Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Pentaqon Rusiyanı hərbi cinayətlərdə ittiham edir


Pentaqonun sözçüsü Con Körbi
Pentaqonun sözçüsü Con Körbi

Kreml bundan əvvəl Baydenin bəyanatını Putinin “şəxsən təhqir olunması” adlandırmışdı

ABŞ hərbiyyəsi Rusiya qüvvələrini Ukraynaya qanlı müdaxilənin gedişində hərbi cinayətlər törətməkdə ittiham edib.

Bundan əvvəl prezident Co Bayden Vladimir Putini “hərbi cani” adlandırımışdı.

Pentaqonun sözçüsü Con Körbi martın 21-də keçirdiyi brifinqdə deyib:

"Biz Rusiya qüvvələrinin hərbi cinayətlər törətdiyini aydın şəkildə görürük və bunun sübutlarının toplanmasına kömək edəcəyik. Lakin hazırda təhqiqat prosesi davam edir və biz onun nəticəsini gözləyirik. Biz bu təhqiqat prosesinə öz töhfəmizi verəcəyik. Bu təhqiqatın nəticəsi barədə qərarı Pentaqon rəhbərliyi çıxarmayacaq”.

Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi spesifik olaraq müharibə cinayətləri iddialarını araşdırır.

Pentaqon bildirib ki, Kreml Ukraynada bilərəkdən ağına-bozuna baxmadan hücumlar edir.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell demişdi ki, Rusiyanın Ukraynanın Mariupol şəhərinə hücumları böyük hərbi cinayətdir.

Rusiya qüvvələri Mariupolu ələ keçirmək üçün martın 21-də də hücumlarını davam etdiriblər.

Bu şəhərdə artıq minlərlə dinc sakin həlak olub.

Moskva ABŞ-Rusiya münasibətlərinin qırılma həddinə çatdığını bildirib

Rusiya Xarici İşlər Nazirliyi martın 21-də ABŞ-ın Moskvadakı səfiri Con Sallivana bildirib ki, prezident Co Baydenin Vladimir Putin barədə dedikləri iki ölkə arasında münasibətləri qırılma nöqtəsinə çatdırıb.

Ötən həftə ABŞ prezidenti Putini Ukraynaya hərbi müdaxiləyə görə “hərbi cani” adlandırmışdı.

Rusiya XİN-in notasında deyilir:

"Amerika prezidenti tərəfindən belə bəyanatlar belə yüksək vəzifəli dövlət xadiminə yaraşmır və Rusiya-Amerika münasibətlərini qırılma həddinə çatdırır”.

Kreml bundan əvvəl Baydenin bəyanatını Putinin “şəxsən təhqir olunması” adlandırmışdı.

Reuters agentliyi yazır ki, nazirlik habelə ABŞ səfirinə bildirib ki, Rusiya özünə qarşı düşmən hərəkətlərə “qətiyyətli və güclü” cavab verəcəkdir.

Novak neftin 300 dollara qalxa biləcəyini deyir

Qərb Rusiya neftindən imtina edərsə, dünyada neftin bareli 300 dollara qalxa bilər. Bəziləri isə 500 dollaradək bahalanma imkanı görürlər. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. Xəbəri “RİA” yayıb.

“(Rusiya neftindən) imtina olunarsa, neftin qiyməti 300 dollara, bəzilərinin fikrincə, 500 dollara qalxa bilər”, – o, jurnalistlərə deyib.

Novak Avropanın hazırda Rusiya neft və qazından imtinasının mümkün olmadığını sözlərinə əlavə edib.

***

Brüsseldə Aİ-nin həm xarici işlər, həm də müdafiə nazirləri bir araya gəlib. Onlar Ukraynaya fövqəladə yardımı və hərbi əməkdaşlığı müzakirə edirlər.

Kremlin sözçüsü Dmitri Peskov martın 21-də deyib ki, Rusiya neftinə embarqo Avropaya, qitənin enerji balansına zərbə vurar.

***

Avropa İttifaqının (Aİ) liderləri Rusiyanın Ukraynaya təcavüzündən dolayı bu ölkəyə neft embarqosunun mümkünlüyünü müzakirə edəcək. Bu haqda “Reuters” xəbər yayıb.

Aİ ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Rusiyaya qarşı sanksiyaların beşinci paketini müzakirə edəcəklər. Görüş Brüsseldə ABŞ Prezidenti Co Baydenin səfəri öncəsi keçiriləcək. Bayden Brüsseldə NATO müttəfiqləri ilə görüşəcək, “Böyük Yeddiliy”in sammitinə qatılacaq.

Çoxlu yeni adlar

“Sanksiyaların beşinci paketi üzərində işləyirik və bir çox yeni adlar təklif olunur”, – adının çəkilməsini istəməyən Aİ diplomatı deyib.

“Reuters”in diplomatik mənbələrdən aldığı məlumata görə, embarqonun tətbiqinə Baltik ölkələri təkid edir. Almaniya isə Avropada enerji daşıyıcılarının bahalığı səbəbindən tələsik addımlardan çəkinir. Almaniya Aİ-də Rusiya neftinin ən böyük alıcısıdır.

Rusiya neft embarqosunun Avropada enerjinin kəskin bahalandıracağı haqda xəbərdarlıq edib, sanksiyalara cavabında “Şimal axını-1” kəmərilə qaz nəqlini dayandırmaqla hədələyib. Avropada istehlak olunan qazın 40 faizi Rusiyadan gedir. Son vaxtlar Aİ alternativ enerji mənbələri axtarır.

Rusiya bu il fevralın 24-də Ukrayna ərazisində girib. Bundan sonra Aİ üzvləri və digər ölkələr Rusiyaya qarşı sanksiyalar açıqlayıblar. Sanksiyalar Rusiya mərkəzi bankını, iri bankları, avtomobil sənayesini, Prezident Vladimir Putin daxil olmaqla yüksək çinli məmurları, biznesmenləri, Rusiyanın hərəkətlərinə haqq qazandıran media mənsublarını əhatələyir.

Sanksiyalarda “tabu” yoxdur

Aİ-nin son üç həftədə açıqladığı sanksiyalar 685 rusiyalı və belarusluya şamil edilib.

Ancaq blok indiyədək Rusiya neftinə embarqo qoymaq kimi çətin qərarı verməkdə tərəddüd edib. Birləşmiş Ştatlar və Britaniya isə bu addımı atıblar.

Fransa Prezidenti Emmanuel Makron deyir ki, Ukraynada vəziyyət pisləşərsə, sanksiyalar məsələsində “tabu” ola bilməz.

“Bu sanksiyaların məqsədi Prezident Putini yenidən düşünməyə vadar etməkdir. Tərəfdaşlarımız və Rusiyayla ticarət edənlər arasında neft və qaz məsələsinə daha həssas yanaşanlar var. Amma prezident tabu olmadığını deyir”, – Fransa prezident idarəsinin rəsmisi deyib.

“Reuters”in həmsöhbətləri deyiblər ki, Rusiya kimyəvi silahdan istifadə edə, yaxud Kiyevi kütləvi bombalayarsa, ona enerji embarqosunun tətbiqinə əsas yaranar.

XS
SM
MD
LG