Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Yenilənmiş dövlət büdcəsində nə dəyişir?


Dövlət büdcəsinə neft satışından 2 milyard 40 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır.
Dövlət büdcəsinə neft satışından 2 milyard 40 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır.

Ötən ilin sonunda bu ilin dövlət büdcəsi təsdiqlənərkən neftin bir barelinin qiyməti 50 dollar olaraq hesablanmışdı. Rusiyanın Ukraynaya hücumu və Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar enerji bazarında qiymətləri kəskin bahalaşdırdı. Uzun müddətdir ki, neftin bir bareli 100 dollardan bahaya satılır. Bu il "AzeriLight" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106 dollar, yəni büdcədə nəzərdə tutulandan iki dəfə yüksək olub. Təbii ki, bu hal Azərbaycan kimi resurs ölkələri üçün əlavə gəlir deməkdir. Axı büdcə gəlirlərinin təxminən yarısı birbaşa neft fondundan transferlərdir. Təbii qaz qiymətlərinin də artması ilk dəfə Azərbaycanın bu yanacağın satışından neft satışı qədər gəlir götürməsinə şərait yaradıb. Neft-qaz satışından əldə edilən gəlirlərlə yanaşı, Dövlət Vergi Xidməti vasitəsi ilə toplanan vəsaitin də həcmi proqnozları 2 milyard manat üstələyib.

Rəsmi göstəricilərə görə, bu ilin ilk 5 ayında büdcə gəlirlərinin həcmi 12 milyard 442 milyon manata olub. Halbuki, ilin əvvəlində bu göstərici 11 milyard 227 milyon manat məbləğində proqnozlaşdırılmışdı. Deməli, 5 ay ərzində büdcəyə 1 milyard 215 milyon manat və ya 11 faiz çox gəlir daxil olub. 2022-ci ildəki büdcə gəlirlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur. Büdcə gəlirləri ilə yanaşı, xarici ticarətdən əldə edilən gəlirlərin də həcmi kəskin artıb. Bu ilin ilk 5 ayı ərzində xarici ticarət əməliyyatlarının həcmi (16.8 milyard dollar) 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74 faiz artıb. Bütün bu amillər nəticəsində hökumət 2022-ci ilin dövlət büdcəsinə düzəlişlər etmək qərarına gəlib. Yeni hesablamada neftin bir barelinin qiymətinin 85 dollardan hesablanması nəzərdə tutulub.

Hökumət bu il dövlət büdcəsinə düzəlişlərdən sonra da artıq vəsaitin daxil olacağını gözləyir. Dövlət büdcəsinə neft satışından 2 milyard 40 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır. Qeyri-neft gəlirlərininsə 1 milyard 534.3 milyon manat artıq olacağı və dövlət büdcəsinə 3 milyard 574 milyon manat əlavə vəsaitin daxil olacağı gözlənilir. Artıq Maliyyə Nazirliyinin büdcəyə ediləcək dəyişiklikləriylə bağlı ilkin göstəricilər açıqlanıb. Həmin dəyişikliklərdən sonra dövlət büdcəsində nə dəyişəcək?

Əlavə gəlir, əsasən, tikintiyə yönəldilir

Yenilənmiş proqnozlara görə, hökumət bu il boyunca Qarabağdakı yenidənqurma işlərinə 2 milyard 670 milyon manat xərcləyəcək. Büdcənin ilkin versiyasında həmin rəqəm 2 milyard 200 milyon manat məbləğində müəyyənləşdirilmişdi. Başqa deyimlə, yeni düzəlişlərlə birlikdə Qarabağdakı yenidənqurma layihələrinə ayrılan vəsaitin həcmi 470 milyon manat və ya 21.4 faiz artırılacaq. Sözügedən vəsait dövlət büdcəsində "tikinti və şəhərsalma xərcləri" maddəsinə daxil edilir. Yeni düzəlişlərdə ən çox vəsait ayrılan istiqamətlərdən biri məhz "tikinti və şəhərsalma xərcləri" maddəsidir. Büdcəyə dəyişikliklərlə birlikdə tikinti ilə bağlı xərclər 1 milyard manata yaxın artırılır. Hökumət il ərzində bu istiqamətə 5 milyard 972 milyon manat ayırmağı düşünür. Qarabağa ayrılan vəsaitlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) da bu xərc maddəsinə daxildir.

Yenilənmiş büdcə proqnozlarında müdafiə xərclərində də ciddi artıma gedildiyi gözə çarpır. Yenilənmiş proqnozlara görə, hökumət 2022-ci ildə bu sahəyə toplam 5 milyard 85 milyon manat ayırmağı düşünür. Bu rəqəm ilin əvvəlində açıqlanmış göstəricidən 595 milyon manat və ya 13.2 faiz çoxdur. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482 milyon manat səviyyəsində müəyyən edilib. Bu ötən il təsdiqlənmiş proqnozla müqayisədə 49.6 milyon manat və ya 2 faiz çoxdur. 2022-ci il üzrə sosial təminat və sosial müdafiə xərcləri isə ilkin büdcə göstəricilərinə nisbətdə cəmi 86 milyon manat və ya 2.4 faiz artırılıb.

Səhiyyə xərcləri azaldılır

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına görə, səhiyyə xərcləri 1 milyard 709 milyon manat səviyyəsində müəyyənləşdirilib. Bu, öncədən təsdiqlənmiş büdcə proqnozuyla müqayisədə 79.8 milyon manat və ya 4.5 faiz aşağı göstəricidir. Təhsil sahəsindəki göstəricilərsə bir o qədər dəyişməyib. Yenilənmiş proqnozlarda təhsil xərclərinə ayrılan vəsait cəmi 2 milyon manat (0.06 faiz) artırılıb. 2022-ci ildə təhsil istiqaməti üzrə toplam 3 milyard 887 milyon manatın xərclənməsi nəzərdə tutulur. Xərclərin məbləğində cüzi artım qeydə alınan digər bir istiqamət kənd təsərrüfatı sahəsidir. Dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsait öncədən təsdiqlənmiş göstəricilərlə müqayisədə cəmi 18 min manat artırılıb və toplam 997 milyon manat olub.

XS
SM
MD
LG