Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:01

Prokurorluq generalın açıqlamasını araşdırır


General Akif Çovdarov istintaq altında
General Akif Çovdarov istintaq altında

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada ölümü ilə bağlı başlanılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Baş Prokurorluq: Araşdırma davam edir

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya bildirdiyinə görə, İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında intihar etməsi iddiası üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi aparır.

Prokurorluqdan istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Buna da bax:​ Generalın məktubu yayılıb: 'Məni öldürmək istəyirlər...'

Mənbə: İntihar sübut olunub

Agentlik hüquq-mühafizə orqanlarındakı adını açıqlamadığı mənbəyə istinadla cinayət işi üzrə aparılan araşdırmalar zamanı İ.Əliyevin intihar etdiyinin sübuta yetirildiyini bildirir.

“İ. Əliyevin meyitinə baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib”, mənbə bildirib.

General Çovdarovun açıqlamaları

Bir neçə gün əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Akif Çovdarovun vəkili Kamandar Nəsibov mediaya maraqlı açıqlamalar vermişdi. Vəkil həbsdəki generalın məktubunu açıqlamışdı.

Vəkil A.Çovdarova istinadla İ.Əliyevin intihar etməsi epizoduna da toxunmuşdu. O, İ.Əliyevin özünü asmadığını, döyülərək öldürüldüyünü, sonra asıldığını ifadə etmişdi:

“İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyüb asırdı? Bundan başqa, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib bu adam. Yaxud Orxana (MTN-in həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya özü öz başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib”, vəkil demişdi.

Buna da bax:​ 'Akif Çovdarovun durumu gündən-günə pisləşir'- vəkil

İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar ötən il həbs olunmuşdu. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında ölüb.

Ötən il oktyabrın 17-də Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov işdən çıxarıldı. Bunun ardınca nazirliyin 20-yə qədər yüksək çinli əməkdaşı vəzifə səlahiyyətlərini aşma, rüşvət və başqa ağır cinayətlərdə ittiham edilərək həbs edildilər. Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi. Onun bazası əsasında iki qurum-Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

XS
SM
MD
LG