Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:14

Əgər oraya bir də qayıda bilsəydim...


Bakı. Sovet dövründə inşa olunmuş binalar.
Bakı. Sovet dövründə inşa olunmuş binalar.

-

"Məhz həmin gün eyvanda dayanıb, yağışa tamaşa edən Nikaya uzaqdan əl eləyib (o vaxtı utancaqlıqdan qurtulmaq üçün treninqlər keçirdim və bu da bir metod idi-tanımadığın adamla ünsiyyətə girmək), qarşılıqlı cavabını almışdım; biz baharımıza beləcə qədəm qoymuşduq".

Fuad Əhmədov

FƏSİLLƏR

Gənc yazar Fuad Əhmədov.
Gənc yazar Fuad Əhmədov.

Həmin günədək ora nə vaxtsa qayıdacağımı soruşanlara qətiyyətlə (az qala əlimi müqəddəs kitaba basaraq) ”yox“ deyirdim və sözümə sadiq qalacağıma əmin idim. Çünki böyüdüyüm ocağı tərk edəndə bütün ”körpüləri” birdəfəlik yandırıb, külünü göyə sovurmuşdum. Darıxmırdım və darıxan insanlardan da xoşum gəlmirdi, nə mənası vardı keçmişi varavutlamağın? Yaxın ətrafım məni bivec biri kimi tanıyırdı və açığı bununla fəxr edirdim. Di gəl ki, bir ay idi keçmişim beynimdə bəd xassəli şiş kimi kök salmışdı və mən - "Cənab Bivec" nə qədər əlləşdimsə bu şişi əməliyyat edib, götürə bilməmişdim. Uzun-uzadı götür-qoydan sonra xəlvətcə “tüpürdüyümü yaladım”.

Metrodan çıxıb, rükzakımı çiynimə aşırıb, dayanacağa sarı addımladım. Uzaqdan zivəmizə qonan sərçələr kimi səs-səsə verib civildəşən taksi sürücülərinin çağırışlarını eşitmək olurdu. Kimisi boş yerlərin sayını, kimisi ucuz gediş haqqlarını reklam edirdi. Yadıma o vaxtkı "RAF" sürücüləri düşdü. Qıvrımbaş bir sürücü ağ zolaqlı yaşıl RAFına elə baxırdı deyərdin ki, bu maşından savayı qayğısına qalmalı olduğu hec nəyi və heç kimi yoxdur. Maşının üstü və içi həmişə təmiz, söykənəcəyinə göy Titanik (gəmilə heç əlaqəsi yox idi) yazılı ağ üzlüklər keçirilmiş oturacaqları yumşaq olardı. Özü də sürət sevən idi bu qıvrımbaş, qalın qaraqaşlı A.

Seçim etdiyim taksidə məndən savayı digər üç sərnişin qadın olduğundan qabaqda oturmağım məsləhət görüldü. Çantamı ayaqlarımın arasında rahlayıb kəmərimi taxdım, yolun kənar xəttləri bizi izləməyə başladı. Orta yaşlı qadınlar cavan sürücü ilə zəmanələr fərqini araşdırmaqlarında idilər. Mən şüşəni bir az saldım, çantadan qulaqcıqları çıxartdım. Sürətdən doğan külək sifətimi sığallayır, saçlarımı arxaya darayırdı.

Assai Daça-nı (Дача) oxuduqca mən, tez-tez dəyişən yol qırağı binalara, marketlərə baxa-baxa xumarlanırdım; Nikanın çilli sifəti gözümün önünə gəldi. Narıncıbaşım mənim... Dənizin qırağındayıq, yetmiş altıncı (mən sayırdım-səksənə çatdıra bilmədim(k)) görüşümüz. Sonuncu görüşümüz idi. Başlanğıc və son bir məkanda, bir anda və bir simada-onun simasında. Narıncıbaşın həyat dolu, mavi gözləri həmin gün soyumuş, boz kristala çevrilmişdi. Mən ayrılacağımızı o isə hər şeyin düzələcəyini, yenidən başlamalı olduğumuzu deməyə gəlmişdi; zənnimcə kinosevərliyi onu bu cür ümidləndirmişdi. Açığı bizim payızımız çoxdan gəlmişdi və indi biz qışın oğlan çağını yaşayırdıq. Mən “körpümüzün” dirəklərini növbəylə yıxdıqca onun üz cizgilərinin necə dəyişdiyinə amma mənə qarşı nifrətin yaranmadığına diqqət yetirirdim; hər necə olsa ilk və tək sevgisi məndim. Fikrimdən daşınacağımdan qorxub əvvəldən hazırladığım monoloqu bir nəfəsə, quru, özümü sıxa-sıxa demişdim və həyəcandan gələcək üçün ona uğur arzulamağı unutmuşdum. O dodaqlarını büzüb, düz gözümün içinə baxırdı- yəqin “ev yıxanın” həqiqətən də Mən olduğuna əmin olmaq istəyirdi. Sözümü qurtaran kimi başındakı ağ "Real Madrid" yazılı (hər ikimizdə bundan vardı) kepkasını çıxarıb başıma taxıb, özünəxas qayğıkeşliklə "sənə günün altında çox qalmaq olmaz" dedi və çevrilib çıxıb getdi. Heç vaxt reaksiyasını əvvəldən təxmin edə bilmirdim və bununla məni özünə daha çox cəlb edirdi.

Papağı köç zamanı rəfiqəsiylə yollamışdım.

Mürgüdən ayılanda yerdəki yol nişanını göydəki elektrik xəttləri əvəz etmişdi. Assai “Yujnıye snı”-nı (Южные сны) deyirdi. Saat 9:38. Uzağı on tamamda qəsəbəyə çatacaqdım. Mübahisə bitmişdi, qartalburun sürücümüz gözlərini yoldan ayırmırdı...

Buna da bax: "Fuad Əhmədov "Oyanma" (hekayə)"

Dəniz, balıqçılar, adda-budda balaca evlər, borular, aerasiyanın iyi, Nikayla mənim dənizim, bizim sahilimiz, döngə. . .

Qəsəbənin girişində xanımlar düşdü. Mən keçmiş binamızdan bir dayanacaq qabaqda düşməyi münasib bilib lazımlı yerdə saxlamağı xahiş etdim. Sağollaşdım. Ağ Aveo geriyə dönüb gözdən itdi. Qulaqcıqları səliqəylə çantama qoydum. Qərara aldım ki, aclığımı nəiləsə boğum, dükana girdim. Cavan, əsmər satıcı qız məni tanımırdı; cips, kola, iki ədəd siqaret.

Birbaşa binamızın qarşısına getməkdən çəkinirdim, görən olsaydı sorğu-sual başlayacaqdı. Üzbəüz iyirmilərdən* birinin damına çıxıb ordan məhləmizə tamaşa etməyi daha münasib bildim. Giridyim ilk üç blokun dama çıxışı bağlı olduğundan liftlə aşağı-yuxarı gedəsi oldum və nəhayət ki, dördüncü cəhdim uğurlu oldu, qapı açıq idi. Lift mühərriklərinin yerləşdiyi balaca damın böyründə kölgəlik bir yer tapıb, çantamı yerə atıb üzü məhləmizə tərəf oturdum. Krosslarımı və corablarımı çıxartdım ki, tərləməyə meylli ayaqlarım nəfəs alsın. Siqaret yandırıb bir qullab aldım, bizimkimlərin (siqaret çəkmə profilərinin) diliylə desək Vikeroy (Viceroy) zibil imiş ki. Köhnə günlərdən xatir hiss kimi aldım onu amma deyəsən cavanlıq səhvi siqaret seçimində də olur. Kolanın ağzını açıb boğazdan qurtuldatdım.

Məhləmiz çox dəyişilmişdi və bu bir anlıq xətrimə dəydi, sanki dəyişilmə zamanı məndən icazə alınmalıydı . Axı vaxt vardı bura məhlə yox "Məhləm" idi. Artıq meydançadan, bağlardan, rəngbərəng aynabəndlərdən və qonum-qonşulardan əsər əlamət qalmamışdı. Həyat öz axarında idi və birinci dəfə məhləyə ayaq basan buranın həmişə bu cür olduğunu sanardı. Bircə dəyişməyən və güman ki, heç vaxt dəyişilməyəcək, divarının dibinə daş qoyub yaşıdlarımla on iki tuş oynadığımız transformator qovşağının iki mərtəbə hündürlüyündə binası idi.

Siqareti atıb cipslərə keçdim, əsl səhər yeməyi.

Düz blokumuzun ağzındakı, başqasına qismət olan eyvanımızı yayda daima kölgə və sərinlikdə saxlayan, atamın burda özündən sonra yadigar qoyduğu çinarı qurumuş gördüm. Atam onu əkəndə “Həyat insanla təbiətin vəhdətidir” demişdi. Heyerdal da vəhdət axtarışında idi. Və Həyat onu qəbul etdi çünki o təbiəti dəyişmək yox onu doğal qəbul etməyi üstün tuturdu... Həmin il Zidane avropa çempionuluğunun dadını çıxarırdı, indi Zidane məşqçidir...

Kolanın qapağını, cipsin ağzını bağlayıb çantama yığdım.

Görəsən həmin yaşantılar gözəl idi, yoxsa indi onlar haqda xatirələr... Cavab tapmaq müşkül məsələdir... Hər halda bura qayıtdığım üçün özümü xöşbəxt hiss edirdim...

Böyük ehtimalla, yalnız hündürdə hiss edilən xəfif meh əsirdi və mən xatirələr dənizinə kəllə vurdum. Onda məsum, saf biriydim...

Üç otaqlı evimizin balaca, kvadrat bir mətbəxi və ona bitişik məhləmizin qarşısına açılan eyvanımız vardı. Ailəlikcə mətbəxdə yığışmışdıq, menyuda makaronlu sıyıq idi. Atam ayaq üstə, mənsə masa arxasında “bombadı” deyib qarnımızı doldururduq ki, eyvanımızın (o vaxt çinarsız) qapısı açıq olduğundan bayırdan eşidilən “YAĞIŞ YAĞIR” sevinc hayqırtısı ani olaraq diqqətimi küçəyə çəkdi. Yağırdı. Heç kəsə və heç nəyə məhəl qoymadan yağırdı-binalarımızı yuyur, ağaclarımızı sulayıb, küləkdən bordyurların kənarlarına dolan qumu yatdırırdı. Yayın ortası, nə dərs var, nə dərd, hava da ki əla. Saat da ki, on birə işləyərdi - bundan gözəl nə ola bilərdi axı! Torpaqla qarışmış yağışın iyi burnuma çatan kimi həyətə düşmə həvəsim oyandı. Qarşımdakı sıyığa üzümü çevirib yağın səthdə, xırda gölməçəsində donduğunu gördüm. Şəkər tozu əlavə edib yağı məhlulun dərinliyinə basıb, qarışdırdım. Daha sonra dolu mədə, dostlarla binanın tinində boşboğazlıq və sonda tut yeməyə getmək kimi avantürist bir təklifin həyata keçməsi bir-birini günboyu əvəzləmişdi. Elə həmin “TUT” əhvalatı zamanı birinci dəfə mən şirin bədənin necə tükürpədici olduğunu hiss etmişdim. Yağış əzik tut dənələrinin şirəsini canına çəkib meyvə üçün yuxarı qalxmış əllərimizin üstüylə, içiylə yol tapıb ta ki, qollarımızın içinəcən bizi “şipşirin” uşaqlar edirdi. Yağış yavaşıyanda biz artıq “it” kökündə evə gedən yolda idik. Məhz həmin gün eyvanda dayanıb, yağışa tamaşa edən Nikaya uzaqdan əl eləyib (o vaxtı utancaqlıqdan qurtulmaq üçün treninqlər keçirdim və bu da bir metod idi-tanımadığın adamla ünsiyyətə girmək), qarşılıqlı cavabını almışdım; biz baharımıza beləcə qədəm qoymuşduq.

Amma indi.... İndi yağışı bu cür xatirələrlə qarşılamıram. Bu xatirələri ürəyimin ən dərin qatında ülvi hiss kimi gizlətmişəm. Həm də ruhumun keşməkeşli həyat dolanbaclarında bərkiməsi üçün bu cür hissləri daha dərinə basıb, onları geriqayıtmaz etmişəm. Və indi yalnız gecə yağışlarını sevən mən imkan tapdıqca yuxudan oyanıb, əyin-başım nazik açıq pəncərə önündə dayanır, ya da eyvana çıxıram. Soyuq hava bədənimi qucan kimi nəfəsimi içəri çəkib saxlayır, gözlərimi yumur, var gücümü qulaqlarımı köməyə səsləyirəm ki, bu şırhaşırda sakitliyi duyum. Beləcə dözənəcən donuq qalıram. Qınıma girib tənhalığıma qərq oluram. Qəlbimdə yaşadığım bütün fəsillərin sirrini açmağa çalışıram. Sonra nəfəsimi buraxıb, gözlərimi açıb uzaq bir nöqtəyə baxıram. Ordlarımı şişirib ağzımdan dairəvi buğ buraxmağa çalışıram; özümlə məzələnirəm. Ağzımdan çıxan və havada həll olan nəfəsimə baxa-baxa həyatın soyuq, insanlarınsa isti olması barədə düşünürəm. Görəsən eyni anda milyonlarla insan ağzından buğ buraxsa heç olmazsa göz önündə nəsə qalacaq, yoxsa həyat isti nəfəsi də, nəfəs verənləri də yox edəcək. Çünki həyat soyuqqanlıqla qarşısındakı (tərkibindəki, tabeliyindəki desəm daha dəqiq olar) aciz insanı həmişə, lap qədimdən indiyənədək yox edir və gələcəkdə də işinə davam edəcək. Mən bu yaşantılarımı artıq illərdir ki, YAĞMUR reaksiyası kimi qiymətləndirirəm.

Məhləmizdən biz köçmüşdük və indiki vəziyyətdə özümüzün küsdürdüyü yerlərin biz haqda xatirələri bu cür darmadağın etməsini, bizlə bağlı hər bir şeyi zamanla ovub yoxa çıxarmasını olqu kimi qarşılamalı idik. Mən anladım. . . Mən qarşıladım. . .

Məni real həyata qaytaran dayıya tanış gəlməsəm də bağından əkişdirdiyim hər günəbaxana görə ürəyimdə ondan üzr istədim.

O biri siqareti dodağıma almadan qırıb atdım.

Deyirlər hər fəslin gözəlliyi, rəngi, ətri və ən əsası öz dövrü olur. Bəzən bu harmoniyaya insanlar müdaxilə etməyə çalışır (hər halda etdiyini düşünür). Və bu zaman insan yaşamın ahənginə üstün gəlmək istəyilə özünü uçuruma yuvarlayır. Həyat səhvləri bağışlamır.

Saat 12:45-də mən dayanacaqda, çiynimdə çantam , içimdə yeni bir xatirə ilə taksi gözləməyimdə, keçmiş Məhləm isə yeni yazını yaşamağında idi.

*İyirmilər-binanın nömrəsi məs:20A, 20B

Fuad Əhmədov BAKI 09. 08. 2016.

XS
SM
MD
LG