Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:30

'Həmin yola Rusiya sərhədçiləri nəzarət edəcəklər'


Naxçıvan qatarı Ermənistanda dayanacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Naxçıvan qatarı Ermənistanda dayanacaqmı?

Aprelin 7-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvada qəbul edəcək. Onların Qarabağdakı problemlərin həlli ilə bağlı addımları, ötən ilin noyabrın 10-da və bu ilin yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, habelə inteqrasiya proseslərini müzakirə edəcəkləri gözlənir.

A.Mirzəzadə
A.Mirzəzadə

"Azərbaycanı yalnız bu maraqlandırır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan" agentliyinə deyib ki, Azərbaycan üçün qonşu Ermənistan rəhbərliyinin Rusiyaya səfərində maraqlı məqam ancaq Ermənistanın 10 noyabr və 11 yanvar sazişləri ilə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsidir: "Azərbaycanı yalnız bu maraqlandırır. Qalan məsələlərdə Rusiya ilə Ermənistan arasındakı münasibətlər onların daxili işidir".

Deputatın sözlərinə görə, üçtərəfli sazişlərə əsasən Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi prosesi hələ ki, normal gedir: "Azərbaycanı ciddi narahat edən hər hansı bir məqam yoxdur. Ortaya çıxan hər hansı cari məsələlər isə operativ sürətdə Rusiya ilə danışıqlar nəticəsində öz həllini tapır".

Şuşaya atılan "İskander"lə bağlı açıq qalan suallar
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

"Proses Rusiyanın maraqlarına uyğun cərəyan edəcək"

Politoloq Şahin Cəfərli də AzadlıqRadiosuna bildirib ki, sözügedən üçtərəfli sənədlərdə əldə olunan razılaşmalar hələ ki, çox təzədir: "10 noyabr bəyanatından cəmi beş ay keçib. Bu qısa müddət ərzində onun bütün müddəalarının problemsiz icra olunacağını gözləmək doğru olmazdı. Sənədin icrası davam edir".

Ekspert hesab edir ki, sülhməramlı qüvvələrini Qarabağa yerləşdirdikdən sonra hal-hazırkı mərhələdə Rusiyanın əsas maraqlarından biri də regionda kommunikasiyaların açılması, nəqliyyat əlaqələrin bərpasıdır: "Bu proses tamamilə Rusiyanın nəzarətində və Rusiyanın maraqlarına uyğun cərəyan edəcək. Yəni, 10 noyabr və 11 yanvar razılaşmaları tam əsas verir ki, proses Rusiyanın nəzarətində keçsin. O cümlədən də, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında Ermənistan ərazisindən keçəcək yolun açılması da Rusiyanın nəzarətində olacaq. Yəni, həmin yola Rusiya sərhədçiləri nəzarət edəcəklər".

Ş.Cəfərli
Ş.Cəfərli

"Rusiya həmin yolu çox asanlıqla bağlaya da bilər"

Ş.Cəfərli Azərbaycan və Türkiyənin maraqları baxımından Naxçıvan ilə Azərbaycanın digər hissəsi arasında Ermənistan ərazisindən keçəcək yolun böyük bir strateji məna kəsb etdiyinə inanmır: "Aydındır ki, Rusiya öz maraqları tələb etdiyi təqdirdə həmin yolu çox asanlıqla bağlaya da bilər. Amma hazırkı mərhələdə Rusiya razılaşmaların icra olunmasının tərəfdarıdır".

"Bu məsələ Paşinyanla Putin arasında müzakirə olunacaq..."

Politoloqa görə, Ermənistandan keçəcək həmin yolun açılmasına müqavimət var: "Ermənistan toplumunda bunu qəbul etməyən qüvvələr çoxdur, onlar bu razılaşmanın icrasına qarşı çıxırlar və bu baxımından problem yaranıb. Yəqin ki, bu məsələ Paşinyanla Putin arasında müzakirə olunacaq əsas mövzudur".

Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasında hazırda müəyyən problemlər var: "Məsələn, hərbi əməliyyatlardan sonra yaxaladığımız diversantlar məsələsi var. (Ermənistan onları hərbi əsir, Azərbaycan isə terrorçu sayır) Ermənistan onları təhvil verməyimizi tələb edir, Azərbaycan hökuməti isə razılaşmır. Bu, hal-hazırda münasibətlərdə problem yaradan detallardan biridir. Bu məsələ də yəqin ki, müzakirə olunacaq".

'Ev, iş, mal-qara' - Köçkünlər hansı şərtlə Qarabağa qayıtmaq istəyir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də tərəflər üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG