Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

Çin Rusiyaya prosessorların satışını qadağan edir


Çin hökuməti Rusiyaya özünün LoongArch əsaslı Loongson kompüter prosessorlarının təchizatını qadağan edib.

Bu prosessorlar nisbətən müasir texnologiyalar əsasında yaradılıb və Rusiyanın bir çox elektronika istehsalçıları hesab edirlər ki, bu texnologiyalar paralel idxal kanallarının bağlandığı təqdirdə Intel və AMD-ni əvəz edə bilər.

Çin hökumətinin bu qərarını texnologiyanın strateji mühüm olması və Çinin hərbi sənaye kompleksində ondan istifadə edilməsi ilə izah edirlər.

Kommersant qəzeti Rusiya hökumətinə yaxın mənbələrə istinadən yazır ki, hazırda bu çiplərin rəsmi kanallarla alınması qeyri-mümkündür.

Ukraynada müharibə başlanandan bəri dünyanın aparıcı çip istehsalçıları Rusiyaya təchizatı dayandırıblar.

Rusiya müasir elektronikanı istehsal edə bilmir.

Loongson korporasiyası 2002-ci ildə Çin Elmlər Akademiyası tərəfindən ABŞ-ın Intel və AMD prosessorlarına alternativ prosessorlarının istehsalı üçün yaradılıb.

2021-ci ilin yazında korporasiya bu istehsal üçün özünün Loongson Instruction Set Architecture (LoongArch) arxitekturasını təqdim edib.

Bu sistem Intel (X86) və AMD (ARM) arxitekturaları üçün yazılmış proqramlarla uyarlıdır.

Çinin hərbi texnologiyalarını yavaşıtmaq

Bu arada Reuters xəbər verir ki, ABŞ və Çin arasında texnologiyalara görə mübahisə bu həftə özünün kulminasiya nöqtəsinə çatıb.

Xəbər verilir ki, Vaşinqton Çinə yarımkeçirici istehsalı avadanlığının satışına məhdudiyyətlər qoyulmasına dair Yaponiya və Niderlandla danışıqlar aparır.

Çin dekabrın 12-də Dünya Ticarət Təşkilatına ABŞ-ın çip ixracına məhdudiyyət qoyulmasına dair tədbirlərindən şikayət edib.

Bu da xəbər verilir ki, Çin özünün çip istehsalı sənayesinin inkişafına 1 trilyon yuan (143 milyard dollar) yatırmağı planlaşdırır.

Bayden administrasiyası dünyanın hər hansı bir yerində ABŞ avadanlığından istifadə ilə istehsal olunmuş yarımkeçirici çiplərə Çinin çıxışını məhdudlaşdırmaq istəyir.

Ekspertlər deyirlər ki, bundan məqsəd Pekinin hərbi-texnoloji inkişafını yavaşıtmaqdır.

Çin ən böyük bazar olsa da...

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) deyib ki, Vaşinqton Çinlə bağlı eyni tədbirləri tətbiq etmələri üçün Yaponiya və Niderlandla danışıqlar aparır.

Bloomberg News xəbər verir ki, Yaponiya və Niderland bu məsələdə ABŞ-la prinsipcə razılaşıblar.

Niderland özünün ASML şirkətinin Çinə ən müasir avadanlıq satmasını 2019-cu ildən qadağan edib. Lakin Vaşinqtonun təklifi məhdudlaşdırma tədbirinin daha da sərtləşdirilməsini nəzərdə tutur.

Yaponiyanın Tokyo Electron şirkəti də Reuters agentliyinin sorğusuna cavab verməyib.

Çin bu şirkətin ən böyük bazarıdır. Şirkət ötən il Çin bazarında 14 milyard dollarlıq texnologiyalar satıb. Bu, şirkətin satışdan bütün gəlirlərinin 26 faizini təşkil edib.

Yaponiyanın çiplərin sınağı üçün avadanlıq istehsal edən Advantest Corp şirkəti üçün də Çin, Tayvandan sonra ikinci böyük bazardır.

XS
SM
MD
LG