Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:01

İran rejimi çökə bilərmi – Qərb mediası


İranda etirazlar
İranda etirazlar

İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimək bilmir. 22 yaşlı qadın guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Şahidlər onu saxlanarkən döyüldüyünü deyirlər.

Ölkədə altı həftədən artıqdır davam edən etirazların əsas hərəkətverici qüvvəsi qadınlardır. “The Economist” İranda rejimə qarşı etirazların əvvəllər də baş verdiyini, ancaq budəfəkinin fərqli miqyasda olduğunu qeyd edir.

Rejimin getməsi tələbi

“Etirazçılar daha böyük yardım, yaxud sistem daxilində siyasi islahat tələb etmirlər, teokratik rejimin getməsini istəyirlər. Bu dəfə qəzəb daha uzun çəkib və orta sinfin hüdudlarını aşıb”, – məqalədə deyilir.

Yüzlərlə etirazçı öldürülüb, 12 mindən çox həbs olunan var. Amma Ali dini lider Ayətullah Əli Xameneyinin qüvvələri üsyanı yatıra bilməyiblər.

“Biz daha hansısa hərəkat deyilik. Milləti doğuran inqilabıq”, – Tehranda bir universitet tələbəsi deyib.

“The Economist” Yaxın Şərqdə ilk dəfə olaraq qadınların etirazlara liderlik etməsinə diqqət çəkir. Qadınlar əmmaməli kişilərin onlara geyim, səyahət, iş qaydaları diqtə etməsindən təngə gəliblər. Məqalədə İslam Respublikasının altı həftədir geri çəkildiyi, etirazçıların əsasən gənclər, çoxunun radikal olduğu deyilir. Onlar Xameneyinin məmurlarını məktəblərdən qovurlar, təhlükəsizlik qüvvələrinə Molotov kokteylləri atırlar. Hətta mühafizəkar Məşhəd, Qum şəhərlərində belə böyük etirazlar keçirilib.

Lider, yaxud proqramın olmaması

“İndiyədək etirazçıların hər hansı proqram, yaxud lider ətrafında birləşməməsinin səbəbi məqsədli də ola bilər. Onlar öldürülə, həbs oluna, ev dustağı edilə biləcək liderin arxasınca getməyə ehtiyat edirlər. 2009-cu ilin kütləvi etirazlarından sonra Yaşıllar Hərəkatının aparıcı fiqurlarının taleyi belə olmuşdu”, – məqalədə vurğulanır.

Əvəzində təşkilatlanma horizontal gedir. Etirazçılar polisin cərgəyə düzüldüyü yol qovşaqları deyil, əsas yollar boyunca yığışırlar. Təcrübədən bilirlər ki, belə bir mürəkkəb ölkədə ambisiyalı manifestlər bölücülük yarada bilər. Ona görə də, şüarlar formasında, yaxud Telegram kimi sosial media platformalarında tələbələrin həbsdən buraxılması, etirazçılarn ölümünə görə məsuliyyət daşıyan təhlükəsizlik əməkdaşlarının mühakimə olunması, çuğulluq edəm müəllimlərin işdən çıxarılması tələb olunur.

“The Economist” rejimin əlində ən effektli silahın iqtisadiyyatla bağlı olduğunu yazır. Çox az adam uzunmüddətli ümumi tətil çağırışlarına qoşula bilər. İnflyasiya 50 faizdən yuxarıdır. Milli valyuta dəyərsizləşib. Milyonlarla insan yoxsulluq içindədir. Ona görə də etirazçıların yolu uzun və qeyri-müəyyən görünür. Üsyanın uğurlu olması üçün ona daha çox orta sinif və orta yaş təmsilçisi qatılmalıdır. Digər tərəfdən, təhlükəsizlik qüvvələri hələlik, rejimə sadiqlik göstərib.

Mümkün ssenarilər

“The Economist” başqa bir yazısında etirazların mümkün nəticələrini təhlil edir. Belə ki, xalqın istəklərini daha yaxşı reaksiya verəcək növbəti İran rejimi ölkədə və xaricdə daha az repressiv davrana bilər. İran xaricə islam inqilabı ixrac etməsə, Yaxın Şərqdə gərginlik azalar, Körfəz ölkələri silaha daha az pul xərcləyər.

Ancaq etirazların daha pis nəticələri də ola bilər. Məsələn, millətçi militarist rejim ölkədə məcburi qaydaları nisbətən yüngülləşdirə, amma xaricdə silahlı dəstələri silahlandırmağa davam edə bilər. Yaxud Suriyadakı kimi, diktator hakimiyyətdən getmək əvəzinə ölkəni yandırıb xarabalığa çevirər.

Xaricdən iranlılara köməyə gəlincə, onsuz da sərt sanksiyaları bir az da ağırlaşdırmaq çətindir. Xaricdə proksi serverlər yaratmaqla, VPN yükləməyi asanlaşdırmaqla etirazçıların bir-birilə kommunikasiyasına yardım göstərmək olar. “Nə qədər çox iranlı məktəbli qızların qəddar mollaları ələ saldığını görsə, klerik rejimin labüdlüyü daha çox azalar”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG