Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:04

Vüqar Səfərlinin oğlunun da bank hesabına həbs qoyulub


Jurnalistlərə mənzil verildi - [Video]
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Jurnalistlərə mənzil verildi - [Video]

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru olmuş Vüqar Səfərlinin suçlandığı cinayət işində təqsirləndirilən şəxslərin sayı 11 nəfərdir. Ancaq onlardan cəmi ikisi həbsdədir - Səfərli və Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş "Portos" MMC-nin direktoru Nadir Məmmədov. Avqustun 5-də məhkəmənin hazırlıq iclasında vəkilləri vəsatət qaldırıb ki, onlar da ev dustaqlığına buraxılsın.

"Bu işdə maddi ziyan ödənilib. Həm də iqtisadi xarakterli cinayətdir", – Səfərlinin vəkili belə deyib.

Müdafiəçinin sözlərinə görə, keçmiş Fond rəhbərinin bir sıra əmlaklarıyla yanaşı, oğlu Seymur Səfərlinin bank hesabının üzərinə də həbs qoyulub. O, heç bir əməliyyat apara bilmir: "Bununla bağlı müraciətini isə sizə - Bakı Ağır Cinayətlər Məhkəməsinə yönləndiriblər, çünki hazırda iş burada araşdırılır. Xahiş edirik, siz o işə münasibət bildirin ki, biz də növbəti addımımızı müəyyənləşdirə bilək". Lakin hakim münasibət bildirməyib.

Rəsmi məlumatda ümumilikdə 18 milyon manatın mənimsənildiyi və israfetmə yolu ilə talandığı bildirilirdi. Bundan başqa, cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələrin müəyyən edildiyi vurğulanırdı.

"Məmmədovu dindiriblər, Əhmədov qol çəkib"

Vəkil Cavanşir Süleymanov istintaqdakı pozuntulardan şikayətlənib. Onun sözlərinə görə, işin içində xeyli yolverilməz sübut var: "Məsələn, Məmmədovu dindiriblər, Əhmədov qol çəkib. Belə protokollar var. Kimsə deyə bilər texniki səhvdir. Belə səhvlərə görə iki nəfər həbsdədir, doqquz nəfər də bu biri tərəfdə təqsirləndirilir".

Məmmədovun vəkili isə onun, ümumiyyətlə, təqsirsiz olduğunu deyir. Müdafiəçisinin sözlərinə görə, o, heç bir cinayət törətməyib: "Üstəlik, bu insanın Birinci Qarabağ Müharibəsi əlili, ürək xəstəsi olması, ürəyindən iki dəfə əməliyyat keçirməsi, uşaqları, "Tərəqqi" medalı da nəzərə alınmayıb".

Məhkəmə vəkillərin ev dustaqlığı barədə vəsatətlərini təmin etməyib. Avqustun 20-dən bu işlə bağlı dindirmələr başlayacaq.

Xatırlatma

Məsuliyyətə cəlb olunanlar arasında Fondun mühasibi işləmiş Təhminə Yaqubova, "Jurnalist Evi" MMC-nin direktoru və Bibiheybət qəsəbəsində media nümayəndələri üçün inşa edilmiş binaların keçmiş komendantı Bünyamin İsmayılov, "Altun", "Xəmsə" restoranlarının direktor müavinləri, inzibatçıları və digərləri var.

Restoranların inzibatçıları və rəhbər şəxslərinin suçlanmasının səbəbinə gəlincə, cinayət işinin materiallarında iddia olunur ki, Fondun "Altun"da, "Xəmsə"də keçirdiyi tədbirlər vasitəsilə yeyintilər olub. Yəni, Fond və restoran rəhbərliyi razılaşdırıb və sənədləşmədə rəqəmlər bir neçə dəfə artıq göstərilib.

Səfərli və digərlərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarında yazılıb ki, Səfərli və digər təqsirləndirilənlər jurnalistlər üçün binaların tikintisi məqsədilə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib. Fond rəhbəri həmçinin, daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş "Futbol+qol" qəzetinə 2015-2019-cu illər ərzində 300 min manat vəsait ayırmaqda və başqa əməllərdə suçlanır.

Prokurorluğun məlumatına görə, yeyinti və digər cinayətlər nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi istintaq zamanı ödənilib.

Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

1959-cu il təvəllüdlü Səfərli 2009-cu ildə KİVDF təsis olunandan 2020-ci ilə qədər bu Fonda rəhbərlik edib. O, həbsindən öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Fondun fəaliyyəti ilə bağlı cinayət işi üzrə bir neçə dəfə dindirilib. Həmin ərəfədə verdiyi müsahibələrdə yeyintilərə yol verməsi haqda suçlamaları qəbul etməmişdi.

2021-ci il yanvarın 12-də prezidentin fərmanı ilə KİVDF ləğv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.

XS
SM
MD
LG