Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Bu yay Avropaya getmək olacaqmı?


Monteneqro hava limanı
Monteneqro hava limanı

Bu ilin yayında Avropa Birliyi turistlər üçün sərhədləri açmağa planlaşdırır. İndi həmin Avropa ölkələrinə yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş vaksinlərlə (koronavirusa qarşı) peyvənd olunan şəxslərin səyahət edə biləcəyi gözlənir.

Avropa Birliyi indiyə qədər yalnız dörd vaksini təsdiqləyib. Bu, "Pfizer", "Moderna", "Johnson&Johnson" və "Vaxzevria" (İstehsalçı şirkət "AstraZeneca") vaksinidir.

Azərbaycanda geniş istifadə olunan Çin istehsalı "CoronaVac" və Rusiyanın ölkəyə yeni gətirilmiş "Sputnik V" vaksinlərini isə hələ ki, Avropa Birliyi tanımayıb. Azərbaycana yalnız Avropa Birliyinin tanıdığı vaksinlərdən "Vaxzevria", özü də az miqdarda gətirilib. Onların mayın 3-dən 60 yaşdan yuxarı insanlara tətbiq edildiyi açıqlanıb.

Bəs Çin və Rusiya vaksinləri ilə peyvənd olunmuş Azərbaycan vətəndaşları bu il Avropaya səyahət edə bilməyəcəklər?

Hələ bu il aprelin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Marqaret Harris bildirmişdi ki, hazırda qurum Çin istehsalı vaksinlər haqqında məlumatları öyrənir və bu proses final mərhələsindədir. "Sputnik V" vaksininə gəlincə, vurğulayıb ki, onun qiymətləndirmə prosesi hələ ki, final mərhələsinə çatmayıb və bu vaksinin təsdiqləməsi haqqında qurumda heç nə deyə bilmirlər.

M.İbrahimqızı
M.İbrahimqızı

"…Həmin layihələr yarımçıq qalar"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan"a deyib ki, Avropa Birliyi belə bir qərar qəbul edərsə, onun həyata keçirməsi çətin olacaq: "Onun icra mexanizmi asan olmadığı və reallaşmasında ciddi problem olduğuna görə bu qərarın son qərar olmadığını düşünürəm".

Deputatın sözlərinə görə, Avropa Birliyi özü maraqlıdır ki, Avropa məkanına Azərbaycandan gələnlər olsun: "Azərbaycandan Avropaya yalnız turistlər səyahət etmirlər, beynəlxalq tədbirlər, birgə layihələr var ki, orada nümayəndələrimiz iştirak edir. Bundan başqa, gənclərimiz Avropada təhsil alır. Müxtəlif proqramlar var ki, Avropa Birliyinə üzv olan ölkələr üçün önəmlidir. Əgər Çin vaksinindən istifadə edən ölkələrin vətəndaşları Avropaya gedə bilməsə, həmin layihələr yarımçıq qalar. Bu da ikitərəfli ziyan olacaq. Ona görə də düşünmürəm ki, bu, yekun qərardır".

M.İbrahimqızı vurğulayıb ki, Türkiyə də Çindən milyonlarla vaksin alıb: "Qardaş Türkiyə Çindən ən çox vaksin alan ölkələrdən biridir. Türkiyənin Avropa Birliyinə daxil olan ölkələrlə iqtisadi əməkdaşlığı, işbirliyi daha çox şaxəlidir, nəinki Azərbaycanın. İnanmıram ki, Avropa Birliyi bundan imtina etsin".

"Azərbaycan da, təbii ki, bunları tələb edəcək"

Komitə üzvü deyir ki, peyvənd olunmuş şəxslərə xüsusi sənədlərin verilməsi ilə tamamilə razıdır: "Hər bir ölkə öz əhalisinin sağlamlığına və təhlükəsizliyinə cavabdehdir. Ona görə də, digər ölkələrdən gələn şəxslərdən həmin sənədləri tələb etməsi normaldır. Əgər həmin peyvənd pasportlar təsdiqlənərsə, Azərbaycan da, təbii ki, bunları tələb edəcək".

B.Hacıyev
B.Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan vətəndaşları indi Avropa Birliyinə gedə bilmədikləri kimi, yəqin ki, Çin istehsalı vaksinlə peyvəndləmədən sonra da çətinliklərlə üzləşəcəklər: "Ona görə də, hesab edirəm ki, dövlət limitli sayda da olsa, Avropa Birliyində təsdiqləmiş vaksinlərdən gətirib özəl xəstəxanalarda ödənişli şəkildə vətəndaşlara təklif etməlidir".

"Xarici siyasət kursunda olan bir çox məsələlərə görə…"

Fəal hesab edir ki, ölkə vətəndaşları təkcə vaksin məsələsində yox, xarici siyasət kursunda olan bir çox məsələlərə görə fəsadlar yaşayırlar: "Bu, viza prosesinin sadələşdirilməsindən tutmuş, sərmayələrin Avropada rahat qoyuluşu və yaxud da Avropa sərmayələrinin Azərbaycandakı qoyuluşuna qədər özünü büruzə verir. Azərbaycanın bu günə qədər Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalamaması öz fəsadlarını göstərir".

B.Hacıyevin fikrincə, Azərbaycan öz siyasi kursunu dəyişməsə, yalnız özünə uyğun ölkələrlə bir klubda təmsil olunacaq: "Bu, həm də vaksinlərdə özünü göstərir. Azərbaycan ya inkişaf etmiş, azad, demokratik Qərblə bir klubda, ya da yavaş-yavaş Rusiyanın ətrafında fırlanan ölkələrlə bir klubda olacaq. İkinci variant olan halda ciddi fəsadlar qaçılmazdır".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 321 min 798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 580 nəfər vəfat etdiyi bildirilir.

Koronavirus pandemiyası ilə bağlı bir çox ölkələr xariclə əlaqələrdə məhdudlaşdırmalara gedib.

XS
SM
MD
LG