Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:35

BMT İnsan Haqları Şurası İranla bağlı təcili iclas keçirir


BMT-nin insan haqları komissarı Volker Turk
BMT-nin insan haqları komissarı Volker Turk

BMT-nin yeni insan haqları komissarı Volker Turk Tehranı etirazçılara qarşı zorakılıqların dayandırılmasına çağırıb

BMT İnsan Haqları Şurası İranla bağlı təcili iclas keçirir. AFP agentliyi yazır ki, bu iclasdan məqsəd İranda etirazçılara divan tutulmasına görə cavabdehlərin gələcək mühakiməsinə hazırlıqdır.

BMT-nin yeni insan haqları komissarı Volker Turk Tehranı etirazçılara qarşı zorakılıqların dayandırılmasına çağırıb:

“Mən İran hakimiyyətini dinc etirazçılara qarşı zorakıllıq və təqiblərə son qoyulmasına çağırıram. Bu ölkədə zordan lüzumsuz və aşırı istifadə olunmasına son qoyulmalıdır”.

BMT-nin 47 üzv ölkədən ibarət şurasına müraciət edən Turk İranı “insan haqları böhranı” adlandırıb.

Almaniya və İslandiyanın təşəbbüsü

Bu iclasın keçirilməsinin təşəbbüskarı Almaniya və İslandiya, habelə təşəbbüsü dəstəkləyən daha 50 ölkədir.

AFP bildirir ki, İran hökuməti iki aydır davam edən etirazları yatırmaq üçün getdikcə daha qəddar üsullara əl atır.

Gənc qadın Məhsa Əmininin polisdə ölümünə etirazla başlanan kütləvi aksiyalarda indiyədək 300-dən çox insanın həyatını itirdiyi bildirilir.

Norveçdə mənzillənmiş İran İnsan Haqları qrupu bu rəqəmin 400-ə çatdığını bildirib. Bu da qeyd olunur ki, etirazlar zamanı öldürülənlərin 50-dən çoxu uşaqlardır.

Turk deyib ki, İran təhlükəsizlik qüvvələri etirazçılara qarşı döyüş güllələrindən, qırma güllələrdən, gözyaşardıcı qazlardan və dəyənəklərdən istifadə edir.

Beynəlxalq təhqiqat

BMT bildirir ki, İranda etirazlar başlanandan bəri çox sayda qadın və uşaqlar da daxil minlərlə şəxs saxlanıb və indiyədək 6 nəfərə edam cəzası kəsilib.

Noyabrın 24-də keçirilən debatlar zamanı diplomatlar İranda insan haqlarının pozulmasının araşdırılması üçün beynəlxalq təhqiqatın başlanmasına çağırıblar.

Almaniya və İslandiya tərəfindən təklif olunmuş qətnamə layihəsində habelə bu zorakılıqların xüsusilə də qadınlara qarşı törədildiyi vurğulanır.

Qətnamədə İranda baş verən insan haqları pozuntularına dair faktların toplanmasına və təhlil edilməsinə çağırış edilir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, “İran nümayişçilərinin Cenevrədəki BMT İnsan Haqları Şurasında oturmaq imkanı yoxdur” və buna görə də şura onların əvəzinə öz etiraz səsini ucaltmalıdır.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

İran qətnaməyə müqavimət göstərir

Bu arada İran BMT şurasında Tehrana qarşı qətnamə qəbul olunmasının qarşısını hər bir vəchlə almağa çalışır.

İran XİN-in noyabrın 23-də yaydığı tvitdə deyilir:

“Müstəmləkəçilik və başqa xalqların hüquqlarının pozulmasının uzun bir tarixinə malik ABŞ və Avropa insan haqlarının vəkili qismində çıxış edə bilməzlər”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Berbokun çağırışlarına cavab olaraq bildirib ki, Tehranın Almaniyanın “təxribatçı, müdaxiləçi və qeyri-diplomatik” hərəkətlərinə cavabı “qətiyyətli və sərt” olacaq.

Hazırda BMT İnsan Haqları Şurasının 47 üzv ölkəsinin üçdə biri Almaniya və İslandiyanın təşəbbüsünü dəstəkləyir.

Qərb diplomatları bu qətnamənin çətin də olsa, qəbul ediləcəyinə inanırlar.

“Democracy for the Arab World Now” təşkilatından Omid Memarian da AFP-yə deyib ki, qətnamənin qəbul ediləcəyinə inamı var.

Onun sözlərinə görə qətnamənin qəbulu etirazçılara “böyük ruh yüksəkliyi” verər, İranda insan haqları pozucularına isə sərt xəbərdarlıq olardı.

XS
SM
MD
LG