Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

İri dövlət şirkətləri büdcəyə gözləniləndən 9 dəfə az dividend ödəyib


"Azərsu"nun 7 milyard zərəri və bu yay da susuz qalan Bakı sakinləri
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

"Azərsu"nun 7 milyard zərəri və bu yay da susuz qalan Bakı sakinləri (2021)

Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyində dövlətə məxsus şirkətlərin büdcəyə ödədiyi dividendlərin həcmindən də söz açılıb. Rəydə əksini tapan uyğun göstəricilərdən aydın olur ki, proqnoz 168 milyon manat olsa da, 2021-ci ildə dövlət müəssisələri büdcəyə toplam 127 milyon manat dividend ödəyib. Deməli, ötən il boyunca dövlət şirkətlərinin büdcəyə ödədiyi dividendlərin həcmi proqnozdan 41 milyon manat və ya 25 faizə yaxın az olub.

Sözügedən dividendlərlə bağlı bir məqam da diqqət çəkir: Büdcəyə ödənilən 127 milyon manatın 120 milyonu, yəni bütün dividendlərin 95 faizi cəmi bir quruma – Azərbaycan Beynəlxalq Bankına (ABB) aiddir. Bu bank səhmlərinə nəzarət zərfinin 95.15 faizi dövlətə məxsusdur və ABB son illərdə ilk dəfə dövlət büdcəsinə belə iri həcmdə dividend ödəyib. Palatanın rəyində deyilir ki, ABB son illərin maliyyə nəticələrini xalis mənfəətlə başa vurub. Dövlət büdcəsində qeyd olunan mənbə üzrə müvafiq dividend məbləği proqnozlaşdırılmayıb. Ancaq xalis mənfəət əldə edildiyindən səhmdarların ümumi yığıncağının qərarına əsasən, dövlət büdcəsinə müvafiq dividend məbləğinin ödənilməsi qərara alınıb. Di gəl, həmin məbləğ yanlış olaraq borc öhdəliklərinin əvəzləndirilməsinə yönəldilib.

"Azərlotereya" 1 milyon manat ödəyib

ABB-nin ötənilki xalis mənfəəti toplam 208 milyon manat idi. Həmin il boyunca Azərbaycanda fəaliyyət göstərən banklar bütövlükdə 610 milyon manata yaxın mənfəət əldə etmişdi. Bunun da üçdə birindən çoxu Beynəlxalq Banka çatıb. Həmin mənfəətin daha 270 milyon manatı "Paşa Holdinq"ə daxil iki banka – Kapital Bank və Paşa Banka məxsus olub. Bu o deməkdir ki, bank sektorunun toplam mənfəətinin 80 faizə yaxını, sadəcə, dövlətə və "Paşa Holdinq"ə, yerdə qalan 20 faizi isə digər 23 banka çatıb.

Beynəlxalq Bankdan savayı "Aqrarkredit" QSC və "Azərlotereya" ASC də dövlət büdcəsinə gəlir qazandırıb. Hər iki qurumun büdcəyə ödədiyi vəsait proqnoz qədər olub. Ötən il "Aqrarkredit" büdcəyə 200 min manat, "Azərlotereya" 1 milyon manat dividend ödəyib. Dövlətə məxsus digər bankın – "Azər-Türk Bank"ın büdcəyə 750 min manat dividend ödəməsi nəzərdə tutulsa da, heç bir ödəniş edilməyib. Hesablama Palatasının rəyində deyilir ki, "Azər-Türk Bank" ASC 2020-ci maliyyə ilini 423 min manat mənfəətlə başa vursa da, həmin məbləğ bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının qorunması adı ilə dividend kimi səhmdarlara ödənilməyib və bankın kapital hesablarına aid edilib. Əvvəlki illərdə "Azər-Türk Bank" dövlət büdcəsinə, proqnozdan az da olsa, müəyyən məbləğdə dividendlər ödəyib. Ancaq son iki il ərzində bank dövlət büdcəsinə heç bir dividend ödəməyib.

İri dövlət şirkətləri yenə ümidləri doğrultmayıb

Dövlət şirkətlərinin büdcəyə ödəyəcəyi dividendlərlə bağlı daha bir maraqlı məqam iri dövlət şirkətləri ilə bağlıdır. Nazirlər Kabineti təsdiqlədiyi siyahıda bu qurumları iri dövlət şirkəti sayıb: "Azərenerji", "Azərsu", "Azərişıq", "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı", eləcə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar ("Aztelekom", "Azərkosmos", "Azərpoçt" və "Bakı Telefon Rabitəsi"). Ötən il həmin qurumların dövlət büdcəsinə toplam 46 milyon manat dividend ödəməsi nəzərdə tutulsa da, nəzərdə tutulandan 9 dəfə az, cəmi 5 milyon manat ödənilib. Dövlət şirkətlərinin büdcəyə ödəyəcəyi dividendlərlə bağlı proqnozun özünü doğrultmaması məhz adıçəkilən qurumların ödəyəcəyi məbləğin gözləniləndən az olmasından irəli gəlib.

Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətindəki çatışmazlıqlar uzun müddətdir müzakirə mövzusudur. Bu qurumlar təkcə dövlət büdcəsinə yetərli dəstək göstərmədikləri üçün deyil, zərərlə işləmələrinə, böyük məbləğlərdə borclarına, bazarda inhisarçı mövqe tutmalarına, eləcə də keyfiyyətsiz xidmət təklif etdiklərinə görə tənqid olunurlar.

XS
SM
MD
LG