Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:55

Blokbaster erasındakı Frensis Ford


Frensis Ford Koppola
Frensis Ford Koppola

Frensis Ford Koppola bir çox böyük filmlərə öz imzasını atıb. "The Godfather" (Xaç atası) filminin ekrana çıxmasından 50 il keçir. Nofilmschool saytı bu münasibətlə Koppolanın karyerasına və onun 40 il çəkmək istədiyi iddialı "Megalopolis" layihəsinə nəzər salıb. "Görəsən, bu böyük Amerika rejissoru blokbasterlər erasında hitə çevriləcək film çəkə bilərmi?", –məqalədə sual olunur.

Son arzu?

Bəs Marvel erasında belə bir böyük, iddialı, dəyərini hesablamaq çətin olan layihəni hansı studiya maliyyələşdirə bilər?

Koppola "Megalopolis"in özünün son arzusu olduğuna inanır. Bu film onun irsini önümüzdəki illərə aparmalı, insanları onun mənasını axtarmağa vadar etməlidir.

"Bilirsiniz ki, "Apocalypse Now" filminin hüquqları mənə məxsusdur? Çünki onu başqa heç kim istəmədi", – Koppola "GQ" jurnalına müsahibəsində deyib.

Koppola daim Hollivudun kino ilə bağlı niyyətlərindən xəbərdar olub. O, ilk dəfə Los-Ancelesə kino məktəbində oxumağa gələndə Hollivud onu dərhal məyus etmişdi.

Ancaq o, yenə də kino çəkməyin yollarını tapdı. Prodüser və istedad sərrafı Rocer Korman üçün filmlər və iki studiya layihəsi çəkdi: Los-Ancelesdəki Kaliforniya Universitetində diplom işi olan "You're a Big Boy Now" və bir Brodvey müziklinin adaptasiyası olan "Finian's Rainbow" filmləri.

Marvel filmləri

Koppolanın kinoya sevgisi sonsuz və əbədidir. Ancaq o, müasir kino industriyasını tanıya və ya ondan həzz ala bilmir.

"Əvvəllər studiya filmləri var idi. İndi Marvel filmləri var. Marvel filmi nədir? Marvel filmi eyni prototip filmin …dəfələrlə yenidən çəkilməsidir. Hətta istedadlı insanlar belə – son dərəcə istedadlı sənətkar Deni Vilnövün "Dune" filmini götürə bilərsiniz, son dərəcə istedadlı, qabiliyyətli Keri Fukunaqanın çəkdiyi "No Time to Die"ı götürə bilərsiniz. Biz ikimiz gedib onların hər ikisindən eyni ardıcıllığı çıxarıb birləşdirə bilərik. Maşınların hamısının bir-birinə dəydiyi eyni ardıcıllıq onların hamısının içində var. Büdcələrini əsaslandırması üçün o filmlərin hamısında o səhnələrin olması, demək olar ki, məcburidir. Özü də, bu, hələ yaxşı filmlər və istedadlı rejissorlardır", – o, müsahibəsində deyib.

Superqəhrəman filmlərini sevməyən rejissorlar çoxdur. Ancaq Koppola hələ karyerasının ilk vaxtlarından Hollivudda işlərin gedişatını aktiv şəkildə dəyişməyə çalışıb. "Apocalypse Now" filmini özü maliyyələşdirdikdən və film hit olduqdan sonra Koppola özünün "Zoetrope" adlı studiyasını yaratmaq qərarına gəlib. Onun "Zoetrope Studios" üçün çəkdiyi "One From the Heart" filmi Koppolanın 25 milyon dollardan çox pul və studiyasını itirməsinə səbəb oldu.

"Şəxsi filmlər"

"Megalopolis" Koppolanın növbəti şedevridir. Bu arzu ona yenidən böyük maliyyə zərbəsi endirə bilər. O bu layihəni maliyyələşdirmək üçün artıq ötən il öz böyük şərab imperiyasının bir hissəsini satmaq qərarına gəlib. Kinonun blokbasterlərlə dolduğu zəmanədə onun belə bir layihəyə can atması dəlilik deyil ki?

"Megalopolis" uğurlu ola bilərmi? Bir rejissor Hollivudun blokbaster standartlarına cavab vermədiyi halda, arzularının filmini studiyaların dəstəyi ilə ərsəyə gətirə bilərmi? Aydın olan bircə şey var: Koppola istədiyini etməyin bir yolunu tapacaq.

"Əsl sənətkarlar könüllərinin istədiyini yaratmaq istəyirlər. Hollivud sizin qəlbinizi manipulyasiya edərək sizi istədiyini çəkdirməyə çalışa bilər. Ancaq belə filmlər qalıcı deyil. "Şəxsi filmlər" isə əbədi qalacaq. Gənc rejissorlar onları izləyərək o tərzdə çəkməyə ilhamlanacaqlar. Bu, böyük maliyyə riski daşıyan ilham dövriyyəsidir", – məqalədə deyilir.

XS
SM
MD
LG