Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

HRW: ‘Qadağalardan müxalifətə qarşı sui-istifadəni dayandırın’


Bakıda karantin rejimi
Bakıda karantin rejimi

“Azərbaycan hakimiyyəti COVID-19 pandemiyasının yayılmasını yavaşıtmağı hədəfləyən məhdudiyyətlərdən müxalifət fəallarının həbsi və hökumət tənqidçilərinin susdurulması üçün sui-istifadə edir”, – “Human Rights Watch” insan haqları təşkilatı aprelin 16-da bildirib. Qurum hakimiyyətin azı altı fəalı və müxalifyönlü jurnalisti karantin qaydalarını pozmaq və polisin göstərişlərinə əməl etməmək kimi saxta ittihamlarla 10 sutkadan 30 sutkaya həbsə məhkum etdiyini deyir.

Bəyanatda qeyd olunur ki, saxlananların demək olar hamısı hökumətin nəzarətində olan karantin mərkəzlərindəki şəraiti, hökumətin pandemiyadan əziyyət çəkənlərə adekvat kompensasiya verə bilməməsini tənqid edib.

“Qisasçılıq ənənəsinə tam uyğun gəlir”

“Bu həbslər Azərbaycanda çoxdankı siyasi qisasçılığın tərkib hissəsidir. Hakimiyyət ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətdən, qanuni çıxışları cəzalandırmaqda bəhanə kimi istifadəni dayandırmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib.

Human Rights Watch bildirir ki, martın 22-dən bəri saxlanmış yeddi hökumət tənqidçisinin ailə üzvləri və vəkilləri ilə danışıb, məhkəmə sənədlərini gözdən keçirib. Qurum həbslərdən öncə Prezident İlham Əliyevin pandemiyaya qarşı tədbirlərdən müxalifətə qarşı istifadə olunacağını ehtiva edən sözlərini yada salıb. “Bu, hökumətin azad sözə və siyasi tənqidçilərə nifrətinin daha bir göstəricisidir”, – qurum bildirir.

Prezident İlham Əliyev 19 mart Novruz çıxışında demişdi: "...nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər".

“Şəxsi azadlığı həddən artıq məhdudlaşdırır”

Bəyanatda saxlanan fəallar kimi AXCP üzvləri Anar Məlikovun, Faiq Əmirlinin, Nicat Abdullayevin, Ruslan Əmirovun,Azərbaycan Demokratiya və Rifah Hərəkatından Şakir Məmmədovun, jurnalist Natiq İsbatovun, gənc fəal Nəriman Abdullanın adları çəkilir. Bu şəxslərdən bəzilərinin karantin qaydalarını pozduğu bildirilir.

Azərbaycanda koronovirus pandemiyasına qarşı mübarizə məqsədilə martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

“Human Rights Watch” qeyd edir ki, Azərbaycanda evdən SMS icazəylə çıxmaq hərəkət və şəxsi azadlığı həddən artıq məhdudlaşdırır.

“Adamların həbsi yanlışdır və hakimiyyətə ictimai inamı artırmır. Həbsin tamamilə əks effekti olur və adamları daha çox ziyana salır. Hakimiyyət saxlananları dərhal buraxmalı, məhdudlaşdırıcı tədbirlərdən siyasi məqsədlə istifadəyə son qoymalıdır”, – Gogia deyib.

Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi məqsədlərlə təqibə məruz qalmadığını, vətəndaşların bütün təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirirlər.

XS
SM
MD
LG