Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:10

Britaniyada ‘Azərbaycana bağlı’ ər-arvadın 14 milyon funt sterlinqi araşdırılır


Londondakı İngiltərə Bankının kandarında funt sterlinq təsvirləri
Londondakı İngiltərə Bankının kandarında funt sterlinq təsvirləri

Britaniyada məhkəmə Evening Standard qəzetinə adları çəkilməyən ər-arvad tərəfindən “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilmiş azı 14 milyon funt sterlinq (17 milyon dollar) pulla bağlı məhkəmə materiallarına giriş verib.

Qəzet bu məhkəmə qərarını özü üçün “qismən qələbə” hesab edir.

Hakim Emma Arbuthnot məxfi sənədlərə giriş verərkən deyib ki, qəzet “çox mühüm bir material” hazırlayır.

Bu sənədlər məhkəməyə sözü gedən ər-arvada dair “çirkli pul” iddialarını araşdıran Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən təqdim olunub.

London cütlüyü

Xanım Arbuthnot-un sözlərinə görə, söhbət MCA-nin Londonda yaşayan cütlüyün dondurulmuş bank hesablarındakı vəsaitin “beynəlxalq korrupsiyadan gəlməsinə və Beliz, Marşal və Seyşel adaları da daxil silsilə ofşor şirkətlər vasitəsilə yuyulmasına” dair iddialarından gedir.

Hakim bildirib ki, “bu pulların “Azərbaycan pulyuyuan maşını” kimi tanınan sxemdən keçdiyini göstərən əlamətlər mövcuddur”.

Onun sözlərinə görə, bu sxemdən hakim elitanın Qərbdə daşınmaz və başqa əmlak alması üçün istifadə olunur.

Məhkəmə sənədlərindən bəlli olur ki, bu təhqiqat çərçivəsində Danimarkadakı bank hesabları barədə informasiya üçün də sorğular verilib.

“Qismən qələbə”

Lakin qəzetin bu qərarı “qismən qələbə” adlandırmasına səbəb budur ki, hakim daha sonra keçiriləcək dinləmələrə qədər sözü gedən ər-arvadın adlarının məxfi saxlanması qərarına gəlib.

Hakim eyni zamanda bu işlə bağlı baxılacaq ayrı bir hüquqi məsələ ilə əlaqədar cütlüyə qarşı iddiaların detallarının açıqlanmasını qadağan edib.

Məhkəmə bu hökmü Londonda çıxan Evening Standard qəzetinin vəsatətinə cavab olaraq çıxarıb.

Qəzet məhkəmədən MCA-nin Uestminister Məhkəməsinə təqdim etdiyi sənədlərlə tanış olmaq icazəsi istəmişdi.

MCA iddialar barədə sənədləri məhkəməyə təqdim etməklə ondan ər və arvada məxsus 10-dək bank hesabının dondurulması üçün order istəmişdi.

Məhkəmə sənədlərində ərin və arvadın adları şərti olaraq X və Y kimi göstərilib.

Assange-ın və Zamirə Hacıyevanın vəkili

Bank hesablarının dondurulması üçün order verilməsi ilə bağlı iki gün davam edən prosesdə ər və arvadı ölkənin ən nüfuzlu vəkillərindən James Lewis təmsil edirdi.

Onun son işlərindən biri də Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyasının qarşısının alınması ilə bağlı idi.

Qəzet yazır ki, WikiLeaks saytının yaradıcısı Jullian Assange-ın ekstradisiyasına qarşı işi də məhz bu vəkil aparır.

Vəkil James Lewis sənədlərin qəzetə verilməsinin əleyhinə çıxış edirdi. O bildirirdi ki, bu sənədlərdə sözü gedən ər və arvadı “çirkli pul yuyan və korrupsiyaçı” kimi təsvir edən isbat edilməmiş iddialar yer alıb.

Lakin hakimin qərarında deyilir ki, “Evening Standard qəzetinin bu sənədlərə çıxış almaq istəyində normal jurnalist məqsədi var” və bu məqsəd Birləşmiş Krallığa “çirkli pulların” gətirilməsindən narahatlıqla bağlıdır.

Kompromis nəticəsində qərarda qəzetə sözü gedən məxfi sənədlərin redaktə olunmuş variantının verilməsi baradə müddəa yer alıb.

Hakim deyib ki, beləliklə də qanuni jurnalist marağı ilə sözü gedən adamların şəxsi məxfilik hüququ arasında balans əldə olunub.

Yüksək vəzifəli Azərbaycan rəsmisinə bağlı X

Bununla belə, hakim ər-arvadın kimliyi ilə bağlı bildirib ki, onların məxfiliyi “prosesin yalnız ilkin mərhələsində” saxlanacaq.

Hakim əlavə edib ki, X Azərbaycanın yüksək vəzifəli hökumət rəsmisinə bağlıdır.

Hökmdə deyilir ki, sözü gedən cütlüyə qarşı şübhənin əsasını onların 21 şirkətdən 13 milyon 897 min 280 funt sterlinq alması təşkil edir. Bu 21 şirkətin arasında “Azərbaycan pulyuyan maşınına” bağlı olan bir neçə şirkətlər də var.

Xanım Arbuthnot bunu da açıqlayıb ki, ər-arvada qarşı hüquq-mühafizə orqanları tərəfindən başqa işlərlə bağlı verilmiş order tələbnamələri də var.

Hakimin sözlərinə görə, bunların indi açıqlanması cütlüyün “maliyyə və biznes maraqlarına ciddi ziyan vura bilər”.

Pulyuyan maşın

Hökmdə qeyd olunur ki, “Danimarkada 21 şirkətlə bağlı bank sənədlərinə”, habelə Beliz, Marşal adaları və Seyşeldəki şirkətlərin “mənfəətdar sahibliyinə” dair təhqiqat hələ davam edir.

Evening Standard yazır ki, “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə mənşəyi Azərbaycan olan 2.2 milyard funt strerlinq (2.7 milyard dollar) vəsait 2012-2014-cü illər arasında Britaniyada qeydiyyatdan keçmiş dörd şirkət və Danimarka bankının Estoniya filialı vasitəsi ilə “oğurlanıb”.

Bu puldan Britaniya, Almaniya, Fransa, Türkiyə, İran və Qazaxıstanda daşınmaz əmlak və başqa bahalı malların alınması üçün istifadə olunub. Bunların mənfəətdarlarının Azərbaycan elitasının üzvləri və bir sıra Avropa siyasətçiləri olduğu aşkarlanıb.

X və Y-ə qarşı istifadə olunan Hesabın Dondurulması Orderi (The Account Freezing Order) 2017-ci il tarixli Maliyyə Cinayətləri Qanunu əsasında qəbul olunub.

Ölkənin hüquq-mühafizə orqanları üç il bundan əvvəl qəbul olunmuş bu qanunu Britaniyaya çirkli pulların gətirilməsi cinayətinə qarşı qüdrətli alət hesab edirlər.

Britaniyanın Transparency International UK təşkilatının direktoru Duncan Hames sözü gedən məhkəmə qərarını alqışlayıb və deyib ki, ictimaiyyət hesabların dondurulması qanununun necə icra olunması barədə məlumat almaq haqqına malikdir.

XS
SM
MD
LG