Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Trump-ın keçmiş müşaviri 10 saat ifadə verib


Fiona Hill
Fiona Hill

ABŞ Konqresinin üç komitəsində impiçment araşdırması davam edir. Prezident Donald Trump-ın Rusiya üzrə keçmiş müşaviri oktyabrın 14-də 10 saatdan çox qapalı ifadə verib.

Fiona Hill Trump-ın Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya Məsələləri üzrə keçmiş direktor idi. O, bütün günü Nümayəndələr Palatasının komitəsində sualları cavablandırıb.

Trump ukraynalı həmkarından siyasi rəqibi, keçmiş vitse-prezident Joe Biden barədə araşdırma aparılmasını istəyərkən səlahiyyətindən sui-istifadə edibmi? Palata bunu araşdırır.

Oktyabrın 16-da Dövlət katibi Mike Pompeo-nun aparıcı müşaviri postundan bu yaxınlarda istefa vermiş Michael McKinley könüllü ifadə verəcək.

“Reuters” xəbər verib ki, Müdafiə Nazirinin müavininin köməkçisi Laura Cooper oktyabrın 18-də Palata komitələrində dindiriləcək.

Oktyabrın 17-də isə ABŞ-ın Avropa Birliyindəki səfiri Gordon Sondland-ın ifadə verəcəyi gözlənir.

Trump təkid edir ki, iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbətində hansısa yanlışa yol verməyib. Həmin söhbət zamanı Trump Zelenskiy-dən xahiş edib ki, Biden və oğlu Hunter barədə korrupsiya iddiaları ilə araşdırma apararkən şəxsi vəkili Rudy Giuliani və Baş Prokuror William Barr ilə işləsin.

Giuliani sənədləri verəcəkmi

Telefon söhbəti zamanı Trump Ukrayna üçün nəzərdə tutulmuş 391 milyon dollar hərbi yardımın ayrılmasını dayandırıb. Həmin yardımda məqsəd Kiyevə Ukraynanın şərqindəki separatçılarla münaqişədə kömək etmək idi.

Oktyabrın 15-dək Giuliani Ukraynayla bağlı, Konqresin istədiyi sənədləri verməlidir. İndiyədək Trump administrasiyasının heç bir üzvü onun bu tələbə əməl edib-etməyəcəyini deməyib. Giuliani iki dönəm Nyu Yorkun meri olub.

Bu arada Giuliani iki müştərisi və biznes ortağı – ukraynalı Lev Parnas və belaruslu Igor Fruman hələ də həbsdədir. Onların ABŞ-da seçki kampaniyasını maliyyələşdirmə qanunlarını pozduğu iddia olunur və ötən həftə saxlanıblar. Onlar girov müqabilində azadlığa buraxılmayıblar. İki şübhəlinin “federal və ştat vəzifələrinə namizədlər üçün xaricdən pul təşkil elədiyi” bildirilir.

Giuliani etiraf edib ki, ortaqları ilə birlikdə ukraynalı prokurorlarla işləyərək Biden, oğlu Hunter və ABŞ-ın Ukraynadakı ovaxtkı səfiri Marie Yovanovitch barədə informasiya əldə etməyə çalışıblar. Hazırda Dövlət Departamentində çalışan Yovanovitch oktyabrın 11-də Palatada qapalı ifadə verib.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin (OCCRP) məlumatına görə, Parnas və Fruman 2018-ci ildə respublikaçıların müxtəlif seçki kampaniyalarına azı 576 min dollar ianə ediblər.

Bu pulun böyük hissəsi – 325 min dolları Trump-ı dəstəkləyən “America First Action” komitəsinə ayrılıb.

XS
SM
MD
LG