Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

Britaniya Rusiyanı termobarik silahdan istifadədə ittiham edir


Kiyev regionu
Kiyev regionu

Ukraynada dəmiryolu vağzalları, Polşa, Slovakiya, Rumıniya və Macarıstanla sərhəd keçid məntəqələri qadınlar, uşaqlarla doludur

Britaniya Rusiyanı Ukraynada termobarik silah sistemlərindən istifadədə ittiham edib.

London bildirir ki, böyük dağıdıcılığa qabil bu sistem müharibə eskalasiyasını gücləndirə və insan itkisini artıra bilər.

Britaniyanın müdafiə naziri Ben Uolles martın 3-də NATO müttəfiqi Estoniyaya səfəri zamanı bu barədə danışıb:

"Onun (Putinin) hara qədər gedəcəyi, özünün son məqsədinə nail olmaq üçün daha hansı silahlardan istifadəyə əmr verəcəyi bilinmir, amma biz indiyədək artilleriyadan geniş istifadə edildiyini görmüşük. Biz termobarik artilleriya silahı sistemlərindən istifadənin şahidi olmuşuq və bunun daha haralara gedib çıxa biləcəyindən narahatıq”.

Ukrayna hökuməti və insan haqları qrupları artıq indiyədək Rusiyanın termobarik silah sistemindən istifadə etdiyini iddia ediblər.

Rusiya nazirin bəyanatına hələki reaksiya göstərməyib.

Bəzən “vakuum bombaları” adlandırılan termobarik silahlar düşdüyü yerdə oksigeni sorur və yüksək yandırıcılığa və dağıdıcılığa qabildir.

Qadağan olunmasa da, belə silah sistemi minlərlə insanın həyatına son qoya bilir.

Birləşmiş Ştatlar bu silahlardan Vyetnam müharibəsində və bu yaxınlarda Əfqanıstanda istifadə edib.

Rusiya termobarik silahlardan 1999-cu ildə Çeçenistanda istifadə edib.

Rusiyanın bu silahdan habelə Suriyada istifadə etdiyi iddia olunur.

Mariupol mühasirədədir

Ukraynanın sərhəd xidməti martın 2-də ölkəyə əsasən kişilər olmaqla 14 minə yaxın ukraynalının qayıtdığını bildirib. Bir gün öncə bu rəqəm 2 minə yaxın idi.

Britaniya kəşfiyyatı Mariupol şəhərinin Rusiya qüvvələrinin mühasirəsində olduğunu bildirir. Şəhərin meri Vadim Boyçenko martın 3-də deyib ki, Rusiya qüvvələri evakuasiyaların qarşısını almaq üçün dəmiryolu əlaqələrinə hücum edir, şəhəri “sistematik və metodik” blokadaya alır.

Mer mühasirədə olan şəhərdə elektrikin bərpası üçün atəşkəsin gərəkdiyini vurğulayıb.

Kiyevdə gözlərini zirzəmidə dünyaya açan körpələr
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Kliçkonun müraciəti

Kiyevin meri Vitali Kliçko martın 3-də bəyan edib ki, ötən gecəki partlayışların bir qismi Ukrayna havadan müdafiə sistemlərinin Rusiya raketlərini hədəfə alması nəticəsində baş verib. O, bir gün öncə Kiyevin əsas dəmiryolu stansiyası yaxınlığında dağıdılmış istilik xətlərinin martın 3-də təmir ediləcəyini bildirib.

Mer paytaxt sakinlərini şəhərdə gərəksiz gəzintidən çəkinməyə çağırıb, gecə vaxtı komendant saatının qüvvədə olduğunu vurğulayıb.


“The Washington Post”un məlumatına görə, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynaya yardım üçün Konqresdən 10 milyard dollar istəyib.

Ukrayna Mərkəzi Bankının sədri Kirilo Şevçenko indiyədək Ukraynaya 15 milyarddan çox beynəlxalq maliyyə yardımı ayrıldığını deyib.

***

Fransanın Xarici işlər naziri Jan-İv Lö Dryan “France 2” televiziyasında xəbərdarlıq edib ki, Ukraynada “hələ ən pis hadisələrin qabaqda olması mümkündür”.
Onun sözlərinə görə, Fransa martın 3-də BMT-nin Təhlükəsizlik Şurasına Ukraynada atəşkəs tələb edən qətnamə təklif edəcək.

Amma Rusiyanın veto hüququ belə bir addımın nəticəsiz qalacağı deməkdir.

