Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:26

'Oskar'ın Bouzmandan 'oğurlandığını' düşünənlər var


 Çedvik Bouzman
Çedvik Bouzman

"USA Today" qəzeti yazır ki, ötən həftəsonu "Oskar" mükafatlarının təqdimetmə mərasimini izləyən tamaşaçıların çoxu Çedvik Bouzmanın ölümündən sonra "Oskar" mükafatı almamasından dəhşətə gəlib.

Hər il "ən yaxşı film" nominasiyasında qalibin elanı mərasimin sonuna saxlanılır. Bu ilsə ən sonda "ən yaxşı aktyor" nominasiyasının qalibini elan etdilər. "Ma Reyni: Bluzun anası" (Ma Rainey's Black Bottom) filmindəki Livi roluna görə "Qızıl Qlobus" və Ekran Aktyorları Gildiyası mükafatına layiq görülmüş Bouzmanın qalib olacağı gözlənilirdi.

Hopkins Bouzmanı yad edib

Ancaq "Qara panter" (Black Panther) filminin ötən ilin avqustunda 43 yaşında xərçəngdən dünyasını dəyişən ulduzu veteran aktyor Entoni Hopkinsə uduzdu.

Hopkins mərasimdə canlı iştirak etmirdi. Ancaq aktyorluq kateqoriyasında ən yaşlı "Oskar" laureatı olan 83-yaşlı Hopkins vətəni Uelsdəki evindən çəkdiyi videoda Bouzmanın adını da çəkdi. O bu videonu öz sosial media hesablarından da paylaşıb.

"83 yaşımda bu mükafatı alacağımı gözləmirdim. Doğrudan gözləmirdim. Akademiyaya çox minnətdaram. Çox sağ olun. Mən bizdən çox tez ayrılmış Çedvik Bouzmanı yad etmək istəyirəm. Bir daha hamınıza təşəkkür edirəm. …Bunu özüm üçün böyük şərəf hesab edirəm", - Hopkins deyib.

Hopkinsin postu istər pərəstişkarları, istərsə də Alek Bolduin və Keyt Bekinseyl kimi ulduzlar tərəfindən virtual alqışlarla qarşılanıb. Ancaq ümumilikdə internetdə bu qələbə birmənalı qarşılanmayıb.

Həyatının performansını göstərən aktyor

Komediya ustası @CyrusMMcQueen nəticələrə inana bilmir. "Ölməkdə olan adam həyatının performansını göstərib. Həyatının ən son oyununu... …və siz ona mükafatı vermirsiniz?!" – o, Twitter-də yazıb.

MSNBC-nin TV aparıcısı Coy Rayd isə yazıb ki, "Oskar" lap "Taxt-tac oyunları" kimi yekunlaşdı: "Andra Dey və Çedvik Bouzmanın mükafatları oğurlandı...".

Kanzas şəhərinin meri Kuinton Lukas da qərardan narazı qalıb. "Entoni Hopkinsə hörmət edirik, ancaq Akademiya [pis iş görüb]. Çedvik Bouzman Livi Qrin rolunda uzaq gələcəkdə də xatırlanacaq", –o, öz tvitində yazıb.

Bir çox tamaşaçılar şounun ardıcıllığından da narazı qalıblar. Ümumən sonluğu "xaos" adlandıranlar çox olub. Çoxları "ən yaxşı aktyor" nominasıyasının axıra saxlanmasından belə nəticə çıxarıblar ki, mükafat Bouzmana veriləcək. Nəticənin fərqli olması onların məyusluğunu daha da artırıb. "Uproxx" saytının əyləncə müxbiri Mayk Rayan məyusluğunu belə ifadə edib: "Hə, bu, çox pis idi".

"Əsl lətifə", "fəlakət"...

Kino tənqidçisi Den Mörrell mərasimin yeni ardıcıllığını "çox pis ideya" adlandırıb. O deyib ki, mərasimin necə təşkil olunması həm Entoni Hopkins, həm də Çedvik Bouzmanın gözəl aktyor olmaları və onlardan yalnız birinin qalib olmalı olduğu faktına kölgə salıb. "Böyük səhvdir. Bu şou yaddaşlarda fəlakət kimi qalacaq", – o deyib.

"Baltimore" jurnalının baş redaktoru Maks Veysin sözlərinə görə isə, Hopkinsin mərasimdə olmaması "yeyilməz dərəcədə pis tortun üstündəki krem" idi.

@JRK316 adlı istifadəçi isə bunları yazıb: ""Oskar", "Qremmi" və s. standart deyil. Biz bu mükafatları həddindən artıq ciddi qəbul edirik və biz buna dərhal son qoymalıyıq. Mən yumora üz tuturam, çünki bunun hamısı əsl lətifədir".

Bouzman "Oskar" mərasiminin builki ənənəvi hədiyyə paketinin dizaynında da yad edilib. Bütün nominantlara rəssam Andre Oşeanın çəkdiyi, Bouzmana həsr olunmuş orijinal rəqəmsal sənət əsəri hədiyyə edilib. Əsər NFT-yə dəyişdirilə bilər. NFT (non-fungible token) blokçeyn sistemində saxlanan data vahididir. O, unikal və mübadilə edilə bilməyən rəqəmsal aktiv sayılır. NFT-nin özü sonradan "Rarible" platformasında hərraca qoyulacaq və əldə olunan vəsait Bağırsaq Xərçəngi Fonduna bağışlanacaq.

XS
SM
MD
LG