Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

Nazirliyin hüquqşünası öz müdirinə sui-qəsddə suçlanır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin işçisi olmuş Vüsal Əliyev həm korrupsiyada, həm də öz müdirinə qarşı sui-qəsddə suçlanır. Amma özü ittihamla razılaşmır.

Əliyev ixtisasca hüquqşünasdır, imtahanla nazirliyə işə qəbul olunub. O, həbsinə görə nazirlikdə işlədiyi şöbənin müdiri Heybət İmanovu günahlandırır.

Keçmiş müdirini bıçaqlatdırmaq üçün "kömək istəyib"

Cinayət işinin materiallarında iddia olunur ki, Əliyev bir sıra şəxslərə, o cümlədən anasına saxta sənədlərlə təqaüd təyin etdirib. Eyni zamanda, pensiya almaq hüququ olan xeyli adama da qanunsuz şəkildə imtina edilib. O, bu əməllərdə suçlanaraq həbs edildikdən sonra təcridxanada kamera yoldaşından keçmiş müdirini əvvəl döydürmək, sonra da bıçaqlatdırmaq üçün kömək istəyib. Quldurluqda suçlanaraq həbs olunmuş kamera yoldaşı da azadlıqdakı qohum və tanışlarına bu haqda məlumat verib. Onlar da vəd olunmuş pul müqabilində həmin işi həyata keçiriblər.

İddia olunur ki, şöbə müdirinin məhkəmədə onun əleyhinə ifadə verməməsi üçün təqsirləndirilən hüquqşünas bu addımı atıb. Məqsəd onu qorxudub məhkəmədə ifadəsinin qarşısını almaq olub.

Hazırda Əliyevlə yanaşı, onun kamera yoldaşı olan Mirafiq Bəşirov, qardaşı Nurlan Bəşirov, Namiq Alagözov, Bəhruz Əhmədov, Zaur CəlilovFariz Daşdəmirov da məhkəmə qarşısına çıxarılıb. Onlara İmanova qarşı sui-qəsddən əlavə, külli miqdarda narkotik ittihamı da verilib.

"Bir həftə içində düzüb-qoşublar"

Amma təqsirləndirilən şəxslər də, vəkilləri də ittihamda yazılanların yalan olduğunu deyir.

"Bir həftə içində bu cinayət işini düzüb-qoşublar. Adamlardan zorla yalan ifadələr alıblar. Sonra 9 ay heç bir istintaq hərəkəti aparmayıblar. Adamların hamısına eyni miqdarda narkotik tapılması barədə ittiham veriblər. Necə ola bilər ki, tutulanların hamısından eyni miqdarda tapıldı? Bu biabırçılıqdır", – təqsirləndirilən Əhmədovun vəkili belə deyib.

Təqsirləndirilən Əliyev özünü qismən təqsirli bildiyini deyib. Amma konkret nədə təqsirli bildiyini açıqlamayıb. O, zərərçəkmiş qismində tanınan keçmiş şöbə müdirinin qərəzli olduğunu bildirib.

Heybət İmanov xeyli vaxtdır nazirlikdə işləyir. 2013-cü ildə Səlim Müslümov nazir təyin ediləndən sonra o, işdən çıxarılıb. Bundan sonra İmanov Hesablama Palatasında şöbə müdirinin müavini təyin edilib. Sahil Babayev nazir vəzifəsinə təyin ediləndən sonra o, nazirliyə qaytarılıb.

Məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG