Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:21

Rusiya ordusu Xerson şəhərini təslim edəcək


Rusiya işğal adminsitrasiyasının Xersondakı plakatlarından biri
Rusiya işğal adminsitrasiyasının Xersondakı plakatlarından biri

General Sergey Surovikin Rusiya müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunların Dnepr çayının sol sahilinə keçirilməsini təklif edib

Ukraynadakı Rusiya ordu qruplaşmasının komandanı general Sergey Surovikin Rusiya müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunların Dnepr çayının sol sahilinə çəkilməsini təklif edib.

Şoyqu bu təkliflə razılaşıb və Rusiya qoşunlarının Dneprin sol sahilinə çəkilməsinə başlanması üçün əmr verib.

Bu, Rusiya qoşunlarının Xerson vilayətinin mərkəzi Xerson şəhərindən çıxarılması deməkdir.

Bu barədə reportajı Rusiyanın dövlət telekanalları yayıblar.

Surovikin Şoyquya məruzəsində bildirir ki, Dneprin sağ sahilindəki qoşunların təchizatı son dərəcə çətinləşib.

General habelə Dneprin sağ sahilindən çıxarılacaq birləşmələrin başqa cəbhələrə atılmasını təklif edib.

Onun sözlərinə görə Dnepr çayı boyunca cəbhə təşkil olunub və manevrlərə tezliklə başlanacaq.

Təslimə hazırlıq çoxdan gedirdi

Xerson vilayətinin işğal administrasiyası Dnepr çayının sağ sahilindən əhalinin evakuasiyasını oktyabrın 18-də elan etmişdi.

Buna səbəb olaraq Ukrayna ordusunun hücumları göstərilirdi.

İşğal administrasiyası Xerson şəhərinin təslim ediləcəyini açıq bildirməsə də, Rusiya qoşunlarının komandanı Sergey Surovikin demişdi ki, “sadə olmayan qərarların” qəbulu qaçılmaz ola bilər.

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Rusiya işğal administrasiyası Xersondakı rus və sovet abidələrini və hətta knyaz Qriqori Potyomkinin qalıqlarını məzarından çıxararaq Rusiyaya aparıb.

Bununla belə administrasiya Xersonun təslim edilməyəcəyini bildirmişdi.

İşğal administrasiyasının başçı müavini həlak olub

Noyabrın 9-da Surovikinin televiziya ilə çıxışından əvvəl xəbər verilirdi ki, Ukrayna silahlı qüvvələri Xerson şəhərinin şimalındakı Nikolayev vilayətində, Snigiryovka rayonunda hücuma keçib.

Bu da xəbər verilirdi ki, Rusiya qoşunları Dneprin sağ sahilindəki bir neçə körpünü partladıb.

Noyabrın 9-da habelə xəbər verilib ki, Xersondakı Rusiya işğal administrasiyası rəhbərinin müavini Kirill Stremousov yol qəzasında həlak olub.

Rusiya qoşunları Xerson şəhərini martın əvvəllərində işğal etmişdi. Bu, Rusiya qüvvələrinin Ukraynada ələ keçirə bildiyi yeganə böyük şəhər və vilayət mərkəzidir.

Oktyabrın əvvəllərində prezident Vladimir Putin Xersonun ilhaq olunduğunu bəyan etmişdi.

Ukrayna, Qərb və BMT-nin əksər üzvləri bu ilhaqı tanımamışdılar.

“Xoş məram”, “qoşun yerdəyişməsi” və sair...

Buna baxmayaraq Rusiya Xersonu öz vilayəti elan etmişdi. İndi belə çıxır ki, Rusiya öz vilayətinin yarısını Ukraynaya təslim edir.

Xerson vilayətinin sağ sahilindən çıxış Rusiya qoşunlarının müdaxilə başlanandan bəri üçüncü əhəmiyyətli geri çəkilməsidir.

Rusiya ordusu martın axırlarında Kiyev, Çerniqov və Sumı vilayətlərindən çıxmalı olsa da, Kreml bunu “xoş məram” addımı adlandırmışdı.

Sentyabr ayında Ukrayna ordusunun uğurlu hücumundan sonra Rusiya qoşunları Xarkov vilayətinin bir neçə rayonunu da tərk etməli olub.

Bunun ardınca Rusiya Donetsk vilayətindəki Liman şəhərini də təslim edib.

Rusiya bunu qoşun “yerdəyişməsi” kimi qələmə vermişdi.

XS
SM
MD
LG