Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:49

'Azərbaycanda QHT-lər ağır böhrandadır'- [Fotolar]


Əli Kərimli (ön planda)
Əli Kərimli (ön planda)

►Hökumətə tövsiyələr verildi

“Azərbaycanda QHT-lər ağır böhrandadır. Hökumətdən durumun yaxşılaşdığı yönündə gələn açıqlamalar imitasiya xarakteri daşıyır. QHT-lərin azad fəaliyyətindən ötrü real addımlar atılmır”.

Bu fikirlər iyunun 28-də Sivil Toplum Platformasının “QHT-lərin durumu” mövzusunda təşkil etdiyi ictimai müzakirələrdə səslənib.

Hökumət müzakirələrə gəlmədi

Müzakirələrə QHT, media, siyasi partiya təmsilçiləri, diplomatik korpus nümayəndələri qatılıblar. Dövlət qurumları nümayəndələri isə dəvətli olsalar da müzakirələrə gəlməyib. Onlardan yalnız parlamentin hüquq siyasəti komitəsinin təmsilçisi tədbirə qatılıb. Amma o da müzakirələrdə danışmayıb.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyib ki, son illərdə ölkədə QHT mühitinin olduqca pisləşib.

Onun sözlərinə görə, bu sahədə qanunvericiliyə dəyişikliklər, QHT-lərlə bağlı cinayət işləri, vergi yoxlamaları olduqca gərgin durum yaradıb. Nəticədə aparıcı QHT-lərin əksəriyyəti fəaliyyətini dayandırmaq zorunda qalıb.

Estoniyada 30 min, Azərbaycanda 4 min QHT var...

Hüquqşünas Xalid Ağaliyev Sivil Toplum Platformasının (STP) QHT-lərin durumu ilə bağlı hazırladığı hesabatı təqdim edib.

O, qeyd edib ki, rəsmi bilgilərə görə, Azərbaycanda dörd mindən artıq QHT qeydiyyatdan keçib.

“4 milyon əhalisi olan Gürcüstandakı QHT-lərin sayı 20 mindən artıq, əhalisi 1.5 milyondan az olan Estoniyada isə 34 mindən çoxdur. Azərbaycanda qeydiyyatı olan QHT-lər üçün belə, iş mühiti son illərdə olduqca pisləşib”.

X.Ağaliyev deyib ki, 2013 və 2014-cü illərdə QHT sahəsini tənzimləyən qanunlara ciddi məhdudlaşdırıcı dəyişikliklər edilib.

O, QHT-lərin qeydiyyatı proseduruna toxunub. X. Ağaliyev qeyd edib ki, kommersiya hüquqi şəxslərinin qeydiyyatına maksimum 3 iş günü tələb edildiyi halda, QHT-lərin qeydiyyatına 140 təqvim günü sərf olan bilər.

Qrant almaq mümkünsüz olub

Xalid Ağaliyev deyib ki, qanunvericiliyə son dəyişikliklərdə QHT-lərin məsuliyyəti ağırlaşdırılıb. QHT-yə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilərsə, o, Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.

Onun sözlərinə görə, üstəlik 2016-cı ildə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsi QHT-lərə olduqca ağır cərimələr nəzərdə tutur. Bu cərimələrin məbləği 25 min manatı ötür.

Xalid Ağaliyev deyib ki, QHT-lərin qrantlar alması, artıq, mümkünsüz olub.
Onun sözlərinə görə, 2014-cü ilin mayında Baş Prokurorluğun Ədliyyə Nazirliyinin məlumatları əsasında QHT-lərlə bağlı cinayət işi açması ilə bu sahədə əsas təşkilatlar tamamilə sıradan çıxarılıb:

“Həmin cinayət işinin ardınca əsas QHT-lərin, onların rəhbərlərinin, işçilərinin bank hesablarına həbs qoyulub, ölkədən çıxmaları yasaqlanıb, istintaqa cəlb ediliblər. Digər tərəfdən vergi yoxlamaları başlanıb, ağır vergi cəzaları tətbiq edilib”.

Vergi cərimələri - 4 milyon manatdan artıq...

Xalid Ağaliyev daha sonra ayrı-ayrı təşkilatların adını çəkib:

“Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Media Hüququ İnstitutu, Sülh və Demokratiya İnstitutu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi vergi yoxlamasına məruz qalıb. Habelə, İnsan Hüquqları Klubu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Demokratik Jurnalistika Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi. Həmin təşkilatlara tətbiq edilən vergi cəzalarının məbləği 1 milyon manatdan artıqdır”

Xalid Ağaliyevin deməsinə görə, bir sıra xarici təşkilatlar da eyni aqibətlə üzləşiblər.

"Hökumət bütün məhdudlaşdırıcı normaları ləğv etsin"

Hüquq müdafiəçisi Bəşir Süleymanlı isə STP-nin hökumətə tövsiyələrini təqdim edib. O, bildirib ki, hökumət QHT-lərin ölkənin demokratik inkişafında rolunu nəzərə almalıdır.

“Hökumət QHT-lərin qeydiyyat proseduralarını sadələşdirməli, mətbu orqanlarda olduğu kimi bildiriş sistemini tətbiq etməlidir. Bundan başqa QHT-lərin fəaliyyətinə mane olan bütün məhdudlaşdırıcı normalar aradan qaldırılmalıdır. Qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməlidir. Alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında təqdim edilməli, donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməlidir.”

O, həmçinin deyib ki, fəaliyyətini dayandırmaq zorunda qalan QHT-lərə qarşı tətbiq olunan bütün məhdudiyyətlər - cinayət işləri, bank hesablarına həbslər, ölkədən çıxış yasaqları, vergi cərimələri ləğv edilməlidir.

"Hökumət imitasiya edir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyib ki, problemləri ayrı-ayrılıqda həll etmək mümkün deyil. Onun fikrincə, hökumət yalnız QHT-ləri hədəf almayıb, bütün müstəqil institutlara təzyiqlər var.

“Hökumət siyasi məhbus məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətin yanlış bilgiləndirilməsi üçün lobbiçilik edirdi. QHT-lərlə də bağlı lobbiçilik edir, edəcək. Buna görə, ölkənin demokratikləşməsini istəyən hər kəs həmrəy olmalıdır”, - Əli Kərimli deyib.

STP üzvü, hüquqşünas Ələsgər Məmmədli də deyib ki, hökumət QHT-lərlə bağlı imitasiya ilə məşğuldur:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Təəssüflər olsun ki, beynəlxalq qurumlar da bu imitasiyanın parçası olur. Beynəlxalq qurumların belə davranması Azərbaycanda vətəndaş cəmiyyətinin son nəfəsini kəsmək olardı”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə bütün cəmiyyətin ağır durumda olmasından danışıb: “QHT və siyasi partiyalar öz istiqamətləri üzrə daha effektiv çalışmalı, lazım olanda bir-birinə dəstək verməlidirlər”
Azərbaycan hökumətinin təmsilçiləri isə QHT-lərə təzyiqlərlə bağlı deyilənlərlə razılaşmırlar. Onlar əksinə bildirirlər ki, Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il bu sahənin inkişafına böyük pullar ayırır.

XS
SM
MD
LG