Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:13

Sərxoş rollarına necə çəkilirlər


Sərxoş. Foto illüstrasiya
Sərxoş. Foto illüstrasiya

Filmlərdə aktyorlar çox böyük məharət nümayiş etdirdikləri zaman bizi sərxoş, yaxud dəlicəsinə aşiq olduqlarına inandıra bilirlər. Tomas Vinterberqin çəkdiyi "Another Round" filmi Danimarkanın builki "ən yaxşı xarici film" nominasiyasında "Oskar" mükafatına namizədidir. BBC bu filmi "Vinterberqin orta yaş böhranı tragikomediyası" adlandırıb.

60 günə çəkilən səhnələr

Mads Mikkelsenin ("Casino Royale", "Doctor Strange") rol aldığı filmdə dörd müəllim iş günü ərzində alkoqolun təsiri altında olmaqla eksperiment aparır. Müəllimlərin sərxoşluğu son dərəcə inandırıcıdır. Mads Mikkelsenin içkili halda rəqs etməsi səhnəsi çox təbii alınıb və sosial mediada geniş paylaşılıb. Bəzi tamaşaçılar aktyorların doğrudan da içkili olub-olmadığını soruşur.

Əslində, aktyorlar çəkiliş zamanı içkili olmayıblar. Mikkelsen BBC-yə verdiyi müsahibədə deyib ki, adətən, aktyorlar belə səhnələri oynamazdan əvvəl sərxoşluq əhvalına girməkdən ötrü pivə içə bilərlər. Ancaq bu səhnələr 60 gün ərzində oynanıldığından bu, qeyri-mümkün olub. Bəzi günlərdə isə həm içkili, həm də ayıq səhnələr oynanılıb deyə, çəkilişə içkili gəlmək real deyildi.

Kopenhagendən videomüsahibəyə qoşulan rejissor Vinterberq isə deyib ki, içkili səhnələri oynamaq üçün aktyorların içki içməsi "amaterizm"dir (qeyri-peşəkar hərəkətdir – red.) O əlavə edib ki, belə səhnələrin inandırıcı alınması ağır zəhmət və uzun-uzadı məşqlərin bəhrəsidir.

Ayıq rolları oynayan aktyorların bəzən içkili olduğu haqda çox danışılır. Ancaq, görünür, sərxoş adamı oynamağa ayıq olmaq tələb olunur.

Sərxoşluq dərəcəsi kartı

"Another Round" filminə gəlincə, məşq prosesində aktyorlar iki gün ərzində kamera qarşısında içiblər. Onların qanındakı alkoqol konsentrasiyası rəqəmsal alətlə ölçülüb. Daha sonra onlar oyunlarını ssenari ilə tutuşduraraq hər səhnəyə uyğun "sərxoşluq dərəcəsi" göstərə bilib-bilmədiklərini yoxlayıblar.

"Another Round"un Vinterberq və Tobias Lindholmun birgə yazdığı ssenarisində dörd kişi qəbul etdikləri alkoqolun miqdarını günbəgün artırır. "Biz polisin insanların sərxoşluq dərəcəsini ölçdüyü kartı əldə etdik. O, çox detallıdır. 0.09%-də adam bir az yuxulu, 0.1%-də emosional olur, 0.11 – 0.12%-də bəzən oxumağa başlayır. Bunun öz sistemi var", – Vinterberq deyir.

"Əksər aktyorlar sizə deyəcək ki, bir qədər sərxoş adamı oynamağın sirri buna şəxsi həyatınızdakı kimi yanaşmaqdır. Yəni, sərxoş görünməmək üçün əlinizdən gələni etmək. Bu zaman siz bir xeyli yavaş hərəkət edirsiniz, daha ehtiyatlı, daha dəqiq olursunuz. Sərxoşluğun növbəti mərhələsində adamlar artıq heç kimə qulaq asmırlar", – Mikkelsen deyir. Onun sözlərinə görə, məhz buna görə çəkiliş zamanı aktyorlar ayıq olmalıdır: "Yoxsa rejissora qulaq asmazsan və iş yerli-dibli alınmaz".

Göz damcısı, döşəklər

Mikkelsen bu rola ilham almaqdan ötrü başqa filmləri izləmədiyini, əvəzində çoxlu YouTube izlədiyini deyib. Onun sözlərinə görə, ruslar sərxoş olduqları vaxt özlərini videoya çəkib YouTube-a yerləşdiriblər.

Bəzi aktyorlarsa başları gicəllənirmiş kimi görünməkdən ötrü hər dubldan əvvəl fırlanırmış. Ancaq Vinterberq deyir ki, Mads belə etməyib. Aktyorlara xüsusi göz damcısı verilib ki, gözləri qızarsın. Bundan başqa, onlar divara dəydikləri zaman zədə almamaları üçün xüsusi çiyinliklər taxmalı olublar.

"Another Round"un çəkilişi zamanı yerə xüsusi döşəklər döşənib ki, aktyorlar istənilən vaxt yerə yıxıla bilsinlər. "Çox içkili adamlar yerə yıxılanda özlərini saxlamaq üçün əllərindən istifadə etmirlər. Ona görə də biz hər yerdə döşəklərin olmasını istəmişik", –Mikkelsen izah edir.

Vinterberq isə deyir ki, sərxoş adamı oynayan zaman ən əhəmiyyətli məsələ tamaşaçını yox, özünü inandırmaqdır.

"Another Round" filmi fevralın 5-dən bütün dünyada ekranlara çıxarılıb. Filmin premyerası isə 2020-ci ilin sentyabrında Toronto Beynəlxalq Film Festivalında olub.

XS
SM
MD
LG