Zelenskinin müraciəti

Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-də səhər ictimaiyyətə videomüraciətində əhalini müqavimətini saxlamağa çağırıb.

“Onlar burada sülh görməyəcəklər”, – Zelenski rusiyalı işğalçılarla bağlı söyləyib. O, Rusiya əsgərlərini “istifadə edilmiş çaşqın uşaqlar” adlandırıb, onları “evlərinə getməyə” çağırıb.

Britaniya kəşfiyyatının martın 3-də səhər açıqladığı məlumatda deyilir ki, Rusiya qüvvələrinin bir hissəsinin Xersona daxil olmasına baxmayaraq, hərbi vəziyyət aydın deyil.

Kəşfiyyat bildirir ki, Rusiya Xarkov, Çerniqov və Mariupolu atəşə tutsa da, bu şəhərlər Ukraynanın nəzarətindədir.

Müharibədə itkilər barədə bir-birinə zidd məlumatlar gəlir. Rusiya 500-ə yaxın əsgərinin öldüyünü, 1597 nəfərin yaralandığını bildirir. Ukrayna isə Rusiyanın itkisinin 9 minə yaxın olduğunu iddia edir. Bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün deyil.

***

Ötən gecə Ukrayna paytaxtında güclü partlayışlar baş verib, digər şəhərlər bombardman olunub. Rusiyanın Ukraynaya hücumu artıq ikinci həftəyə girir. Bir gün öncə BMT üzvləri Moskvanın hərəkətlərini pisləyib, Rusiyanı qüvvələrini geri çəkməyə çağırıb.

Rusiya ordusunun Ukraynanın əsas şəhərlərinə hücumu intensivləşdirdiyi görünür.

Rusiya əsgərləri Xerson küçələrində

Qara dəniz sahilindəki Xerson şəhərinin meri İqor Kolixayev martın 2-də axşam deyib ki, Rusiya əsgərləri 300 minədək əhalisi olan şəhərin küçələrindədir, yerli şuranın binasına giriblər.

O, “silahlı ziyarətçilər”lə danışdığını, amma heç bir vəd vermədiyini, yalnız “əhaliyə atəş açmamağı xahiş etdiyini” deyib.

Regional rəsmi Gennadi Laxuta “işğalçılar”ın Xersonun “hər yerində” olduğunu deyib.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov bombardman olunur.

Britaniyanın Müdafiə Nazirliyi Azov dənizi sahilindəki Mariupol şəhərinin Rusiya qüvvələri tərəfindən mühasirəyə alındığını bildirib.

Sumıya güclü raket zərbəsi endirildiyi, çoxsaylı itkilər olduğu xəbər verilir.

Blokada planı

Kiyevin meri Vitali Kliçko martın 2-də “Current Time”a deyib ki, Rusiya əsgərlərinin paytaxtı mühasirəyə almaq “planları aşkar” görünür, onlar Kiyevi blokadaya salmağı planlaşdırırlar.

Günlərdir Rusiya tankları və digər texnika Kiyevin şimalında kilometrlərlə uzanır.

Ukrayna rəsmiləri martın 3-bə Belarusun Brest regionunda Rusiya təmsilçiləri ilə gözlənən atəşkəs danışıqlarına nikbin yanaşmırlar.

Prezident Volodimir Zelenski mənalı danışıqlardan ötrü Rusiya qüvvələrinin Ukrayna şəhərlərini bombardmanını dayandırmalı olduğunu deyib.

Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski deyib ki, tərəflər Ukraynada mümkün humanitar dəhlizi də müzakirə edəcəklər.

Fevralın 28-də oxşar danışıqlarda proqres əldə olunmayıb.

Rusiya itkilərini açıqladı: 500 ölü, 1600 yaralı
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

1 milyon qaçqın

BMT-nin qaçqınlar üzrə agentliyi martın 3-də son yeddi gündə Ukraynadan qonşu ölkələrə sığınmağa çalışanların sayının 1 milyona çatığını bildirib.

Dəmiryolu vağzalları, Polşa, Slovakiya, Rumıniya və Macarıstanla sərhəd keçid məntəqələri qadınlar, uşaqlarla doludur.

Ukrayna hakimiyyəti 18-60 yaşlı kişilərin ölkədən çıxmasını qadağan edib. Hazırda ordu, ehtiyat qüvvələri və mülki müdafiə qrupları onminlərlə Rusiya əsgəri və desantçısı, bombardman, tank və zirehli texnika ilə mübarizə aparır.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan iki gün öncə isə Ukraynanın şərqindəki separatçı qurumları tanıyıb. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

XS
SM
MD
LG