Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:36

‘Zombi’nin baş hərfi müharibənin simvoluna çevriləndə…


Vladimir Sorokin
Vladimir Sorokin

Vladimir Sorokin son 50 ilin ən tanınmış rusiyalı müəlliflərindən biridir. Bu postmodernist yazarın əsərləri onlarla dilə tərcümə olunub. 67-yaşlı yazıçı illərlə vaxtını Almaniya və Moskva arasında bölüb. Ancaq 2022-ci ilin fevralında Kremlin Ukraynaya genişmiqyaslı hücuma başlayandan bəri Rusiya sərhədlərindən kənarda qalıb.

Sorokin 1990-cı illərdə sovet totalitarizminin gətirdiyi travmaları çox aydın təsvir etməsi ilə tanınıb. Şair Yelena Fanailova onun haqqında belə deyib: "O, yeraltı suları eşidir”.

Sorokin 2002-ci ildə Rusiya Prezidenti Vladimir Putin sisteminin ilk hədəflərindən biri olub. Putinpərəst millətçi “İduşiye vmeste” (“Birlikdə gedənlər”) hərəkatının fəalları onun kitablarını pornoqrafiya kimi qələmə verərək yandırıblar.

“Qərb sivilizasiyasının qatı düşməni”

Onun 2006-cı ildə yazdığı “Den opriçnika” (“Opriçnikin günü”) romanı 2027-ci ilin Rusiyasını təsvir edən antiutopiyadır. Romanda Rusiya dünyadan “Böyük Rusiya divarı” ilə təcrid olunmuş orta əsr diktaturası kimi təsvir edilib.

Kremlin Ukrayna üzərinə hücuma başlamasından üç gün sonra Sorokin Putinə qarşı sərt ittiham yazısı dərc etdirib. O, Putini “Qərb sivilizasiyasının qatı düşməni” adlandırıb. O yazıb ki, Putin Qərbə nifrəti “KGB-nin ona verdiyi qara südü içərək” alıb.

Yazıçı AzadlıqRadiosuna müsahibəsində müharibə və onun Rusiya cəmiyyəti və mədəniyyətinə təsirlərindən danışıb.

Sorokin öz müsahibələrində Putinin sistemini İvan Qroznı (16-cı əsr rus çarı) ənənəsində “arxaik” sistem adlandırır. O indi də öz fikrində qalır. Onun sözlərinə görə, Rusiyadakı hazırkı dövlət maşını XVI əsrdə yaradılmış modellər əsasında çalışır. “Hazırkı “güc vertikalı” İvan Qroznının qurduğu güc piramidasından ciddi seçilmir”, – o deyir.

Cəsəd ayağa qalxdı...

Sorokin öncəki müsahibələrində sovet dünyasının 1990-cı illərdə dəfn edilmədiyini, bütün bu illər ərzində bir küncdə çürüməkdə olduğunu deyib. İndi isə bu cəsəd xortlayaraq insanları öldürməyə başlayıb.

“Zombilər kimi o da dirilib, ancaq insan kimi yox. Yeltsin dövründə o bir küncə atılmış, üstü taxta kəpəyilə örtülmüşdü. Onlar ümid edirdilər ki, o, özü-özünə çürüyəcək. Ancaq yox, məlum oldu ki, sağ imiş. Bu dünyadan olmayan, cəhənnəmsayağı mənada. İmperiya incikliyinin daşıyıcıları onu həm televiziyada, həm də real həyatda geri qaytardılar. İnsanlar onu elektrodlara bağladılar … və cəsəd …ayağa qalxdı. İndi o, xarici şəhərləri dağıdır və dünyanı nüvə silahları ilə təhdid edir. Bu xəstə müharibənin rəmzinin zombinin baş hərfi olan Z olması təsadüf ola bilməz.

Nəticə etibarilə biz İvan Qroznının bu güc piramidasını o vaxt, 1990-cı illərdə dəfn edə bilməmişik. O sadəcə, cildini dəyişərək ayaqda qalıb. Ancaq XVI əsrdə olduğu kimi mövcud total hakimiyyətin başında bir hakim durur. Ondan aşağıda isə opriçniklər (opriçnik İvan Qroznının yaratdığı qoruyuculardan ibarət siyasi güc idi) və saysız-hesabsız sadiq nökərlərdir”, – o deyir.

