Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:42

Müharibə Rusiya və Ukraynadan Azərbaycana gələnlərin sayını necə dəyişib?


Bakıya qaçan ruslar: 'Gördük hamını müharibəyə aparırlar'
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Bakıya qaçan ruslar: 'Gördük hamını müharibəyə aparırlar'

Fevralın 24-dən bəri aramsız sürən Rusiya-Ukrayna savaşı milyonlarla insanın yaşayış yerini tərk etməsinə gətirib çıxarıb. BMT-nin məlumatına görə, müharibə başlanandan oktyabr ayınadək 7 milyondan çox Ukrayna vətəndaşı ölkəni tərk edib. Rusiyanı tərk edənlərin sayı da artır. Təkcə səfərbərlik elanından bəri bu ölkədən gedənlərin sayı təxminən 1 milyon nəfərə çatır. Hər iki ölkədə çox sayda azərbaycanlı da yaşayır. Bu baxımdan, müharibədən sonra Rusiya və Ukraynadan Azərbaycana gələnlərin sayı da ayrıca maraq doğurur.

Dövlət Turizm Agentliyinin turizm statistikası ilə bağlı açıqladığı göstəricilərdən aydın olur ki, bu ilin ikinci yarısından bəri Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı çoxalıb. Savaş başlarkən - fevralda 23 min 600 Rusiya vətəndaşı Azərbaycana gəlmişdi. May ayında bu rəqəm 28 min 300 nəfər idi. İyun ayında həmin göstərici 44 min 300 nəfərə yüksəlmişdi. Əgər bu ilin iyununadək Azərbaycana ən çox Türkiyə vətəndaşları səfər edirdisə, həmin aydan bəri sıralamada ilk yerə Rusiya çıxıb. 2022-ci il ərzində Rusiya vətəndaşlarının ən çox gəldiyi ay isə iyul olub. Bu ilin iyulunda 60 min Rusiya vətəndaşı Azərbaycana gəlib.

Səfərbərlikdən sonrakı artım

Rusiya vətəndaşlarının öz ölkələrindən çıxışı sentyabrın 21-dəki səfərbərlik elanından sonra da sürətlənib. Müharibəyə qatılmaq istəməyən bir çox Rusiya vətəndaşı, özəlliklə kişilər bu qərardan sonra ölkədən çıxmağa çalışıb. Həmin dövrdə Rusiyadan viza tələb etməyən ölkələrə, o sıradan Azərbaycana olan təyyarə biletləri kəskin bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, 2022-ci ilin sentyabrında Azərbaycana 46 min 200 Rusiya vətəndaşı gəlib. Bu, avqust ayı ilə müqayisədə 3 min nəfər çoxdur.

Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 70 faiz və ya 27 min nəfər çoxalıb. Amma müqayisəni pandemiyadan öncəki – 2019-cu illə apardıqda fərqli mənzərə yaranır. Belə ki, 2019-ci ilin sentyabrında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 71 min nəfər, yəni indiki ilə müqayisədə 50 faiz daha çox idi. Ancaq nəzərə almaq lazımdır ki, o vaxt quru sərhədi də açıq idi və Rusiya vətəndaşlarının ölkəyə daxil olmaq üçün təyyarə bileti almaqdan başqa da alternativləri vardı. 2019-cu ilin sentyabrında ölkəyə təxminən 18 min Rusiya vətəndaşı təyyarə ilə gəlmişdi. Bu üzdən, öncəki iki ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına pandemiyanın təsiri bu il qeydə alınan göstəricilərlə bağlı tam aydın mənzərənin ortaya çıxarılmasını əngəlləyir.

Bəs Ukraynadan gələnlər?

Azərbaycana gələn xarici ölkə vətəndaşlarına dair statistikada Ukrayna ilə bağlı göstəricilər də maraq doğurur. Rəsmi rəqəmlərdən aydın olur ki, müharibə başlanandan dərhal sonra - mart ayında Ukraynadan Azərbaycana gələnlərin sayı kəskin artıb. Əgər bu ilin yanvar və fevral aylarında Azərbaycana 1 min 500-1 min 600 Ukrayna vətəndaşı səfər etmişdisə, mart ayında bu göstərici üç dəfədən çox artaraq 5 min 300 nəfərə yüksəlib. Sonrakı aylarda isə Ukraynadan Azərbaycana gələnlərin sayı hər ay ortalama 2 min nəfər civarında olub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yayımladığı rəqəmlərə görə (oktyabrın 11-ə olan məlumat), 3 min 925 Ukrayna vətəndaşı Azərbaycanda qaçqın kimi qeydiyyata alınıb. Ukraynalı qaçqınların sayı baxımından lider ölkə Polşadır. Burada Ukraynadan gələn qaçqınların sayı 1 milyon 436 min nəfərdir. Almaniyada qaçqın statusu verilən Ukrayna vətəndaşlarının sayı 1 milyon 2 min nəfəri ötüb. Çexiyada qeydə alınan ukraynalı qaçqınların sayı 442 min nəfəri keçib. İtaliya (171 min), İspaniya (147 min), Türkiyə (145 min), Birləşmiş Krallıq (137 min) və Fransa da (105 min) ukraynalı qaçqın sayının 100 min nəfərdən çox olduğu ölkələr arasındadır.

XS
SM
MD
LG