Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:57

Kosaçov: Azərbaycan-Ermənistan münaqişəsi KTMT-nin işi deyil


Konstantin Kosaçov
Konstantin Kosaçov

“Mənim nəzərimcə Ermənistan və Azərbaycan arasında münaqişə bu təşkilatın kompetensiyasında deyil. KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzv olan hər bir ölkə bu məsələyə münasibətini müstəqil müəyyən edir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutuyun yazır ki, bunu KTMT-nin Yerevanda keçiriləcək iclasının ərəfəsində Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib:

“Rusiyaya gəlincə, məlumdur ki, biz ən səmimi bir şəkildə tənzimləməyə kömək edirik. Həm də bizim səylərimizə eyni dərəcədə bu və digər tərəfin ehtiyacı var. Başqa cür ola da bilməz, vəziyyət yalnız bu axarda inkişaf etdirilə bilər. Bu münaqişədə tərəflərdən hər hansı birinin mövqeyini dəstəkləmək onun dərinləşdirilməsi demək olardı. Sülh tənzimləməsi mövqeyini tutmaq lazımdır ki, bu tənzimləmənin şərtləri bütün tərəflər üçün məqbul olsun”.

Rusiya siyasətçisinin fikrincə, Türkiyə bu münaqişədə yalnız bir tərəfi dəstəkləməklə səhvə yol verib.

Azatutyun yazır ki, iki gün sonra KTMT-nin Yerevanda keçiriləcək iclasında Ermənistanın təşkilata müraciəti müzakirə olunmalıdır.

Ermənistan KTMT-yə üzv olan ölkələrdən ona birgə kömək göstərilməsini istəyir.

Azatutyun xatırladır ki, sentyabrda Azərbaycan-Ermənistan sərhədində qanlı toqquşmalar baş verəndə Yerevan hərbi kömək üçün həm Rusiyaya, həm də Moskvanın başçılıq etdiyi bu bloka müraciət etmişdi.

KTMT-dən köhnə gözləntilər

Yerevan bildirir ki, KTMT onun bu müraciətinə konkret cavab verməyib, əvəzində Ermənistana vəziyyətin qiymətləndirilməsi üçün missiya göndərib.

Ermənistan habelə onun ərazilərinin “Azərbaycan tərəfindən işğalına” siyasi qiymət verilməsini gözləyir. Rəsmi Bakı hər hansı işğal faktının olmasını inkar edir.

Ermənistanda hakim Vətəndaş Müqaviləsi fraksiyasının deputatlarından Vigen Xaçatryan Kosaçovun dediklərini “qeyri-ciddi” adlandırıb.

Millət vəkili deyib ki, çox güman rusiyalı siyasətçi KTMT-nin nizamnaməsi ilə tanış deyil:

“Biz gözləyirik ki, KTMT siyasi qiymət verəcək, yəni Azərbaycan qoşunlarının Ermənistanın işğal olunmuş suveren ərazilərindən çıxarılmasını tələb edəcək. KTMT-nin sonrakı addımları bu siyasi qiymətdən qaynaqlanmalıdır. Təşkilat öz qərarlarını necə yerinə yetirəcəyinə aydınlıq gətirməlidir”.

Ruben Vardanyan: 'Ermənistan bizim əvəzimizə qərar verə bilməz'
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Deputat KTMT-dən “sürpriz” gözləmir

Ermənistan Milli Məclisində müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abraamyan isə deyib ki, KTMT üzvləri ilə Azərbaycan arasında “isti münasibətlər” nəzərə alınarsa, o bu təşkilatın mövqeyində heç bir sürpriz gözləmir:

“Ünvanlı qiymətləndirmə olmayacaq. Mən Belarusun bundan əvvəl “bizdən belə bir şey gözləməyin” mənasında səsləndirdiyi bəyanatı təsadüfi hesab etmirəm. Belarus prezidenti mahiyyətcə KTMT-nin bir çox üzvləri üçün nəyin məqbul olacağını bildirib. Hesab edirəm ki, hazırkı mərhələdə biz situasiyanı Rusiya ilə tənzimləməliyik. Yəni vasitəçilik rolu, hərbi dəstək və ya təchizat məsələlərini. Problemi belə həll etmək onu KTMT çərçivəsində həll etməkdən qat-qat asandır. Hərçənd KTMT-nin nizamnaməsində belə öhdəliklər nəzərdə tutulub”.

Azatutyunun “əgər Ermənistanın müraciəti cavabsız qalarsa, hakimiyyət blokdan çıxmaq məsələsini gündəliyə gətirə bilərmi” sualına Vigen Xaçatryan belə cavab verib:

“Çox vaxt qalmayıb. Cavabı gözləyək, bu barədə düşünərik”.

Rusiya prezidenti Vladimir Putin 44 günlük müharibədən sonra bu həftə ilk dəfə olaraq Yerevana səfər edəcək. Kreml bildirib ki, onun baş nazir Nikol Paşinyanla ayrıca görüşü nəzərdə tutulub.

Bu arada sosial media şəbəkələrinin erməni seqmentində KTMT-nin bu münaqişədəki passiv mövqeyi kəskin tənqid olunur, “KTMT-yə yox!” şüarlı etiraz aksiyalarına çağırışlar edilir.

Cəlal Arutyunyan Azərbaycan ordusunun gücünü düzgün hesablamamaqda ittiham olunur
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Xatırlatma

Bundan əvvəl Azərbaycan prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz.

Prezident Azərbaycanın müzakirələrə hazır olduğunu, ikitərəfli delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşdığını əlavə etmişdi.

Bu il sentyabrın ortlarında Azərbaycan-Ermənistan sərhədində qanlı toqquşmalar baş verib.

Hərbi əməliyyatlar nəticəsində çox sayda əsgərin həlak olduğu xəbər verilmişdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG