Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Tarixçi: Krımı geri almaq Ukraynanın marağına ziddir


Dominik Liven
Dominik Liven

Tarixçi Dominik Liven (Dominic Lieven) London İqtisadiyyat Məktəbinin Beynəlxalq Tarix kafedrasının qonaq professorudur. Britaniya Akademiyasının təqaüdçüsü olan Liven Rusiya tarixi, imperiya, Napoleon dövrü və I Dünya müharibəsi haqda yazır. Onun 2022-ci ildə çıxan sonuncu kitabı “In The Shadow Of The Gods: The Emperor In World History” (“Tanrıların kölgəsində: Dünya tarixində imperator”) adlanır.

2014-cü ildə Rusiyanın “Dostluq Ordeni”nə layiq görülən Liven Azadlıq Radiosunun gürcü xidmətinə müsahibəsində Ukraynadakı müharibə, Rusiyanın narazılığı və münaqişənin necə sona çatacağı haqda fikirlərini bölüşüb.

Bərpa

1990-cı illərdə Liven SSRİ-nin dağılmasını belə təsvir etmişdi: "Rusiya supergücdən dilənçiliyə salındı”. Ancaq indi 90-cı illər deyil. Tarixçi bu fikirlə razılaşır:

“Əlbəttə, 1990-cı illərdən bəri qismən bərpa baş verib. Resursların çoxunu silahlı qüvvələrin yenidən qurulmasına yönləndirməyə çalışıblar. Bərpanın bir hissəsi olaraq, Putin təqaüdləri ödəyərək əhalinin çox hissəsini 1990-cı illərin iqtisadi fəlakətindən qurtardı.

Ancaq əslində, indi gördüyümüz kimi, silahlı qüvvələr… problemlərin içərisində ilişib qalıb. Müəyyən mənada Putində Rusiyanın gücünü gerçəkdə olduğundan daha çox bərpa etməsi ilə bağlı arxayınlıq yaranıb. Müharibənin necə bitəcəyindən asılı olmayaraq bu, aydın görünür. [Müharibə] Rusiyanın xarici hərbi bərpasının nə qədər zəif olduğunu üzə çıxardı. Məncə, bu şübhəsizdir”.

Zəifləmiş imperiya

Ancaq Liven hesab edir ki, Rusiya tammiqyaslı imperiya hesab ediləcək qədər gücə malik deyil: “O ən yaxşı halda zəifləmiş imperiyadır… Rıçaq kimi istifadə etsələr də, demək olar ki, istifadə olunmayacaq hala gələn nüvə gücləri istisna olmaqla, Rusiyanın sərt gücünün zəif və boş olduğu üzə çıxdı. …Rusiya mədəni irsindən qalan yumşaq gücün və dünyanın çox hissəsində bəslənən hörmətinsə çox hissəsini qurban verdi. Həmçinin məndə belə bir şübhə var ki, keçmiş Sovet İttifaqının bəzi …ərazilərində, ilk növbədə Qazaxıstanda Rusiya haqda olan-qalan müsbət fikir də əldən çıxıb. Çünki əgər Rusiya indi sərhədləri sorğulayacaqsa, bu təkcə ukraynalılar olmayacaq, digər keçmiş SSRİ xalqları da olacaq. Onların narahat və qəzəbli olmaq üçün bütün səbəbləri var”.

Bəzən Rusiyanı “Avropanın sonuncu müstəmləkəçi dövləti” adlandırırlar. Liven deyir ki, müəyyən mənada SSRİ-ni də imperiya adlandırmaq olardı.

“Böyük idi, güclü idi və həqiqətən çoxmillətli idi. İmperiyanı xarakterizə etmək üçün bu üç əsas elementi önə çəkirəm. Təbii ki, o, xeyli dərəcədə sui generis (öz sinfində tək) idi. Ancaq buna baxmayaraq, o mənə Avropa imperiyalarının sonuncusu kimi görünür. O, bütün digər imperiyaların süqutundan on illər sonra çökdü. …Biz bu çöküşün nəticələri ilə yaşayırıq. Bu nəticələrdən biri imperiya və onun gətirdiyi status və güc nostalgiyasıdır…. “Müstəmləkəçi” sözünü işlətməməyə çalışıram. Çünki günümüzdə postkolonializm ətrafında sonu olmayan söz güləşdirmə bu sözü qeyri-müəyyən hala salıb”, – o deyir.

Legitim narahatlıq

Liven bir dəfə yazmışdı ki, əgər Avropada nə vaxtsa davamlı sülh və təhlükəsizliyə nail olunsa, biz geniş Rusiya elitasının təhlükəsizliklə bağlı legitim narahatlıqlarını da anlamalıyıq.

“Əsas məqam odur ki, istənilən dövlətin, istənilən qrupun legitim təhlükəsizlik maraqları var. Rusiyalılar, xüsusən də Rusiya elitası ilə bağlı çətinlik ondan ibarətdir ki, onlarda Rusiyanın böyük güc olması, Rusiyanın daha çox gücə malik olmaq üçün legitim maraqları konsepti var…. Rusiyalıların bu anlayışı əslində 1914-cü ildəkindən öncəki dünyadakı böyük güc anlayışı ilə bağlıdır. Burada … ənənəyə görə və müəyyən mənada hətta beynəlxalq münasibətlərin qaydalarına görə də böyük güclərin adi ölkələrdə olmayan spesifik hüquq və üstünlükləri var idi.

Beynəlxalq münasibətlərdə güc həmişə faktor olacaq…. Ancaq müəyyən məhdudlaşdırmalar olmalıdır. Təbii ki, Qərb qüvvələrinin və digərlərinin anlayışına görə öz sərhədlərini, müstəqilliyini, öz müqəddəratını təyinetmə haqqını qorumaq hüququna malik olan təkcə böyük güclər deyil. Son nəticədə bu BMT üzvü olan bütün milli dövlətlərə aiddir. Ona görə də rusların bütün qonşu ərazilərə nəzarət etmək hüququna malik olmaları iddiası çox şübhəli və təhlükəli iddiadır. Özü də …Ukraynayla bu münaqişənin özəyində duran iddiadır.

Hətta 1991-ci ildə SSRİ-nin dağılmasından bəri… Rusiyanın bütün hökumətlərinin, fərqli dərəcələrdə, qonşu ərazilərə, o cümlədən çox böyük ölkə olan Ukraynaya dominant təsir göstərmək haqqına sahib olmaqla bağlı gözləntisi olub. Ancaq bu o demək deyil ki, hər şey mütləq bu yerə gəlib çıxmalı idi. Hərçənd belə olacağı təhlükəsi həmişə olub”, – tarixçi deyir.

Putin olmasaydı...

Liven öz məqalələrində yazıb ki, Hitler olsa da, olmasa da Almaniya güman ki, zamanla Mərkəzi və Şərqi Avropada I Dünya müharibəsindən sonra qoyulmuş qaydalara meydan oxuyacaqdı. Bəs görəsən, Putin olmasaydı, Rusiya gec-tez Avropa təhlükəsizliyinin strukturuna meydan oxuyacaqdımı? Ukraynaya hücum edəcəkdimi?

Liven Rusiya demokratiyasının, xüsusən də Rusiya “qeyri-liberal demokratiyasının” ərazi məsələlərini Putindən az sorğulamayacağını ehtimal edir.

O həmçinin düşünür ki, Ukrayna Krımı geri ala biləcəyi təqdirdə belə bu heç vaxt bitməyən münaqişə mənbəyinə çevriləcək. Onun şərq sərhədində daim təhlükəli və ona düşmən münasibəti bəsləyən bir Rusiya olacaq. Tarixçi hesab edir ki, Krımı geri almaq Ukraynanın marağına ziddir və Ukrayna Krım və Donbas olmadan da güclü demokratik dövlət qura bilər.

XS
SM
MD
LG