Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Son 10 ildə Azərbaycanda müəllimlərin gəliri necə dəyişib?


Qəpik-quruşa işləyən məktəb psixoloqlarından keyfiyyətli iş tələb etmək olarmı?
Gözlə

No media source currently available

0:00 0:07:42 0:00

Qəpik-quruşa işləyən məktəb psixoloqlarından keyfiyyətli iş tələb etmək olarmı?

Azərbaycanda 1 milyon 700 min nəfər muzdla çalışan, başqa deyimlə əmək müqaviləsinə görə aylıq maaş alan işçi var. Belə işçilər arasında say çoxluğu təhsil sektoru əməkdaşlarına məxsusdur. Muzdla çalışanların təxminən beş nəfərindən biri bu sektorda fəaliyyət göstərir. Azərbaycanda özəlliklə qadınların məşğulluğu baxımından təhsil sektorunun böyük önəmi var. Maaş alan qadınların 36 faizi – təxminən hər üç qadından biri təhsil sektorunda çalışır.

Say olaraq ölkədə muzdla çalışanların ən böyük hissəsi təhsil sektorunda çalışsa da, əməkhaqqı baxımından bu üstünlük gözə çarpmır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin əvvəlində Azərbaycanın təhsil sektorunda orta aylıq əməkhaqqı cəmi 526 manat olub.

Cədvəl: 2012 və 2022-ci ildə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı

İqtisadi fəaliyyət növləri

2012

2022

Artım

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

164

568

247%

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

228

660

189%

Mədənçıxarma sənayesi

1180

3088

162%

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

211

536

154%

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

403

985

145%

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

232

550

137%

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

196

457

133%

Digər sahələrdə xidmətlərin göstərilməsi

332

759

129%

Nəqliyyat və anbar təsərrüfatı

447

953

113%

Peşə, elmi və texniki fəaliyyət

600

1209

101%

İnformasiya və rabitə

577

1155

100%

Emal sənayesi

354

685

93%

Maliyyə və sığorta fəaliyyəti

1004

1938

93%

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

413

770

86%

Təhsil

283

526

86%

Tikinti

519

888

71%

Ticarət; nəqliyyat vasitələrinin təmiri

335

537

60%

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

385

585

52%

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

535

432

-19%

İqtisadiyyat üzrə - cəmi

364

732

101%

Cədvəldən göründüyü kimi, 19 iqtisadi fəaliyyət növü arasında təhsil sektoru orta aylıq əməkhaqqına görə 17-cidir. Başqa sözlə, təhsil sektorundakı orta aylıq əməkhaqqı cəmi iki sektordan çoxdur, digər 16 istiqamətdənsə geri qalır. Hökumət rəsmiləri tez-tez təhsil sektorunda əməkhaqqı artımlarının digər sektorlarla müqayisədə yüksək olması ilə bağlı açıqlamalar verir. Di gəl, rəsmi rəqəmlər bu iddianın doğru olmadığını göstərir. Axı son 10 il ərzində təhsil sektorunda orta aylıq əməkhaqqı cəmi 86 faiz artıb. Bu göstərici ilə təhsil sektoru 19 iqtisadi fəaliyyət növü üzrə ən çox əməkhaqqı artımı qeydə alınan 15-ci fəaliyyət növüdür. Deməli, iqtisadi fəaliyyət növlərinin çoxunda əməkhaqqı artımı təhsil sektoruna nisbətdə daha yüksək olub. Hazırda təhsil sektorundakı orta aylıq əməkhaqqı ölkədəki minimum əməkhaqqını cəmi 1.7 dəfə qabaqlayır.

Müəllim maaşları niyə aşağıdır?

Təhsil Nazirliyi müəllimlərin maaşının az olmasını dərs saatları ilə əlaqələndirir. Nazirliyin bildirdiyinə görə, Azərbaycanda indi 140 min müəllim var. Onların 11 mini həm də məktəb direktoru və ya direktor müavini kimi inzibati vəzifələrdə çalışır. Yerdə qalan 129 min müəllimdən 4 min 439 nəfərinin - bütün müəllimlərin təxminən 4 faizinin həftəlik dərs yükü 6 saatdan azdır. Dərs saatlarının bu qədər az olması, təbii ki, həmin müəllimlərin maaşının da cüzi olmasına gətirib çıxarır. Nazirliyin açıqlamasına görə, həftəlik dərs yükü 6 saatadək olan 4 mindən çox müəllimin orta aylıq maaşı cəmi 150 manatdır.

Həftəlik dərs yükü 6-12 saat arası dəyişən müəllimlərin də sayı yetərincə çoxdur. Təhsil Nazirliyinin açıqlamasına görə, ölkədəki müəllimlərin 14 faizinin - 18 min 530 müəllimin dərs yükü 6-12 saat arasında dəyişir. Bu qrupa daxil müəllimlərin vergilər çıxılmadan əldə etdikləri orta əməkhaqqı, az qala, minimum maaş səviyyəsində - 310 manatdır.

31 min 116 müəllimin - bütün müəllimlərin təxminən 24 faizinin həftəlik dərs yükü 12-18 saat arasında dəyişir. Bu qrupa daxil olan orta məktəb müəllimlərinin orta aylıq maaşı 535 manatdır. Müəllimlər arasında dərs yükü baxımından ən böyük qrup həftədə 18-24 saat dərsi olanlardır. Sonuncu dərs ilində 40 min 209 müəllimin həftəlik dərs yükü məhz bu aralıqdadır. Bu, məktəblərdəki bütün müəllimlərin 31 faizi deməkdir. Həmin qrupdakı müəllimlərin orta aylıq maaşı 755 manatdır.

Ən çox dərs yükünə - həftədə 24 saatdan çox dərs yükünə malik müəllimlərin sayı isə 34 min 382 nəfərdir. Belə müəllimlər ölkədəki bütün müəllimlərin 27 faizidir. Deməli, Azərbaycanda təxminən hər dörd müəllimdən cəmi birinin həftəlik dərs yükü 24 saatdan çoxdur. Bu qrupa daxil müəllimlərin orta aylıq maaşı 1 min 100 manatdır.

Azərbaycan müəllimləri MDB məkanında ən az maaş alanlar arasındadır

Cədvəl: Keçmiş sovet respublikalarında təhsil sektorunda orta aylıq əməkhaqqı

Ölkə

Təhsil sektorunda orta aylıq əməkhaqqı

Estoniya

2380 manat

Litva

2380 manat

Latviya

1430 manat

Rusiya

1194 manat

Belarus

684 manat

Moldova

656 manat

Gürcüstan

630 manat

Ukrayna

616 manat

Ermənistan

538 manat

Azərbaycan

526 manat

Özbəkistan

348 manat

Qırğızıstan

295 manat

Cədvəldən göründüyü kimi, Azərbaycanda təhsil sektorunda qeydə alınan orta aylıq əməkhaqqı məbləği keçmiş sovet ölkələri arasında da ən sonlardadır. Estoniya və Litva kimi ölkələrdə fəaliyyət göstərən təhsil işçilərinin orta maaşı azərbaycanlı həmkarları ilə müqayisədə, az qala, beş dəfə yüksəkdir. Rusiyalı müəllimlərsə Azərbaycana nisbətən iki dəfə çox gəlir əldə edir. Güney Qafqaz ölkələrində - Gürcüstan və Ermənistanda da təhsil sektorunda qeydə alınan orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə daha yüksəkdir.

XS
SM
MD
LG