Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

E. Böyükvənd: 'İrandakı rasizmdən danışanda özümüzdəki Zəlimxanı da görək'


Şair Zəlimxan Yaqub.
Şair Zəlimxan Yaqub.

"Zəlimxan Yaqubun yazdığı o şeirin ən ürək bulandırıcı və alman nasistlərinin düşüncəsini tərənnüm edən misraları isə belədir "Türkə səcdə, türkə təzim olacaq”, “Bu gün-sabah dünya bizim olacaq""

Elşən Böyükvənd

Ədəbiyyatda rasizm və Zəlimxan Yaqub

İran Azərbaycanından olan yazıçı Elşən Böyükvənd.
İran Azərbaycanından olan yazıçı Elşən Böyükvənd.

Rasizm gözlüyü böyük və kiçik yazıçı tanımır. İstənilən yazıçının gözlüyünə çevrilə bilər. Dostoyevski'nin türklər və tatarlara baxdığı gözlüklə, Ezra Pound amerikalılar və britaniyalılara baxırdı. Panslavist Dostoyevski öz romanında tatar soyundan olan şəxsiyyəti böyük və qorxunc bir böyüyə bənzədibdir. "Karamazov Qardaşları" əsərində isə türklərin etdikləri cinayətlərdən söz açarkən onları ürək bulandırıcı şəkildə təsvir etmişdi. Ezra Pound daha aydın və açıq forma da rasizmlə uğraşırdı. Onun fikrincə, “Britaniyalıların dişlərini vurub sındırmaq lazımdır. Amerika isə ayaqdan başa divanələr dəlixanasıdır” deyirdi. Benito Mussolinin rəhbərliyini öyüb və sevən Pound, Hitleri “şəhid, Janna Dark və müqəddəs” adlandırmışdı. Stalini isə, “dünyanın ən düşüncəli siyasətçisi” hesab edirdi. İki düşmən ideologiyaya mənsub olan Stalin və Hitlərin mədh edilməsinə bir bax (paradoksallığa diqqət).

Buna da bax: "Böyük fars mədəniyyəti haqda gözəl yazı yazın"

Amerikalı şair Ezra Pound.
Amerikalı şair Ezra Pound.

Martin Heidegger kimi sanlı və böyük filosofda rasizm ovsunundan qaça bilmədi. Öz ustadı Edmond Husserl yəhudi olduğuna görə Universitet müəllimlik işindən azad edib təzyiqlərə məruz qoymuşdu. O, alman nasist hərəkatı və partiyasını öyüb müdafiə edərək, demokratiyanın əsas tənqidçilərindən biri olduğunu gizlətmədi və bu düşüncəsini ömrünün sonuna qədər qoruyub saxladı. Elə buna görə uzun zamandan sonar əski sevgilisi ilə görüşən Hannah Arendt “M. Heidegger utandığından islanmış köpəyə oxşayırdı” yazmışdı.

Çağdaş Fars ədəbiyyatı isə rasizm döşündən süd əmən şair və yazıçılarla xıncaxınc olub. Yeni fars romanının təməlini qoyan Sadiq Hidayətin ərəblər və türklərə bəslədiyi nifrət və istehzanın güclü qoxusunu Mehdi Əxəvan Salis, Siyavuş Kəsrayi, Ə.Nuşin, Nadir Nadirpur, Müctəba Minəvi, M. Bahar, Sadiq Çubək, Bozorg Ələvi və onlarca yazıçı, araşdırmaçı və şairdə görürük. Siyasi-ictimai və fikri sahələrdə çalışan İran rasistlərinin siyahısını tutmaq istəsək, iri həcmli bir kitab yazmalıyıq, məncə.

Buna da bax: O taylı yazıç dünya P.E.N təşkilatına yazır: 'İranda 30 milyondan çox türkün bircə qəzeti yoxdur'

İran rasistlərindən bir nümunə verməyi yetərli sanıram. Fransada siyasət fəlsəfəsi üzrə akademik təhsilini bitirən, Louis Althusser'in tələbəsi olan Prof. Seyid Cavad Təbatəbayinin "Mehrnamə" dərgisinə verdiyi müsahibəsində “Azərbaycan türkcəsi dilində yazılan bütün ədəbi və fikri mirası 8 ay içində pantürkçülərə öyrədib bitirmək olar” demişdir. Prof. Təbatəbayinin fikrincə, “Quzey Azərbaycan Akademiyalarındakı müəllimlərin savadı, İran kəndlilərindən belə aşağıdır”. Avropanın ünlü filosofları ilə yaxın münasibət də olan və Güney Azərbaycanın Təbriz şəhərində doğulan mütəfəkkirin əsas tezisi, türklər, monqollar və ərəblərin gəlişindən sonar İran coğrafiyası içində düşünməkdən imtina etməyin mərhələlərini açıqlamaqdır.

Rasizmi başqalarında axtarıb tənqid edərkən, bu xəstəliyin öz yazıçılarımız içinə sızmasını da diqqətlə izləməliyik. Güney, Quzey Azərbaycan və farsdilli yazarların rasizmlə olan münasibətləri və düşüncələri haqda daha geniş və dəqiq araşdırma aparmağı sonraya saxlayıram.

Xəyal dünyası çox təhlükəli və qımız dadlı bir yerdir. Şairi yüksəldə ya da xulyalara sala bilər. Xəyalpərəst və rasist düşüncəli şair Zəlimxan Yaqub bəy, “Qarabağı sazla alacağını”, “Əvvəl-axır dünya türkün dünyası”, “Bugün-sabah dünya bizim olacaq” kimi usdışı misralar və ifadələrlə millətimizin düşüncə səhifəsinə heç bir şey qazandıra bilməyəcək.

Yusif Akçura, Ziya Göyalp, Məmməd Əmin Rəsulzadə, Əbülfəz ElçibəyAtatürk dünyanın bizə məxsus olacağına görə hər hansı bir yazı yazmayıbdılar. Turançılıq düşüncəsi belə, "Bugün-sabah dünya bizim olacaq" misrasını bağıracaq boğazı olmazkən, Qarabağımızı sazla alacağını çığıran şairimiz bu işi görməyə qalxır. Şeirin ən ürək bulandırıcı və alman nasistlərinin düşüncəsini tərənnüm edən misraları isə belədir "Türkə səcdə, türkə təzim olacaq”, “Bu gün-sabah dünya bizim olacaq".


Buna da bax: Murad Köhnəqala. Zəlimxanın xəngəl əməliyyatı

Zəlimxan YAQUB

İLK ANDIMIZ, SON ANDIMIZ TURANDI


Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG