Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

İlham Əliyevin izahat tələb edən izahatı


İlham Əliyev var-dövlətini necə qazanıb? Özü cavablayır
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

İlham Əliyev var dövlətini necə qazanıb? Özü cavablayır

"Pandora sənədləri"nə görə, 2008-ci ildə prezidentin oğlu Heydərin 11 yaşı olanda onun adına Londonda dörd mülk alınıb.

Prezident İlham Əliyev var-dövlətini özü biznesmen kimi qazanıb, yoxsa ki, iddia olunduğu kimi dövlət başçısı qismində qanunları pozaraq ictimai vəsaitin mənimsənməsi hesabına?

Bu sual onun oktyabrın 12-də İtaliyanın La Republika qəzetinə verdiyi müsahibəsindən sonra yenidən aktuallaşıb.

Bu müsahibənin AzərTacda yayılan versiyasına görə, İham Əliyev deyib ki, Pandora sənədlərində onun ailə üzvlərinə məxsus olduğu bildirilən 700 milyonluq mülkün bəlkə də beş faizi düzdür, qalanı həqiqət deyil. Başqa sözlərlə, İlham Əliyev 700 milyonluq mülkün bir qisminin ailəsinə məxsus olduğunu təsdiqləyib.

Amma İlham Əliyev izahat verib və deyib ki, o, prezident olmamışdan əvvəl də kasıb olmayıb:

"Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim".

İlham Əliyev bu müsahibədə deyir ki, o, prezident olduqdan sonra biznesdə birbaşa iştirakını dayandırıb və biznesi öz ailəsinə ötürüb.

Məsələ burasındadır ki, İlham Əliyev hələ prezident olmamışdan əvvəl də dövlət rəsmisi olub. O, 1995-2003-cü illərdə Milli Məclisin deputatı, 1994-cü ildən 2003-cü ilə qədər isə, Azərbaycan Dövlət Neft Şirkətinin - indiki SOCAR-ın vitse-prezidenti olub.

Prezidentlikdən əvvəl də deputat olub

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Hüquqünas Akif Qurbanov deyir ki, Azərbaycan qanunları ona deputat kimi də biznesi qadağan edir: “Azərbaycan Konstitusiyasının 85-ci maddəsi deputatın kommersiya fəaliyyəti ilə, sahibkarlıqla məşğul olmasını qadağan edir. Belə çıxır ki, 1995-ci ildən 2003-cü ilin avqust ayına qədər İlham Əliyev qanunsuz fəaliyyətlə məşğul olub. Onun açıqlaması özünü bu cür təsdiq edir. Necə məşğul ola bilərdi o sahibkarlıqla?”

AzadlıqRadiosu Mərkəzi Seçki Komissiyasına sorğu göndərib və soruşub ki, indiki prezidentin 2003 seçkilərinə gedərkən təqdim etdiyi gəlir bəyannaməsində onun nə qədər var-dövləti olub. Bu sorğuya gün ərzində cavab gəlməyib.

Beynəlxalq araşdırmaçı jurnalistlər isə prezident İlham Əliyevin adına 1998-ci ildə, o hələ prezident olmadığı vaxtlarda qeydiyyata alınmış 25 milyon dollarlıq mülk üzə çıxarıblar.

Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Təhqiqat jurnalistinin dedikləri

Azərbaycanla bağlı araşdırmaların müəllifi, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP-nin redaktoru Miranda Patrucic bunları deyib:

“İlham Əliyevin özünün və xanımı Mehriban Əliyevanın adına olan yeganə mülk 1998-ci ildə Böyük Britaniyada alınmış imarətdir. Yadımdadır ki, o vaxt biz bu araşdırmanı edəndə cavab tapa bilmədik ki, İlham Əliyev həmin pulu hardan alıb. O, dövlət Neft Şirkətində işləyirdi və o qədər maaş ala bilməzdi ki, həmin mülkü alsın”.

Miranda Petrucicin sözlərinə görə, əgər araşdırmaların tarixinə baxsaq məlum olar ki, onların əksəriyyəti o, prezident olduqdan və uşaqları yetkinlik yaşına çatdıqdan sonra - 2006-cı ildən artmağa başlayıb.

Məsələn, Pandora sənədlərinə görə, 2008-ci ildə prezidentin oğlu Heydərin 11 yaşı olanda onun adına Londonda dörd mülk alınıb.

Sərvət Londondan Bakıya qaytarıla bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Qarabağa görəmi?

Prezident İlham Əliyev isə İtaliyanın La Republika qəzetinə deyib ki, bu məlumatların arxasında Qərbdəki bəzi qüvvələr dayanır, Azərbaycanın Qarabağdakı qələbəsi onların xoşuna gəlməyib:

“Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır”.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunin oktyabrın 3-də yaydıqları və Pandora sənədləri adlanan korrupsiya araşdırması təkcə İlham Əliyev yox, dünyanın 35 keçmiş və indiki liderinin qanunsuz mülkləri barədədir. Bu sənədlərdə qeyd edilən ölkələrin əksəriyyətində adı çəkilən məmurlarla bağlı araşdırmalar başlanıb.

Təkcə bu sonuncu Pandora sənədlərində deyil, ümumilikdə Azərbaycanın adı tez-tez beynəlxalq korrupsiya qalmaqallarında çəkilir.

Tranparency İnternational - Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, Azərbaycan korrupsiya indeksində 180 dünya ölkəsi arasında 129-cu yerdədir.

XS
SM
MD
LG