Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:30

Putin Si ilə 'hüdudsuz dostluq' söhbətindən sonra Olimpiya tribunasında


Putin Olimpiadaya Beynəlxalq Olimpiya Komitəsinin yox, Çin Xalq  Respublikasının sədri Si Tsinpinin dəvətilə gəlib

Fevralın 4-də Pekində keçirilən 2022-ci il Qış Olimpiadasının açılışı olub.

Çin paytaxtı tarixdə həm qış, həm də yay oyunlarına ev sahibliyi etmiş yeganə şəhərdir.

Digər tərəfdən Pekində keçirilən iki olimpiadanın arasında cəmi 14 il vaxt olub. Bu da rekord qısa müddət sayılır.

Rusiya prezidenti Vladimir Putin Pekin Olimpiadasının açılışında iştirak edib.

Dopinq pozuntularına görə Rusiya yığmasının bu Olimpiadada iştirakına rəsmən icazə verilməyib.

Rusiya idmançıları “neytral idmançılar” statusunda Rusiya Olimpiya Komitəsinin bayrağı altında çıxış edəcəklər.

Sosial mediada yayılan videolardan birində tribunada əyləşən Putin Ukrayna yığmasının keçidinə tamaşa edir.

Əslində Putinin özü də Olimpiadaya Beynəlxalq Olimpiya Komitəsinin yox, Çin Xalq Respublikasının sədri Si Tsinpinin dəvətilə gəlib.

Oyunlardan əvvəl iki lider arasında danışıqlar olub.

Putin və Si bu görüşdə Ukrayna və Tayvan məsələsində bir-birlərini dəstəkləmək barədə razılığa gəliblər.

İki prezident habelə bəyan ediblər ki, onların ölkələri arasında münasibətlər “hər hansı Soyuq Müharibə erası alyanslarından” daha güclüdür.

Kosmos və internetə nəzarət sahəsində

Onlar habelə bildiriblər ki, Moskva və Pekin kosmos, iqlim dəyişikliyi, süni zəka və internetə nəzarət sahələrində əməkdaşlıq edəcəklər.

Reuters agentliyi yazır ki, Pekin Ukraynanın NATO-ya qəbul edilməməsinə dair Moskvanın tələbini dəstəkləyib.

Eyni zamanda Moskva Tayvanın hər hansı bir şəkildə müstəqil olmasına qarşıdır.

Putin və Sinin birgə bəyanatında deyilir ki, iki ölkənin dostluğu “hüdudsuzdur” və onların arasında əməkdaşlıq üçün “qadağan olunmuş sfera yoxdur”.

Bu görüş zamanı iki lider faktiki olaraq demokratiya və insan haqlarına öz baxışları olduqlarını bir daha təsdiqləyiblər.

Putin bu səfərdən istifadə edərək Rusiya ilə Çin arasında 117.5 milyard dollarlıq qaz müqaviləsinin anonsunu verib.

Vaşinqtondan irad

Birləşmiş Ştatların bu görüş barədə bəyanatında deyilir ki, Si əslində bu görüşdən Ukrayna ətrafında yaranmış gərginlyin azaldılması üçün istifadə etməli idi.

ABŞ Dövlət Departamentinin Şərqi Asiya üzrə ən vəzifəli rəsmisi Daniel Kritenburq deyib ki, dünya “məsuliyyətli güclərdən” məhz belə münasibət gözləyir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu oyunlar Rusiya-Ukrayna sərhədində yaşanan gərginlik dövrünə təsadüf edir.

Olimpiadanın açılışında Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax dünya ölkələrini və silahlı münaqişələrin iştirakçılarını “olimpiya barışığına” əməl etməyə və “sülhə imkan tanımağa” çağırıb.

Pekində Qış Olimpiya Oyunları başlanır

Fevralın 4-də Çinin paytaxtı Pekində 2022-ci il Qış Olimpiya Oyunları başlanır. Çin bu arada diqqəti COVID-19 pandemiyasının yayılması və ölkədə insan haqlarının vəziyyətindən yayındırmağa çalışır.

Birləşmiş Ştatlar, Britaniya, Kanada, Almaniya, Avstraliya və digər ölkələr Çində insan haqlarının durumu, özəlliklə Sintzyan vilayətində uyğurlar və digər müsəlman etnik qruplarla rəftardan dolayı açılış mərasimini boykot edirlər.

Putin Tsinpinlə görüşəcək

Prezident Si Tsinpin açılış mərasiminə 20 dünya lideri ilə birlikdə qatılacaq. Onların sırasında Rusiya Prezidenti Vladimir Putin də var. Rusiya diplomatik boykotu və “idmanı siyasiləşdirmək” cəhdlərini pisləyib.

Putin Ukrayna ilə sərhədə qoşun yığması səbəbindən Qərblə yaranmış gərginlik fonunda Çinlə əlaqələri gücləndirir. O, dekabrda Si ilə telefon söhbətində Rusiyanın Pekinlə “nümunəvi” əlaqələrindən danışıb, çinli həmkarını “əziz dost” adlandırıb.

Si və Putin mərasimdən öncə görüşəcək, təhlükəsizlik və digər məsələlərə dair “ümumi baxışları”nı əks etdirən birgə bəyanat yayacaqlar.

Digər dəvətlilər

Mərasim 2008-ci ildə Yay Olimpiya Oyunlarının keçirildiyi, “Quş yuvası” adlanan arenada olacaq.

Açılış mərasiminə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Polşa Prezidenti Andrey Duda, Misir Prezidenti Abdel Fattah al-Sisi, Səudiyyə Ərəbistanının de-fakto lideri, Vəliəhd Şahzadə Məhəmməd bin-Salman da qatılacaq.

Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Gebreyesus, BMT-nin Baş katibi Antonio Quterres dəvətlilər arasındadır.

Mərasimdə tamaşaçılar da olacaq, ancaq onların sayı bəlli deyil. Pandemiyaya görə bilet satılmayıb.

“İnnovativ” şou

Çinli kinorejissor Janq Yimou “tamamilə innovativ” şou olacağını desə də, pandemiya və şaxtalı havanın tədbirin miqyasına təsir göstərəcəyi fikrilə razılaşıb. Onun 2008-ci ilin Yay Olimpiya oyunlarında hazırladığı açılış mərasiminin 15 min ifaçısı vardı.

Bu dəfə isə 3 minədək ifaçı olacaq, “ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması” kimi mövzular əhatələnəcək.

Pekin indiyədək həm yay, həm qış olimpiya oyunlarının keçirildiyi ilk şəhərdir. Qış Olimpiya oyunları üçün bu şəhərin seçilməsi təbii qarın olmamasına görə tənqid edilib. Açıq havada oyunlar süni qar örtüyü üzərində keçiriləcək.

Oyunlar sərt pandemiya qaydaları şəraitində baş tutacaq. 3 minədək atlet, onminlərlə dəstəkçi heyət, könüllülər, media təmsilçiləri ictimaiyyətdən ayrılacaq, onlar hər gün test verəcək, maska taxacaqlar.

XS
SM
MD
LG