Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:01

Özündə təmir bitməyib, Xersonda məktəb tikmək istəyir


Pskovda məktəb
Pskovda məktəb

Pskov məhz son 30 ildə idarəçiliyin yarıtmazlığı səbəbindən ölkənin ən yoxsul regionlarından birinə çevrilib

Rusiyanın şimal-qərbində yerləşən yoxsul Pskov regionunun qubernatoru Ukraynanın işğal edilmiş hissəsində məktəb tikmək niyyətində olduğunu deyib. Pskov sakinləri isə onun vilayətin öz məktəblərini təmir etməsini istəyirlər.

Siyasi karyera nərdivanında sürətlə irəliləmiş 47 yaşlı qubernator Mixail Vedyornikov avqustda Ukraynanın Xerson bölgəsində yerləşən, hazırda Rusiya işğalı altında olan Berıslavdakı məktəblərin bərpası ilə məşğul olacağını deyib.

Rusiya Ukraynanın paytaxtı Kiyev, Lvov, Ternopol və Dnepr şəhərlərini raketlərlə vurur
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Tavanlardan naqillər sallanır

Ancaq Pskov sakinləri vilayətin bir neçə məktəbinin bərpasının ləngidiyini, bu səbəbdən şagird və müəllimlərin yeni təhsil ilinə başlamağa çətinlik çəkdiyini deyirlər.

Pskovdakı 10 saylı məktəb sentyabrın 1-də açılsa da, şagird və valideynlər burada gördüklərindən heç məmnun qalmayıblar: sinif otaqlarında hələ də təmir gedir, tavanlardan naqillər sallanır, tikinti tullantıları yerdə tökülüb qalıb, ustalarsa hələ də məktəbdə iş başındadırlar.

İçəridə təmir getdiyindən dərslər ləğv edilir və hava pis olsa belə uşaqlara məktəbin həyətində idman dərsi keçilir. Valideynlər təmirin ətrafa yaydığı toz və toksik maddələrin uşaqlarda allergiya və astma kimi hallara yol açacağından narahatdırlar.

Çıxış yolları

Kunya adlı şəhərdə bir məktəbdə dərs ili elektriksiz, toz və çirk içində başlayıb. Problemlər Vedyornikovun idarəsinə müraciətdən sonra həll olunub.

Valideynlərin sözlərinə görə, məktəblərdə təmir işləri plandan o qədər geri qalıb ki, məktəblər ilin sonunadək açılmaya bilər. Otaq çatışmadığından bəzi şagirdləri dərslərin arasında fasiləyə göndərirlər.

"Uşaqlar fasilə zamanı acqarına haradasa gəzməli olurlar. Onların rutini pozulub. Valideynlər çox narazıdır”, – övladı Peçorıdakı bir məktəbdə oxuyan Yelena deyir.

Peçorıdakı məktəbin rəhbərliyi isə vəziyyətdən çıxmaq üçün bağça və uşaq mədəniyyət mərkəzinin siniflərində dərs keçməyə başlayıb. Bəzi uşaqlarsa onlayn oxumağa məcbur qalıb.

Tikintidə yubanmalar

Pskov məhz son 30 ildə idarəçiliyin yarıtmazlığı səbəbindən ölkənin ən yoxsul regionlarından birinə çevrilib. Bu vilayətdə tikinti işlərində ləngimələr qeyri-adi hal deyil.

Pskovda sovetdən qalma qismən tamamlanmış bir otelin tələbə yataqxanasına çevrilməsi layihəsi yeddi il çəkib. Həmin otelin tikintisi hələ 1980-ci ildə başlasa da, 1991-ci ildə SSRİ-nin dağılması səbəbindən yarımçıq qalmışdı.

2015-ci ildə binanın Pskov Dövlət Universitetinin yataqxanasına çevrilməsi və 2019-cu ilin ortalarında təhvil verilməsi qərara alınıb. Ötən ay qubernatorun ofisi yataqxananın 2023-cü ildə təhvil veriləcəyini elan edib.

“Əvvəl öz evini qaydaya salmalısan”

Pskov regionu Tikinti, yaşayış və kommunal xidmətlər komitəsinin keçmiş əməkdaşı İvan Prişepa deyir ki, Vedyornikov öz evində bu qədər yarıtmaz işlədiyi halda Xersonda məktəb layihələrinə qarışmamalıdır. "Elementar şeylər var – əvvəl öz evini qaydaya salmalısan, sonra başqa yerə baxmalısan”, – o deyir.

Prişepanın sözlərinə görə, tikintidə ləngimələrin bu qədər yayğın olması ictimai təchizat sistemini nizamlayan federal qanundan qaynaqlanan ümummilli problemdir.

Belə ki, müəyyən tələblərə cavab verən şirkətlərin tenderlərdə iştirakına icazə verilir. Ancaq onların əslində nə dərəcədə səriştəli olduğunu "heç kim yoxlamır". Nəticədə tenderləri udan kontraktorların işi vaxtında bitirməsi mümkün olmur.

“Şarmat” kimindir?

Peçorıdakı məktəblər və Pskov yaxınlığında “sosial şəhərcik” Kazanda yerləşən “Sarmat” şirkəti tərəfindən tikilir.

Peçorıdakı məktəblərdən birinin direktoru Nina Yaroslavtseva deyir ki, “Sarmat” bütün tələblərə cavab verib və “nüfuzlu” şirkət kimi görünüb. Ancaq məktəbdə bəzi işçiləri “Sarmat”ın onların maaşını tam vermədiyini, işçilərin də işə gəlməkdən imtina etdiyini, nəticədə işlərin ləngidiyini deyirlər.

"Heç vaxt maaşımı tam almamışam, ancaq kiçik hissələrlə almışam. Heç bir maaş ala bilməyən və işi buraxan adamlar var”, – Peçorıdakı məktəblərin birində işləyən usta deyir.

Vedyornikovun idarəsi işçiləri maaşlarının ödəniləcəyinə inandırmağa çalışıb. Ancaq gənc işçilərdən birinin anası Olqa Litsovskaya buna şübhə edir. O deyir ki, oğlu da daxil olmaqla işçilər sosial mediadan tapılaraq işə götürülüb. Onlara günə 1500 rubl (25 dollar) maaş vəd edilsə də, heç vaxt gündəlik ödənəcək məbləği təsdiqləyən qanuni müqavilə verilməyib.

“Əllərində sənədləri də yoxdur”

"Nə edə bilərlər ki? Prokurorluğa gedib şikayət edəsi deyillər ki. Heç əllərində sənədləri də yoxdur", – Litsovskaya deyir.

AzadlıqRadiosunun şirkətlə əlaqə yaratmaq cəhdləri uğursuz olub.

Tikinti bazarında iş təcrübəsi uzun olmayan “Sarmat” 2019-cu ilin aprelində qeydiyyatdan keçməsinə rəğmən çoxlu tender, o cümlədən dövlətə aid layihələrin tenderlərini udub. Şirkətin tarixçəsi problemlərlə doludur. Əldə olan sənədlərdən şirkətin artıq 16 məhkəmə işində tərəf olduğu görmək mümkündür.

“Sarmat”ın kim tərəfindən maliyyələşdirildiyi barədə dəqiq məlumat yoxdur. Onun əsl sahibləri isə saxta şirkətin arxasında gizlədilir. Şirkətin saytında onun rəhbərləri haqda heç bir məlumat verilmir. Onun "korporativ" elektron ünvanı isə “Gmail” hesabıdır.

Putinin dostları

Rusiyanın tikinti sənayesi tarixən qeyri-şəffaf və korrupsiya girdabında olub. Bu vəziyyət Prezident Vladimir Putinin hakimiyyətdə olduğu 23 il ərzində daha da ağırlaşıb.

Putinin çoxdankı dostları, o cümlədən Arkadiy Boris Rotenberq qardaşları Rusiyanın dövlət tikinti xərclərinin əsas benefisiarlarındandır.

Putin Ukraynanın dörd işğal olunmuş ərazisində saxta referendumlardan keçirəndən sonra onları Rusiya ərazisi elan edib. Sentyabrın 30-da çıxışında isə dörd regionu yenidən quracağını deyib. Rusiya bu ərazilərdə minlərlə insanı öldürüb, milyonlarla insanı evlərindən didərgin salıb, şəhər və kəndləri darmadağın edib.


Rusiya həqiqətən də bu ərazilər üzərində nəzarətini saxlasa və ya Ukraynanın daha çox ərazilərini işğal etsə, onları bərpa etmək üçün yüz milyardlarla dollar vəsait xərcləməlidir. Bu pullarsa onda yoxdur. Putini tənqid edən rusiyalı iqtisadçı Sergey Quriyev belə deyir.

Kremli tənqid edən digər ekspertlər bütün bunların sadə rusiyalıların vəziyyətinin daha da pisləşdirilməsi bahasına başa gələcəyini deyirlər. Onsuz da Qərbin sanksiyaları fonunda sıravi rusiyalıların vəziyyətini qarşıdakı illər ərzində daha da pisləşəcəyi gözlənilir.

XS
SM
MD
LG