Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:24

Kamran Əliyevdən gözlənənlər və gözlənməyənlər


K.Əliyev
K.Əliyev

Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib. Təqdimata Milli Məclisin mayın 1-də keçirilməsi nəzərdə tutulan plenar iclasında baxılması gözlənilir.

"Namizədlərin ən layiqlisi..."

Deputat Etibar Əliyev deyir ki, qeyri-hökumət təşkilatlarının (QHT) Koordinasiya Şurasının üzvü kimi bir neçə dəfə qurumun iclaslarında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hesabatlarının dinlənilməsində iştirak edib. E.Əliyevin sözlərinə görə, oradan kifayət qədər xoş təəssüratlarla ayrılıb:

E.Əliyev
E.Əliyev


"Hər halda, mən vətəndaş, deputat, QHT rəhbəri kimi deyə bilərəm ki, Kamran Əliyevin namizədliyi aparılan kadr islahatlarının tərkib hissəsidir. Prezident İlham Əliyevin irəli sürdüyü bu təqdimatı yaxşı qarşılayıram. Əslində, kimin Baş prokuror vəzifəsinə təqdim ediləcəyi ilə bağlı ehtimallar çox idi. Hesab edirəm ki, namizədlərin ən layiqlisi irəli sürüldü".

Deputatın fikrincə, İdarə kifayət qədər fəaliyyət göstərib, bu sahədə funksiya və missiyasını yerinə yetirməyə çalışıb. E.Əliyev vurğulayır ki, K.Əliyevin tərcümeyi-halı da Baş prokuror olması üçün yetərlidir.

"Düşünürəm ki, Kamran Əliyevin Baş prokuror olması prokurorluq sistemində şəffaflığa, daha böyük uğurlar əldə edilməsinə təsir göstərəcək", - deputat bildirib.

"Baş Prokurorluq icra hakimiyyətindən asılı vəziyyətdədir"

"Mən səmimi deyirəm ki, bu təyinatdan hansısa bir gözləntim yoxdur. Səbəbi də budur ki, qanunvericiliyə əsasən, hamının vəzifə və hüquq bərabərliyini təmin etmək üçün şəffaf idarəetmə sistemi olmalıdır, əslində isə, belə deyil". Bunu isə AzadlıqRadiosuna keçmiş deputat, işadamı Nazim Bəydəmirli mövzu ilə bağlı deyib. O, daha sonra da bunları əlavə edib: "Vaxtilə bizim şirkətə qarşı baş vermiş qanunsuzluqlarla bağlı Baş Prokurorluğa bir neçə dəfə müraciət etdim, şikayətlər verdim, nəticəsi olmadı. Yəni, Baş Prokurorluq icra hakimiyyətindən asılı vəziyyətdədir".

N.Bəydəmirli
N.Bəydəmirli

N.Bəydəmirli deyir ki, korrupsiya şikayətləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də bir neçə rəsmi müraciəti olub, sübutlar ortaya qoyulub, amma hər hansı araşdırma aparılmayıb: "Görünən odur ki, Baş Prokurorluq da, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi də daha çox icra hakimiyyətindən asılıdır. Formal olaraq Baş prokuroru Milli Məclis təsdiqləyir, MM qarşısında hesabatlıdır, ancaq faktiki olaraq icra strukturlarından asılıdır, onların işlərini müdafiə edir".

Kamran Əliyev kimdir

Kamran Əliyev 1965-ci ildə Azərbaycanın Balakən rayonunda doğulub. 1987-ci ildə Rusiyanın İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Bir müddət Rusiyada prokurorluq orqanları sistemində çalışıb.

1993-cü ildə K.Əliyev köçürülmə qaydasında Azərbaycan Prokurorluğu orqanlarına işə qəbul olunub.

O, 2007-ci ildə Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

XS
SM
MD
LG