Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:49

Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub


Bakı Oksford Məktəbi
Bakı Oksford Məktəbi

"Baku Steel Company" MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun həbsindən sonra onun özü və yaxınlarına məxsus təxminən 70 milyonluq əmlakların üzərinə həbs qoyulub.

185 milyonluq yeyintidə suçlanan Məmmədovun işində zərərçəkmiş statusunda onun vaxtilə rəhbərlik etdiyi "Baku Steel Company" tanınıb. Bu şirkətin nümayəndəsi də keçmiş zavod rəhbərinin işi üzrə məhkəmə prosesində iştirak edir. Cinayət işinin materiallarında iddia olunur ki, Məmmədovun əməlləri nəticəsində "Baku Steel Company"nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə ziyan dəyib.

Məktəb, zavod, bir neçə ev

Əgər məhkəmənin sonunda hakimlər Məmmədovun təqsirli olduğu qənaətinə gəlib onun haqqında ittiham hökmü çıxararsa, dəymiş ziyanın ödənilməsi üçün əmlaklar müsadirə edilə bilər. Ona görə də öncədən məhkəmə qərarı ilə həmin əmlakların üzərinə həbs qoyulub ki, yekun məhkəmə hökmü çıxarılana qədər onların satılması, başqasının adına keçirilməsi mümkün olmasın.

Həbs altında olan əmlaklar siyahısında Bakı Oksford Məktəbi, zavod, bir neçə ev, o cümlədən bir bağ evi var.

"9 milyon özümün idi, qalanını bankdan götürdüm"

Məmmədov öz məhkəməsində məktəb binası haqda danışarkən bildirib ki, onu tikib ərsəyə gətirmək 17 milyon manata başa gəlib. Onun sözlərinə görə, hazırkı binanın tikintisi 2008-ci ildən başlayıb: "Pulun 9 milyonu özümün idi, qalanını bankdan götürdüm. "Yeni həyat" yaşayış kompleksinin yanında torpaq sahəm vardı, onu satmışdım. "Emporium"un arxasındakı mağazalarımı satmışdım...".

Bakı Oksford Məktəbinin təsisçisi onun həyat yoldaşı Mehriban Məmmədovadır. 2014-cü ildə Prezident İlham Əliyev də məktəbin yeni binasının açılışında iştirak edib.

Ümumiyyətlə, üzərində həbs olan əmlakların bir hissəsi Rasim Məmmədovun qohumlarının adınadır. Onun qohumları nümayəndə-vəkil vasitəsilə məhkəməyə vəsatət verib, üçüncü tərəf qismində prosesə qoşulmaq istəyiblər. Lakin hakimlər buna razılıq verməyib. Məhkəmə bildirib ki, əgər prosesin sonunda əmlakların müsadirəsinə qərar verilsə, o halda həmin şəxslər maraqlı tərəf kimi apellyasiya məhkəməsinə şikayət edə bilərlər.

"Mənim olana deyirlər, "sənin deyil""

Məmmədov özü də məhkəmədə deyib ki, üzərində həbs olan əmlakların bir qisminin ona aidiyyəti yoxdur: ""Baku Steel Company"ni özüm qurub indiki vəziyyətə dətirmişəm, indi deyirlər, "sənin deyil". Qohumlarımınsa əmlakına həbs qoyublar ki, Rasimindir. Mənim olana deyirlər, "sənin deyil". Mənim olmayana isə deyirlər, "sənindir"...".

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Məmmədova ittiham verilən xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərə görə cinayət qanunvericiliyində 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG