Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:29

Avropalı parlamentarilər Azərbaycan rəsmilərinə sanksiyalara çağırır


Bakıda 14 iyul yürüşü
Bakıda 14 iyul yürüşü

"Hakimiyyəti zorla ələ keçirməyə cəhddə suçlanan Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən əsassız ittihamlarla həbs olunan onlarla müxalifətçidən biridir. Partiya lideri Əli Kərimli isə hazırda qanunsuz olaraq de-fakto ev dustağıdır”, – bəyanatda deyilir

Avropa Parlamentində Sosial-Demokratlar Qrupu Azərbaycanda insan haqlarını pozanlara qarşı sanksiyalara çağırır.

Qrupun vitse-prezidenti Kati Pirinin adından yayılmış bəyanatda hüquq-mühafizə orqanlarının AXCP rəyasət heyətinin üzvü Fuad Qəhrəmanlıya ağır işgəncə verməsi xəbərlərindən nahahatlıq ifadə olunur.

“Əli Kərimli de-fakto ev dustağıdır”

“Hakimiyyəti zorla ələ keçirməyə cəhddə suçlanan Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən əsassız ittihamlarla həbs olunan onlarla müxalifətçidən biridir. Partiya lideri Əli Kərimli isə hazırda qanunsuz olaraq de-fakto ev dustağıdır”, – bəyanatda deyilir.

“Bu hərəkətlər qınanmalıdır, müxalifətçilər Prezident Əliyevin təhriki ilə sistematik olaraq qorxudulur, təzyiqə məruz qalır və həbs olunurlar. Prezident dəfələrlə öz çıxışlarında onları “beşinci kolon”, “xəyanətkar” adlandırıb. Azərbaycan qanunvericiliyinə, ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq onların fundamental hüquqları təmin olunmur, vəkilləri, ailə üzvləri ilə əlaqə saxlaya bilmirlər. Prezident Əliyevin COVID-19 pandemiyası və Ermənistanla son hərbi gərginlikdən istifadə edərək ölkədə siyasi müxalifətin qalıqlarını təmizləməsi qəbuledilən addım deyil”, – bəyanatda vurğulanır.

Qrup Azərbaycandakı vəziyyətin “ciddiliyini” nəzərə alaraq AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Josep Borrell-ə müraciət edir. Onu yubanmadan Azərbaycanda siyasi müxalifətə və vətəndaş cəmiyyətə qarşı zorakı repressiyaya görə cavabdehlik daşıyan məmurlara AB tərəfindən insan haqları sanksiyaları tətbiq olunması üçün təşəbbüs irəli sürməyə çağırırlar.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG