu bilinər. Bu da adi tariflərdən iki dəfədən çox ucuz qiymət deməkdir. Tələbələrlə yanaşı, müəllimlər və əhalinin aztəminatlı bölümünə verilən sosial kartlı vətəndaşlar da ictimai nəqliyyatdan güzəştlə yararlanır və bir gedişə 7 lirə 9 quruş, yəni, 64 qəpik ödəyirlər. İstanbulda bəzi kateqoriyalı şəxslərsə, ümumiyyətlə, ictimai nəqliyyatda gediş haqqı ödəmirlər. Məsələn, 65 yaşdan yuxarı təqaüdçülər, qazilər, şəhid ailələri bu kateqoriyaya daxildir. Unutmaq olmaz ki, Azərbaycanda da tələbələr, təqaüdçülər, qazilər və şəhid ailələri sosial həssas əhali qrupu sayılırlar. Bu baxımdan, hökumət ictimai nəqliyyat qiymətlərini Türkiyə ilə müqayisə edərkən sadalanan mexanizmləri də yada salmalıdır.

Daha bir bilgi: İstanbulun ictimai nəqliyyat sistemində Azərbaycandan fərqli olaraq aylıq abunə sistemi də var. Aylıq kart sahibləri ictimai nəqliyyatdan daha sərfəli qiymətə istifadə edə bilirlər. Heç bir güzəşt kateqoriyasına daxil olmayan vətəndaşlar üçün İstanbulda bu kartların qiyməti 777 lirədir, yəni 70 manat. Bu o deməkdir ki, İstanbulda yaşayan şəxs 70 manat ödəyərək ay ərzində ictimai nəqliyyatdan rahatca yararlana bilər. Onu da unutmaq olmaz ki, İstanbulda ictimai nəqliyyatın əhatə dairəsi Bakıya nisbətən daha çoxdur. Tələbələr üçün aylıq kartın qiyməti isə daha ucuz - cəmi 140 lirədir (13 manat). Azərbaycanlı tələbələr 13 manatla, olsa-olsa, 32 dəfə metro və ya avtobusa minə bilər. Həmin məbləğ hər gün, ən azı, iki dəfə ictimai nəqliyyatdan yararlanan tələbənin yarımaylıq xərcinə çata, ya çatmaya.

XS
SM
MD
LG