Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:34

'MTN işi'ndə Ramiz Mehdiyevin istintaqa cəlb olunmasını istədilər


Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Həbsdə olan general, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev məhkəmə önünə çıxarılıb. O, tək deyil, vaxtilə MTN-də tabeliyində çalışan şöbə rəisi Vüsal Ələkbərov, şöbə rəisinin müavini Sahib Ələkbərov və idarənin rəis müavini Yasin Məmmədovla birlikdə mühakimə olunur. Amma adıçəkilən üç nəfər cinayət məsuliyyətinə cəlb olunsa da, generaldan fərqli olaraq həbsdə deyil.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, MTN-çilərin işinə baxan hakim Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə zalına buraxılmamasına göstəriş verib.

Üç nəfərin həbsini tələb edirlər

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, keçmiş MTN-çilərin işində zərərçəkmiş qismində tanınan 32 nəfərin bir çoxu həmin üç nəfərin də həbsini tələb edib. Onlar bu barədə vəsatətlər qaldırıblar.

"Həbs olunsunlar, onların azadlıqda qalması bizi qıcıqlandırır. Bizim pullarımızı qaytarsınlar...", – zərərçəkmiş Qulam Bağırov belə deyib.

Başqa bir zərərçəkən Əfsər Həsənəliyev təqsirləndirilən Yasin Məmmədovun həbsini tələb edib. Həmçinin, işin daha ətraflı araşdırılması, əlavə adamların da cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluğa qaytarılmasını istəyib: "İş materialları ilə sübut olunur ki, (keçmiş baş prokuror) Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, (Prezident administrasiyasının keçmiş başçısı) Ramiz Mehdiyev, (MSK sədri) Məzahir Pənahov, (MSK-nın keçmiş katibi) Natiq Məmmədov, prokurorluğun müstəntiqləri Qasım Məmmədov, Əli Babayev, Vüqar Nəsibov, deputat Hikmət Babaoğlu və digərlərinin bu işlərin ört-basdır edilməsində birbaşa rolu var. İlham Əliyevə MTN barədə yalan məlumat çatdırıblar. Onların ucbatından indiyə qədər bizə qarşı cinayət törədənlər cəzasız qalıb. Biz bunlara görə ev-eşiksiz qalmışıq, nəyimiz var, əlimizdən alınıb. Ona görə adlarını sadaladığım adamlar da istintaqa cəlb olunmalıdır".

"Pulum getsin, canım getsin..."

Zərərçəkənlər vaxtilə MTN-də onlardan hədə-qorxu ilə külli miqdarda pul alındığını iddia edərək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddialar qaldırıblar. Məhkəmədə bu məsələ ilə əlaqədar fikir ayrılığı yaranıb. Hakim deyib ki, mülki iddiaların qaldırılması üçün rüsum ödənilməlidir. Zərərçəkənlərdən Nizami Kazımovun nümayəndəsi, vəkil Elçin Sadıqov isə etiraz edib. Vəkilin sözlərinə görə, bu, mülki qaydada məhkəmə prosesinin başlanmasına səbəb olan adi iddia deyil. Qanun da bunu fərqləndirir və cinayət nəticəsində dəymiş zərərin ödənilməsi tələbi ilə qaldırılan mülki iddia üçün rüsum ödənişi nəzərdə tutulmayıb.

"Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də yenidən pul ödəyim... Özümü təhqir olunmuş hiss eləyirəm. Mənim iddiam cinayət nəticəsində mənə vurulmuş ziyanla bağlıdır. Mütəşəkkil cinayətkar dəstə məni girov götürüb, balalarımı gözüyaşlı qoyub, məndən zorla pul alıb, haqqımı yeyiblər. Buna görə gedib rüsum ödəməyi özümə sığışdırmıram", – zərərçəkənlərdən prokurorluq işçisi olmuş Zaur Əliyev bildirib.

"Saxlandığı yerə baxın"

Təqsirləndirilən şəxslər özlərini günahkar saymadıqlarını vurğulayaraq mülki iddiaların icraata götürülməsinə etiraz ediblər.

Təqsirləndirilən generalın vəkili Ceyhun Yusifov onun məhkəmə zalındakı kabinədən çıxarılmasını istəyib. O vurğulayıb ki, Şıxəliyev 30 ilə yaxın dövlət qulluqçusu olub, ali rütbə daşıyır: "Onun bu formada saxlanması həm yerli, həm də beynəlxalq hüquq normalarına ziddir. 30 ildən çox xidmətləri, ali dövlət vəzifəsində olan şəxsin saxlandığı yerə baxın...".

Vəkili generalın ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırıb, onun təltiflərinin, xidmətlərinin nəzərə alınmasını xahiş edib.

Xidmətlərinin nəzərə alınmasını istəyirlər

Təqsirləndirilən şəxslər, onların vəkilləri cinayət işinə xitam verilməsi məsələsini də qaldırıblar.

"Mən istintaqa çağırılanda xaricdə idim. Amma qorxmamışam, gəlmişəm. Azərbaycanın hətta həbsxana divarları da mənə doğmadır. Xahiş edirəm, mənim xidmətlərim nəzərə alınsın. Təkcə özümü demirəm, Mövlam Şıxəliyevin də həbsdən buraxılmasını xahiş edirəm", – Sahib Ələkbərov belə deyib.

Onun bu cür çıxışı zərərçəkənləri qəzəbləndirib.

"Mənim xidmətimin milyonda biri bunlarda olmayıb. Nəhayət, İlham Əliyevin dəmir yumruğu bunların başına dəydi. Mən bunların ucbatından evsiz-eşiksizəm. Bunların bizim ailənin başına gətirdiklərinə görə yoldaşımın başı xarab oldu, qalıb ortalıqda. Üç uşağımın evi banklarda batdı, qalmışıq kirayələrdə...", – onlardan biri deyib.

Hakim Elbəy Allahverdiyev zərərçəkmişə fikrini davam etdirməyə imkan verməyib. Deyib ki, aidiyyəti olmayan məsələlərdən danışır.

General da narazıdır, Vüsal Ələkbərov da

Təqsirləndirilən general da etiraz edib. Şıxəliyev iddia edir ki, kimsə onun pul aldığını deyə bilməz: "Bu ittiham aktı fərziyyələrlə tərtib olunmuş bədii əsərə bənzəyir. Vüsal Ələkbərovun ittiham aktına mənim adımı əlavə edib yeni ittiham aktı hazırlayıblar. Burada oturanların biri də deyə bilməz ki, mənə pul verib".

Vüsal Ələkbərov isə məhkəmə iclaslarının videoyazı ilə aparılmasını istəyib. Sabiq MTN polkovniki şikayətlənir ki, 2018-ci ildə bu məhkəmədə onun işinə baxılanda məhkəmə iclas protokolları saxtalaşdırılıb, səslənən ifadələr ya protokola yazılmayıb, ya da təhrif olunub: "Əgər məhkəmənin imkanı yoxdursa, özümüz texniki avadanlıqlar gətirə bilərik".

Hakim bildirib ki, məhkəmə iclaslarının audio və videoyazısı qanunda nəzərdə tutulsa da, Bakı Hərbi Məhkəməsinin binasında bunun üçün şərait yoxdur.

Ümumiyyətlə, MTN-çilərin məhkəməsində qaldırılan vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə baxışı oktyabrın 26-na təyin edilib.

Xatırlatma

General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında "Texnikabank"ın keçmiş sahibi, "Muğanbank"ın filial müdiri, bir sıra sahibkarlar da var.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG