Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Rusiyadan Azərbaycana idxal artıb, ixrac isə...


Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi

Xüsusilə enerji daşıyıcılarının qiymətinin kəskin artması Azərbaycan kimi iqtisadiyyatı enerji resurlarından asılı ölkələri gəlirinin artmasına imkan yaradıb

Bu il fevralın 24-dən Rusiyanın Ukraynaya hücumu siyasətlə yanaşı, iqtisadiyyata da ciddi dəyişikliklərə səbəb oldu. Xüsusilə enerji daşıyıcılarının qiymətinin kəskin artması Azərbaycan kimi iqtisadiyyatı enerji resurlarından asılı ölkələri gəlirinin artmasına imkan yaratdı.

Enerji resursları ilə yanaşı, kənd təsərrüfatı məhsulları ilə bağlı da ciddi qiymət artımları müşahidə olunur. Rusiya və Ukraynanın hər ikisinin kənd təsərrüfatı istehsalında qlobal miqyasda güclü oyunçular olması bunun əsas səbəbidir.

Rusiya iqtisadiyyatına sanksiyalar kənd təsərrüfatı məhsullarının da ölkədən çıxışına məhdudiyyətlərə səbəb oldu. Ukrayna isə daha çox yük daşımaların təhlükəli olması və Rusiyanın mülki infrastruktura zərbələr endirməsi səbəbindən dolayısı ilə problemlərlə üzləşir. Bu baxımdan xüsusilə dünyada taxıl məhsulları ilə bağlı ciddi problemlər və qiymət artımları müşahidə edilir.

Enerji daşıyıcılarından fərqli olaraq, Azərbaycan taxıl məsələsində əziyyət çəkən ölkələrdəndir. Çünki ölkə ciddi şəkildə idxaldan asılıdır. Dövlət Gömrük Komitəsinin son altı ayın ticarət göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdən aydın olur ki, müharibə və onun ortaya çıxardığı amillər Azərbaycanın ticarət əlaqələrinə də təsir edib.

Rusiya ilə ticarət əlaqələri necə dəyişib?

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında Azərbaycan və Rusiyanın ticarət dövriyyəsi 230 milyon dollar və ya 17 faiz artaraq 1 milyard 572 milyon dollara çatıb. Bu artımdan daha çox Rusiya qazanclı çıxıb. Belə ki, ötən illə müqayisədə Azərbaycanın Rusiyadan idxalı 260 milyon dollar artaraq 1 milyard 182 milyon dollara çatıb. Ötən ildəki kimi, bu il də Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkə Rusiyadır, ilin ilk 6 ayında ölkənin bütün idxalının 18.6 faizi Rusiyanın payına düşüb.

Bu müddətdə Azərbaycanın Rusiyaya ixracı isə, əksinə, 30 milyon dollara yaxın azalıb. Ötən ilin ilk altı ayı ərzində Rusiya Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi üçüncü ölkə idisə, hazırda səkkizinci yerdədir. Bu ilin ilk yarısında Azərbaycanın ixracında Rusiyanın payı cəmi 2.11 faiz olub. İlk üçlükdə qərarlaşan İtaliya, Türkiyə və İsrail üçün bu göstəricilər uyğun olaraq 49, 10 və 5 faizə bərabərdir.

Zavodun təmirə dayanması idxalı artırıb

Bu il Rusiyadan idxalı artıran amillərdən biri də Aİ-92 markalı benzinin idxalına başlanmasıdır. Statistika Komitəsinin göstəricilərinə görə, ötən ilin ilk beş ayında Azərbaycan Rusiyadan sadəcə 95 oktanlı benzin idxal etmişdi. Bu ilin həmin dövründə isə 92 oktan benzin idxalı da gözə çarpır. Azərbaycan bu məhsulun idxalına 122 milyon dollardan çox vəsait xərcləyib.

Xatırladaq ki, hökumət bu il fevralın 1-dən ölkəyə gətirilən Aİ-92 markalı benzini gömrük rüsumundan azad etmişdi. Həmin vaxt SOCAR açıqlama verərək bunun Bakı Neft Emalı Zavodunun təmirlə əlaqədar fəaliyyətini dayandırması ilə izah etmişdi.

Açıqlamada bildirilirdi ki, bu ilin birinci yarısında təmir işləri getdiyindən zavodda benzin istehsal olunmayacaq. Buna görə də, həmin müddətdə Aİ-92 benzinin idxalına ehtiyac yaranacaq. Məhz bu səbəbdən gömrük rüsumu ləğv edilib. Ancaq şirkət öz açıqlamasında bunun müvəqqəti addım olduğunu və zavodun təmiri başa çatdıqdan sonra benzinin istehsalına davam edəcəklərini də bildirmişdi.

İdxalda ən ciddi azalma isə buğdada qeydə alınıb. Belə ki, ötən ilin ilk beş ayı ərzində 94 milyon dollar dəyərində buğda idxal etmişdi. Bu il həmin göstərici 69 milyon dollara enib. Yəni, Rusiyadan Azərbaycana buğda idxalı 25 milyon dollar dəyərində azalıb. Həcmcə azalma dəyər ifadəsindəki azalmadan da böyükdür. Əgər ötən il 370 min ton buğda idxal edilmişdisə, bu il həmin göstərici 192 min ton olub. Yəni, təxminən iki dəfə azalıb. Sadəcə, dünya birjalarında buğdanın qiymətinin artması dəyər ifadəsindəki azalmanın nisbətən aşağı olmasına yol açıb.

Bitki yağları və meşə-ağac materialları da Azərbaycanın Rusiyadan idxal etdiyi əsas məhsullar arasındadır. Dünya bazarlarında bu tip məhsulların da dəyərinin artması onların idxaldakı payını artırıb.

Bəs ixrac?

Azərbaycanın Rusiyaya ixracında ilk yeri ötən ildəki kimi, pomidor tutur. Bu ilin ilk beş ayında Azərbaycan Rusiyaya 87 milyon dollar dəyərində pomidor ixrac edib. Bu, ötən illə müqayisədə 2 milyon dollar artım deməkdir.

Azərbaycanın Rusiya bazarına çıxardığı digər bir ənənəvi kənd təsərrüfatı məhsulunun – xurmanın isə ixracında 2 milyon dollarlıq azalma qeydə alınıb. Azərbaycan beş aya Rusiyaya 28 milyon dollarlıq xurma ixrac edib.

Qabığı təmizlənmiş fındığın ixracındakı azalma daha kəskindir. Ötən illə müqayisədə Azərbaycan Rusiyaya 7 milyon dollarlıq daha az fındıq sata bilib. Fındıq ixracının həcmi 21 milyon dollardan 14 milyon dollara enib.

Kartofun ixracındakı azalma da yenə 6 milyon dollara bərabər olub.

Diqqət çəkən bir məqam da odur ki, Azərbaycan beş ay ərzində Rusiyaya cəmi yeddi adda məhsul üzrə 10 milyon dollardan çox ixrac həyata keçirə bilib. Bunlardan da beşi kənd təsərrüfatı məhsullarıdır.

XS
SM
MD
LG