Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:43

Cümə Əhmədzadə Londondakı dəbdəbəli mənzili necə alıb


Arxiv fotosu
Arxiv fotosu

Bu ödəniş qaranlıq bir konsultasiya kontraktı əsasında edilib. Kontrakt yenicə yaradılmış, konsultasiya sahəsində ad çıxarmayan anonim şirkətlə bağlanıb

Azərbaycanlı məmurun oğlu saxta şirkətə sirli ödənişlə Londonda dəbdəbəli malikanə əldə edib. Bunu Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) üzə çıxarıb.

Araşdırmada bir müddət öncə “Panama Sənədləri” adlı araşdırmada adı keçən türkiyəli multimilyonçu Mehmet Cengizdən söz açılır. Türkiyənin “Cumhuriyet” qəzetinin 2016-cı ilin iyununda yaydığı sənədlərdə tikinti maqnatının təsis etdiyi gizli ofşor şirkətlərin adları çəkilirdi. Cengizin Böyük Britaniyada nəzarət etdiyi şirkət 2008-ci ildə “Vremax Properties Limited” adlı ofşor şirkətə 3.07 milyon dollarlıq konsultasiya ödənişi edibmiş.

Bu ödəniş qaranlıq bir konsultasiya kontraktı əsasında edilib. Kontrakt yenicə yaradılmış, konsultasiya sahəsində ad çıxarmayan anonim şirkətlə bağlanıb.

Nə baş verib

OCCRP pərdəarxası baş verənləri öyrənib. Ödənişdən bir neçə ay sonra Vremax Londonun mərkəzində 2.3 milyon dollara dəbdəbəli mənzil alır. Artıq bu mənzildə Azərbaycandan gənc biznesmen Cümə Əhmədzadə yaşayırdı. Vremax ona həmin mənzildə yaşamaq icazəsi verir. İki il sonra gizli ofşor şirkət qonşuluqdakı daha iki mənzili alır, Əhmədzadəyə onların dizaynını dəyişərək özü üçün əzəmətli bir iqamətgah qurmağa şərait yaradır.

Araşdırmada deyilir ki, Əhmədzadənin türkiyəli maqnatla əlaqəsi bəlli olmasa da, atası Əhməd Əhmədzadənin olub.

O, Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbəridir. Bu şirkət ölkənin şimal-qərbində nəhəng su-elektrik bəndinin tikintisindən ötrü Cengizin tikinti konqlomeratı ilə kontrakt imzalayıb.

Beləliklə, hadisələrin xronologiyası belədir:

  1. Azərbaycanın dövlət su şirkəti Cengizin tikinti şirkətinə nəhəng kontrakt verir;
  2. Cengizin nəzarətində olan başqa bir şirkət ofşor şirkətə böyük məbləğdə ödəniş edir;
  3. Ofşor şirkət Londonda dəbdəbəli mənzil alır və su şirkətinin oğlunun orada yaşamasına “icazə verir”.

Əlavə araşdırma aparılsa...

OCCRP sözügedən mənzilin rüşvət kimi verilməsinə birbaşa dəlil tapmayıb. Vremax sahibləri, bu şirkətin həqiqətən konsultasiya işi aparması, hansısa gəlir mənbəyinin olması da bəlli deyil.

“Bu işdə şübhə yaradan məqamlar var... siyasi əlaqələri olan şəxslər sərvət yığmaq məqsədilə, açıq izahat vermədən gizli şirkətlərdən istifadə edə bilərlər”, – Britaniyadakı “Transparency International” təşkilatının siyasət direktoru Dunkan Heymz deyir və uyğun dövlət qurumlarının əlavə araşdırma aparmasını gərəkli sayır.

Maliyyə cinayətləri üzrə müstəqil mütəxəssis Qraham Barrou bildirir ki, 3 milyon dollarlıq kontraktın məqsədi rezervuar sazişinə görə “mükafatlandırma”, Əhməd Əhmədzadəyə “şəxsən ödəniş” olunması ola bilərdi. Yəni, gizli yollardan keçirilən vəsaitə onun oğlu üçün Londonda mülk alınır.

OCCRP Cengiz Holdinqdən, Mehmet və Ekrem Cengizlərdən açıqlama ala bilməyib.

Karantin sms-ləri kimi varlandırır?
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

“Əhmədzadə ailəsinin Vremax-la əlaqəsi yoxdur”

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətindən bildirilib ki, Əhmədzadə ailəsinin Vremax-la əlaqəsi yoxdur.

“Sizə bildirmək istəyirik ki, məktubunuzdakı nəzəri ehtimallar yanlış təxminlərə söykənir”, – qurumdan bildirilib.

ASC-nin izahatına görə, gənc Əhmədzadə 2002-ci ildən Londondakı ünvanda kirayədə qalıb. “Bu müddət ərzində mülkiyyətin sahibi dəyişib, ancaq bu onun həmin ünvanda müvəqqəti yaşamasına təsir göstərməyib”, – məlumatda vurğulanıb.

“Sözügedən infrastruktur layihəsi isə Azərbaycan Respublikasının yurisdiksiyasına uyğun olaraq, beynəlxalq normalar çərçivəsində reallaşıb”, – mətbuat xidməti bildirib.

2016-cı ildə Panamada yerləşən Mossack Fonseca adlı hüquq firmasına aid bir neçə milyon sənəd internetə sızdırılmışdı.

Bu sənədlər dünya boyunca çox sayda siyasətçilərin və məşhurların gizli ofşor hesablarının olduğunu ortaya çıxarmışdı. Onların arasında Rusiya, Qazaxıstan və Azərbaycandan olan bir sıra vəzifəli şəxslər də vardı.

Sənədlərin arasında Azərbaycan prezidentinin ailə biznesinə aid olanlar da vardı.

XS
SM
MD
LG