Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:34

Həbsdəki zavod rəhbəri: 'Son 11 ildə kimə nə qədər pul vermişəm, hamısını yazıram...'


Rasim Məmmədov
Rasim Məmmədov

"Baku Steel Company" poladəritmə zavodunun sabiq rəhbəri Rasim Məmmədov deyir ki, həbs olunarkən ondan kitabça və iki flaşkart götürülüb və yoxa çıxarılıb. Onun sözlərinə görə, ötən 11 il ərzində kimlərə nə qədər pul verib, hamısı onun içindədir. Bu üzdən də həmin kitabça və flaşkartların üzə çıxarılmasını tələb edir.

"Məni xəyanətdə ittiham eləyirlər, amma mən prezidentə heç vaxt xəyanət eləməmişəm. Amma burada mən danışanda məlum olacaq ki, kim kimə necə xəyanət eləyib", – Məmmədov bunu sentyabrın 5-də öz məhkəməsində deyib.

20 aydır həbsdə olan keçmiş zavod rəhbərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 55 milyon manatlıq mənimsəmə və israfetmə kimi əməllərdə suçlanır. Amma özü bu ittihamı qəbul etmir. Əksinə, zavod da daxil olmaqla, özü və qohumlarının çoxsaylı əmlaklarının əllərindən alındığını deyir.

"Başqaları da gəlib qazancıma şərik olub"

"İş adamıyam, öz pulumu qazanıb yemişəm. Hələ başqaları da gəlib qazancıma şərik olub. Mən dövlətə vəzifədəki məmurlardan daha çox xeyir vermişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə oturub söhbət eləmişik. Hər şey qaydasında idi, hamı qazanırdı. Kimə lazım idi ortalığı qarışdırıb bu biabırçılığı yaratmaq?", – keçmiş zavod direktorunun sözləridir.

Onun dediklərindən məlum olub ki, 2011-ci ildə söhbət edən "üçlük" deyəndə özünü, Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyevi və Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovu nəzərdə tutur. Deyir ki, üç adamın arasında olmuş söhbətləri açmaq istəməzdi, amma ona qarşı baş verənlərə görə buna məcburdur.

Elə vəkili də Mehdiyevin məhkəməyə çağırılıb şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Amma vəsatət təmin olunmayıb.

"DTX-da 15 kvadratmetrlik otaqda baş-qulağım sakit yaşayıram"

Vəkili Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi, ev dustaqlığına buraxılması haqda da vəsatətlər qaldırıb. Amma bu məsələlərdə də məhkəmənin cavabı "yox" olub.

Ev dustaqlığına buraxılması haqda vəsatətə münasibət bildirən Məmmədov deyir ki, bu məsələ onun üçün önəmli deyil: "DTX-da 15 kvadratmetrlik otaqda baş-qulağım sakit yaşayıram. Mənim orada qalmağıma görə azadlıqda olanlar narahat olsun. Son 11 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını yazıram kitabımda...".

Sentyabrın 9-da məhkəmədə sabiq zavod direktoruna qarşı yeyinti ittihamının detalları açıqlanacaq, ardınca dindirmələr başlayacaq.

Xatırlatma

2021-ci ilin yanvarında DTX əməkdaşları tərəfindən saxlanılan Rasim Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israfetmə və başqa əməllərdə suçlanır.

Akademik Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Prezident Administrasiyasına rəhbərlik edib. Daha sonra Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilib. Bu ilin fevralında Mehdiyev istefa verib.

İyulun sonunda AMEA-nın bir çox elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Azərbaycan Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb.

XS
SM
MD
LG