Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:08

152 milyon uşağa ithaf edilən 'Günəşin uşaqları'


Məcid Məcidi
Məcid Məcidi

İranlı kinorejissor Məcid Məcidinin "Günəşin uşaqları" (Xorşid) filmi iki uşaq, 12-yaşlı Əli (Ruhullah Zəmani) və balaca əfqan dostu Əbolfəzlin (Əbolfəzl Şirzad) Tehranda bir ticarət mərkəzinin içində qaçması ilə başlayır. Onlar burada lüks maşınların təkərlərini oğurlamaqla məşğul olurlar.

Tamaşaçılar Məcidinin XX əsrin uşaqları haqda ən yaxşı filmlərdən birinin rejissoru olduğunu xatırlaya bilərlər. "Səmanın uşaqları" (Children of Heaven) adlanan bu film bir oğlanın bacısının ayaqqabılarını itirməsi və buna görə hər ikisinin başına gələnlər haqdadır. Variety saytı yazır ki, çox az film sadəlikdə bu filmlə rəqabət apara bilər. "Günəş" filminin ssenarisi isə daha mürəkkəbdir.

Əməyi istismar olunan uşaqlar

Hətta uşaqların ticarət mərkəzində qaçdığı ilk səhnədən də əvvəl filmin uşaq əməyinə məcbur edilən və haqlarını tələb edən 152 milyon uşağa ithaf edildiyi bildirilir. Odur ki, film başlar-başlamaz biz rejissorun siyasi bəyanat vermək istədiyini öyrənirik. Onun filmdə əsas rola çəkdiyi aktyorların hamısı əməyi istismar olunan uşaqlardır. Buna görə də ailələri üçün çörəkpulu qazanmağa məcbur edilən iranlı və mühacir uşaqları canlandıran zaman öz şəxsi təcrübələrindən çıxış edə bilirlər.

Əli təkər oğurlamadığı vaxtlarda məhəllənin kriminal qoçusu Həşemin (Əli Nasirian) çirkli tapşırıqlarını yerinə yetirir. Əli möhkəm uşaqdır.

Sayt yazır ki, Məcidi bütün karyerasını əxlaq və mənəviyyatı qabardan neorealizmə həsr edib.

""Günəşin uşaqları" rejissorun əvvəlki işlərindən daha incə məharətlə çəkilib. Ancaq yenə də müəyyən rabitəsizlik hiss olunur", – deyə yazıda qeyd edilir. Təcrübəli, lakin kobud böyüklərlə qeyri-peşəkar uşaq aktyorların qarışığı ilə işləmək o qədər də asan olmamalıdır.

Film, demək olar, bütövlükdə "Günəş məktəbi" adlı yerli icma təşkilatının altında yerləşən tunellərdə çəkilib. "Günəş məktəbi" İranın dövlət təhsil sisteminin məhəl qoymadığı küçə uşaqlarını və uşaq fəhlələri bir yerə toplayıb onlara təhsil verməyə çalışan könüllülərdən ibarətdir. Filmin əvvəlində qeyd olunan "hüquqlar uğrunda mübarizə aparanlar" da onlardır. Filmdə onları cənab Rafi (Cavad Ezzəti) adlı çox maraqlı personaj təmsil edir.

Uşaqlar bərabər yaradılır...

Rafi sərtdir. Onun özü də bir az küçə adamı təsiri bağışlayır. Bir qədər kor-kobud olsa da, onun da bəzən yumşaq damarı tutur. Əli və üç gənc dostu "Günəş məktəbi"nə gəlib müdiri (Əli Ğabeşi) onları məktəbə götürməsi üçün dilə tutmağa çalışırlar. Bu zaman Rafi müdirdən xahiş edir ki, onlara güzəşt etsin. "Bizim fərqimiz nədir ki?! Hamımız bərabər deyilik?", – deyə Əli məktəbin həyətində hönkürür. Pəncərədən baxan Rafi uşağın oxumaq həvəsini və qətiyyətini görüb təsirlənir.

Ancaq Rafinin anlamadığı bir şey var ki, Məcidi onu artıq auditoriyaya açıb göstərib: Əlinin dərdi, əslində, təhsil almaq deyil. Məqsəd Həşemin yeni fırıldağını ört-basdır etməkdir.

Məhəllədə narkotik alverinə baxan bu şəxs həm də uşaqlara gizli tapşırıqlar verərək onların sədaqətini qorumağa çalışır. O, Əliyə yalnız məktəbin arxasından keçən tunellər vasitəsilə tapıla biləcək xəzinədən danışıb. Əli və dostlarına həmin əraziyə çıxış əldə etmələri üçün məktəbə yazılmağı tapşırıb. Əlbəttə, uşaqlar da məktəbə yazılan kimi tapşırığa uyğun olaraq zirzəmiyə enib əslində mövcud olmayan xəzinəni tapmaq üçün tunelləri gəzirlər.

"Günəşin uşaqları"nın məqsədi tamaşaçılara bütün uşaqların bərabər yaradıldığını, təhsil və həvəsləndirməyə layiq olduqlarını xatırlatmaqdır. Məcidinin gənc komandası bu mesajı ucadan və aydın səsləndirə bilir. Rejissorun uşaq aktyorlarla işini səudiyyəli rejissor Haifa əl-Mənsurun gözəl "Wadjda" və livanlı aktyor və rejissor Nadin Labakinin "Capernaum" filmləri ilə müqayisə etmək olar.

XS
SM
MD
LG