Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:29

Azərbaycanla bağlı adı hallanan 'Danske Bank' təqsirini etiraf etdi


Danske Bankın Tallinn filialı
Danske Bankın Tallinn filialı

Birləşmiş Ştatların Baş Prokurorluğu bildirir ki, Danimarkanın ən böyük bankı - Danske Bank şübhəli və ya cinayət yolu ilə alınmış milyardlarla dollar vəsaiti ABŞ maliyyə sistemindən keçirməsini etiraf edib.

Bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi və ABŞ prokurorluğu verir.

Sözü gedən təhqiqat zamanı 2008-2016-cı illər arasında bankın Estoniya filialında həyata keçirilmiş bank əməliyyatları araşdırılıb.

Məlum olub ki, “Danske Bank Estonia” bankının ABŞ-da qeyri-məskun olan müştərilərə xidmət bölümü bu müddət ərzində ABŞ banklarından 160 milyard dollar keçirib.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP və The Guardian qəzetinin məlumatına görə Estoniya filialından çirkli pulların yuyulması üçün Rusiya prezidentinin əmisi oğlu İqor Putin də istifadə edib.

2 milyard dollar cərimə

ABŞ prokuroru Damian Uilyams bu barədə deyib:

"Uzun illər ərzində Danske Bank şübhəli və cinayət mənşəli pulların ABŞ-ın maliyyə sistemindən keçirilməsi məqsədilə ABŞ banklarını aldadıb və onlara yanlış məlumatlar verib. Eyni zamanda Danimarkanın ən böyük bankı olan Danske Bank yaxşı bələd olduğu ABŞ qanunlarını görməməzliyə vurub və cinayət yolu və ya şübhəli yollarla əldə edilmiş gəlirləri Birləşmiş Ştatlardan keçirib və ABŞ-ın maliyyə şəbəkəsinə təhlükə yaradıb”.

Bu da qeyd olunur ki, Danske Bank özünü ittihamın bir bəndi üzrə təqsirli bilib. Bu, bank dələduzluğunun həyata keçirilməsinə qəsdə dair ittihamdır.

Bank bu ittihamı qəbul edəndən sonra, indi onun 2 milyard dollar məbləğində cərimə ediləcəyi gözlənilir.

Bank habelə özünün çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair əsasnaməsində dəyişikliklər edəcəyi barədə öhdəlik götürüb.

Qızıl üstündə yaşayan kasıb kəndlilər...
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Qədim bank

Danimarkanın ən böyük bankı olan Danske Bank 1871-ci ildə yaradılıb.

Onun Skandinaviya və Baltik ölkələrində, habelə İrlandiyada 5 milyonadək müştərisi olub.

Bu bank nə Ukrayna, nə Azərbaycan, nə də Gürcüstanda işləməməsinə baxmayaraq məhz bu ölkələrdən olan şirkətlər Qərbə pul köçürmək və xaricdən, o cümlədən ofşor banklardan pul almaq üçün Danske Bankdan istifadə ediblər.

Bu əməliyyatların nəzərəçarpacaq hissəsi məhz Estoniya filialı vasitəsilə həyata keçirilib.

Estoniya filialının xidmətlərindən Rusiya və başqa MDB ölkələri istifadə ediblər.

Bankla bağlı araşdırmanı əvvəlcə onun öz strukturları, daha sonra isə Avropa İttifaqının maliyyə gözətçisi olan qurumlar aparıblar.

Araşdırmanın materiallarına görə 2007-2015-ci illər arasında bankın Estoniya filialı vasitəsilə 234 milyard dollar çirkli pul yuyulub.

Avropaya qaz satan Azərbaycanın odun peçinin ümidinə qalan kəndləri...
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

“Diqqətli əməkdaş”

Bu qanunsuz əməliyyatların miqyası əməkdaşlardan birinin diqqətliliyinə görə açılıb. Həmin əməkdaş bank vasitəsilə ofşor strukturlara təkrar-təkrar pulların köçürülməsinə diqqət yetirib.

2018-ci ilin sentyabrında bu qalmaqalla bağlı Danske Bankın rəhbəri istefa verib.

Daha sonra isə Estoniya polisi çirkli pulların yuyulması işi üzrə bankın 10 keçmiş əməkdaşını saxlayıb.

Bundan əvvəl 2018-ci ilin aprelində Danske Bank Baltik ölkələrindəki yerli şirkətlər üçün hesab açmayacağını bildirmişdi.

Hazırda Danske Bank Baltik ölkələrində yalnız Şimali Avropa şirkətlərinin və beynəlxalq korporasiyaların törəmə şirkətlərinə xidmət göstərir.

Danske Bank 2019-cu ildə onun Estoniya filialı vasitəsilə çirkli pulların yuyulmasına dair şübhələrlə bağlı Rusiyada və Baltik ölkələrində fəaliyyətini tamamilə dayandırıb.

Bunun ardınca Estoniya filialı bütünlüklə ləğv olunub.

Azərbaycan barədə iddialar

Danimarka, Fransa, Britaniya və ABŞ Danske Bank barədə öz müstəqil istintaqlarını aparırlar.

ABŞ-da Danske Bankdan şikayətlə iş adamı Uilyam Brauder müraciət edib. O bildirir ki, Danske Bank Rusiyadan böyük pulların çıxarılmasında əsas kanallardan biri olub.

Bunun üstünü açan hüquqşünas Sergey Maqnitski Rusiya həbsxanasında vəfat edib.

Bir neçə il bundan əvvəl aparılmış beynəlxalq jurnalist təhqiqatlarının materiallarında deyilirdi ki, Danske Bankda açılmış hesablar Azərbaycandan və ofşor şirkətlərdən milyardlarla dolların Estoniya filialı vasitəsilə sərbəst axınına imkan verirdi.

Estoniya filialı vasitəsilə sözü gedən vəsaitlər başqa ofşor şirkətlərə, Azərbaycan rejimini tərifləyən yüksək vəzifəli rəsmilərə və Avropa siyasətçilərinə ötürülürdü.

Belə siyasətçilərdən biri kimi Avropa Parlamentinin italiyalı millət vəkili Luka Volontenin adı hallandırılırdı.

İtaliya prokurorluğu ona qarşı cinayət işi qaldırmışdı.

Azərbaycan hakimiyyəti ölkədən böyük məbləğdə vəsaitin çıxarılaraq xaricdə lobbiçiliyə xərclənməsi iddialarını təkzib edib, deyilənləri ölkəni istəməyən xarici "qara qüvvələrin şantaj kampaniyası" adlandırıb.

XS
SM
MD
LG