Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

‘Anamı istəyirəm’. Kiyev yaxınlığında məhv edilmiş ailə


Konçakovskilər
Konçakovskilər

Rusiyanın Ukraynanı işğalı nəticəsində bir, yaxud hər iki valideynini itirmiş uşaqların dəqiq sayı bəlli deyil

Beş yaşlı Anastasiya Konçakovska anasının qucağına istəyir… Ötən ay Belarusda başından qəlpə çıxarılmış xəstəxanada Konçakovska elə hey “ana” sözünü təkrarlayırmış…

Uşağa deyəndə ki anası Tatyana işdədir, deyib, ola bilməz, “o gəlib yanımda uzanmışdı”.

Valideynlərini itirən uşaqlar

Tatyana Konçakovska əri və oğlu ilə birlikdə fevralın sonuncu həftəsi həlak olub. Ailə işğalçı Rusiya qüvvələrinin Kiyev yaxınlığında qurduğu pusquya düşüb. Onların başına gələnləri Birləşmiş Ştatlarda yaşayan qohumları Anastasiya Mizetskaya “Current Time”a danışıb.


5 yaşlı Anastasiya nənəsi Vasilina Moşçenko ilə sağ qalıb. Ancaq uşağı ciddi fiziki və emosional müalicə gözləyir, sağ gözündə isə həmişəlik xəsarət izi qala bilər.

Moşçenko ona valideynlərinin, ögey qardaşının öldüyünü deməyib.

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal qərarı nəticəsində bir, yaxud hər iki valideynini itirmiş uşaqların dəqiq sayı bəlli deyil. Minlərlə dinc sakin öldürülüb.

Mizetskaya işğal başlayandan ailə ilə daimi təmasda olub, Tatyana ilə ölüm gününədək əlaqə saxlayıb. Moşçenko isə onunla telefon söhbətində hücumu detallı təsvir edib.

Buçanın 20 kilometrliyində...

Anastasiyanın ailəsi bir çoxları kimi Kiyev ətrafına gedirmiş. Çünki paytaxtda qalmağın daha təhlükəli olduğunu düşünüblər. İşğalın ilk günlərində Rusiya Kiyevi tutmağa, özünə sadiq oyuncaq hökumət qurmağa çalışırdı. Şəhər hər gün atəşə tutulurdu.

Anastasiyanın atası Oleh Konçakovski ərzaq çatdırma şirkətində sürücü işləyirmiş. O, ailəsini furqonlu iş maşınına yığır, onları Tatyananın Kiyevin 40 kilometrliyində yaşayan qardaşı Pavlonun evinə aparır.

Amma elə Pavlonun yaşadığı ərazi yaxınlığında da döyüşlər gedir. Tatyana fevralın 26-da Mizetskayaya ərazidə “periodik atışma”dan danışır. Pavlonun yaşadığı yer Buçanın 20 kilometrliyindədir. Rusiya əsgərləri bu şəhərdən çəkilərkən dəhşətli hərbi cinayətlər törətməkdə ittiham olunurlar.

Pusqu

Ailə yenidən Kiyevə qayıtmaq qərarına gəlir. Moşçenko tərəddüd etsə də onlara qoşulur.

Bu qərar bir ailənin taleyini həmişəlik dəyişir. Fevralın 28-də günorta yol kənarındakı meşədə gizlənmiş Rusiya əsgərləri maşını ön hissədən atəşə tutur.

Tatyana, Oleh, 18 yaşlı Mikita Bobrov hadisə yerində həlak olurlar.

Rusiya əsgərləri Moşçenkoya deyiblər ki, onlar maşında Ukrayna ərazi müdafiə qüvvələrinin üzvlərinin olduğunu düşünüblər.

“Siz ukraynalılar maşınlarda avtomat silahlarla gəzirsiz. Guya adi adamlarsız, amma bizə atəş açırsız”, – bir əsgər Moşçenkoya deyib.

Həmin yolda başqa dinc sakinlər də pusquya düşərək həlak olublar.

Lentə alınmış maşın

Gülləbaran edilmiş furqonu aprelin 5-də jurnalist Dmitri Komarov lentə alıb. Onda Rusiya əsgərləri beş günüydü Kiyev regionundan çəkilmişdi.

Mizetskya maşındakı cəsədlərin Tatyana və Mikitaya məxsus olduğunu deyir. Olehin nəşi isə tapılmayıb, axtarışlar davam edir.

Hücumdan sonra rusiyalı zabit Moşçenko və Anastasiyanı Qostomel hava bazasına çatdırıb, oradan onlar vertolyotla Belarusa aparılıblar.

Qızın başındakı qəlpə çıxarılıb. Belarusdakı Ukrayna səfirliyinin köməyilə o, Almaniyaya transfer olunub, orada ikinci əməliyyatda gözündəki qəlpələr çıxarılıb.

İndi Anastasiya Almaniyada velosiped sürür, multfilmə baxır, oyun oynayır, fevralda bir günün içində ailəsinin başına gələnlərdənsə xəbəri yoxdur. Moşçenko nə vaxtsa nəvəsilə Kiyevə qayıtmaq istəyir, amma itkilərin ona verəcəyi əzabdan qorxur.

“Hər şeyini əlindən alıblar”, – Mizetskaya belə deyir.

XS
SM
MD
LG