“Bizim Vatslav Havelimiz yox idi”

“Beş əsrin ətalətinin həddindən artıq güclü olduğunu anlayan …yetərincə rusiyalı var. Deməli, 1990-cı illərdə az sayda demokrat bu maşını dayandıra bilməyib. Bəlkə də ona görə ki, onların arasında çox sayda keçmiş kommunist var idi. Bu 1940-cı illərin sonlarının Almaniyası, yaxud 1990-cı illərin Çexoslovakiyası kimi deyildi. Təəssüf ki, bizim Vatslav Havelimiz yox idi. Almaniya tam məğlubiyyətlə üzləşdi və hər şeyi qaliblər həll etdilər. Onlar nasizmin cəsədinə qəbir qazdılar, antifaşistlərsə cəsədi o qəbrə atdılar.


1990-cı illərdə keçmiş sovet blokunun əksər ölkələri totalitarizmi dəfn edə bildi. Ancaq Sovet İttifaqı özünün dayanıqsızlığından dağıldı. Mən iqtisadi, yaxud siyasi məsələlərdən danışmıram, həyati zərurətlərdən danışıram. Yadımdadır ki, hələ 1979-cu ildə “Smena” jurnalında işləyəndə [Moskva ətrafında] Sergiyev Posadda yaşayan və işə elektrik qatarı ilə gələn iş yoldaşım var idi. O mənə danışırdı ki, bir şənbə səhəri balaca oğlu yuxudan durub və deyib “Ata, mən hisə verilmiş kolbasa istəyirəm”. O da nə edə bilərdi, hisə verilmiş kolbasa üçün qatara minib Moskvaya gedib.

Bu 1979-cu il idi. Özü də hələ Moskva ətrafı. Bu 1949-cu, yaxud 1929-cu il deyildi. İnsanlar hələ də qadın ayaqqabısı, yaxud hisə verilmiş kolbasa almaq üçün əyalətlərdən Moskvaya gəlirdilər. Bu cür sistem dayanıqlı deyil. Xüsusən də öz əhalisinin bəsit ehtiyaclarını ödəyə bilməyə-bilməyə kosmik raketlər buraxırsa. Məhz bunda görə də dağıldı. MKİ-nin (ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin) hansısa maxinasiyalarına görə yox. Müharibədə uduzduğuna görə yox. Buna görə də yenidən dirildi. Bizim yerimizə heç kim sovet kommunizminə qəbir qazmamışdı”, – yazar bildirir.

Ukraynaya Krımı vura bilən yeni silah verilə bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Travmalı cəmiyyət

“1960-cı illərdə uşaq idim. …Kifayət qədər rifah dolu illər idi. Kütləvi repressiyalar yox idi. İnsanlar bir gecə kiminsə gəlib qapılarını döyüb onları aparacağı qorxusu ilə yaşamırdılar. Ancaq hər kəsin içində qorxu və zorakılığın bir parçası yaşayırdı. O vaxtaşırı özünü göstərirdi – məişətdə, qatarlarda, dükanlarda. Axı sovet layihəsinin mahiyyəti nə idi? …Bu, bütövlükdə insan irqinə qarşı cinayət idi. Hər bir fərdi sovurub aparan bir şey idi. Sovet adamı zorla bütün seçimlərdən məhrum edilmişdi.

Daxili azadlıq, əslində, seçim azadlığıdır. Yəni, homo sapiensin əsas keyfiyyəti. İnsan yaşayıb-yaşamamaq arasında seçim edə bilər. Heyvanlar bunu edə bilməz. Ancaq sovet adamı heç hansı siqareti çəkəcəyini belə seçə bilmirdi. …Dövlət fərdi əzirdi, o da bunun heyfini ailə üzvlərindən, qonşularından çıxırdı… Bizim dərin travma almış cəmiyyətimiz var. İndi də bu travma müharibə şəklini alıb”, – Sorokin deyir.

XS
SM
MD
LG