Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:09

Avropa Məhkəməsinə gedən daha bir məktub itib


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

AXCP üzvü Murad Ədilov haqqındakı hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət poçtda itib. Bu haqda AzadlıqRadiosuna Murad Ədilovun vəkili Yalçın İmanov bilgi verib.

Vəkil deyir ki, Muradın narkotik ittihamı ilə 6 il azadlıqdan məhrum edilməsinə dair hökmdən və həmin hökmün qüvvədə saxlanılması haqda yuxarı instansiya məhkəmələrinin qərarlarından şikayəti Strasburqa sentyabrın 20-də göndərib. Şikayətdə M.Ədilova münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasından söz açılır.

«Bu gün bəlli oldu ki, göndərdiyimiz şikayət yoxa çıxıb. Bununla əlaqədar «Azərpoçt» MMC-yə müraciət elədim. Hələlik müraciətə cavab verilməyib, araşdırma aparıldığını deyirlər», – Y.İmanov bildirib.

Vəkil deyir ki, bu, ilk hal deyil. Bundan əvvəl də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi və başqa siyasi işlərlə bağlı Avropa Məhkəməsinə göndərilən şikayətlər ünvanına çatmayıb: «Bu da problemin artıq tendensiya halı aldığını göstərir. Görünür, Azərbaycan hökuməti əlindən gələni eləyir ki, siyasi işlərlə bağlı şikayətlər ünvanına çatmasın».

BİR MƏKTUB 3 DƏFƏ İTİB

F.Qəhrəmanlının vəkili Nemət Kərimli də dəfələrlə eyni problemlə üzləşdiklərini deyir. Bildirib ki, iyunda 52 saylı poçt vasitəsilə Avropa Məhkəməsinə F.Qəhrəmanlının işi ilə bağlı şikayət göndərib. Amma şikayət ünvanına çatmayıb. Əlindəki bildirişlə poçt şöbəsinə gedib. Orada vəkilə deyiblər ki, çeşidləmə vaxtı məktub itib. Bundan sonra ərizəni sentyabrın 24-də 102 saylı poçt vasitəsilə göndərib, amma bu dəfə də məktub ünvanına çatmayıb: «Yenə də məktubu itirdikləri barədə mənə rəsmi cavab verdilər. Oktyabrda isə 1 saylı poçt vasitəsilə Amid Süleymanovun işi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərmişdim. Poçtdan mənə o məktubu da itirdiklərini dedilər».

«Amnesty International» təşkilatının «vicdan məhbusu» elan etdiyi Murad Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzetinin və peyklə yayımlanan «Azərbaycan saatı» televiziya proqramının əməkdaşı Natiq Ədilovun qardaşıdır. M.Ədilov 2014-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Hazırda siyasi mühacir olan N.Ədilov qardaşının həbsini özünün siyasi fəaliyyətinə bağlayır.

Ancaq hakimiyyət rəsmiləri siyasi fəallar və müstəqil jurnalistlərin yaxınlarına təzyiqlərlə bağlı şikayətləri əsasız sayırlar.

XS
SM
MD
LG