Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:40

Fuad Əhmədov "Oyanma" (hekayə)


-

"Həmişə çalışıram ki, yuxuya tez gedim, yoxsa, beynimə pis fikirlər gəlir; mən anamı öldürürəm. Şüurlu şəkildə anamın ölüm səhnəsini canlandırıram. Freydin “göydə” axtardığı bu cür mövzuların yaranma səbəbi mənə naməlum qalsa da bu çox vacibdir".

FUAD ƏHMƏDOV

OYANMA

“ Hardasan,ay Meşədi Kazım. . . ”. Televizorun səsi gəlməsə də Nəsibə xanımın qaynanalığını əzbər bilirəm. Ümumiyyətlə belə bir gündə televizoru” yanıq" qoymaq necə mümkündür - anlamıram. Yəqin dünəndən heç söndürülməyib, daha doğrusu söndürməmişəm. Görən "Real"ın hesabı nə oldu? Özümü narahat hiss edirəm, ele bil içalatımı oyublar. Eyvana çıxıram, şüşəbəndsizdir, əvvəl pul yoxuydu sonradan icazə vermədilər ki, şəhərin mənzərəsiitir. Küçəyə baxıram. Həyat dayanıb. Hava təzə açılır. Həm ayı görmək olur, həm də günəşi. Sərin külək əsir, eyvanın qapısı açıq qalsa da bütün gecə otaqda istidən ölmüşəm. Eyvanda sarı damalı, açılıb yığılan, sovetdən qalma, kobud kreslo-çarpayımız var. Rəhmətlik atamın boz pijamasında elə bu kresloda əllərimi və ayaqlarımı çarpazlayıb oturub,içəri baxıram. Tam sakitəm. Qarşımda qonaq otağıdır, həm də mənim yataq otağım. Televizor, komod, pişiyim M. -in üstündə mürgülədiyi ağ qoltuq altlıqları olan qara divan, mebel dəstinin davamı kimi iki kreslo, masa, bir də yerdə naxışlı xalça-birbirini əvəzləyən yaşıl-göy butalar, qaya rəsmlərindəki qəbilə rəqqaslarını xatırladan fiqurlar, müxtəlif rəng çalarlı sənət əsəri. Otağı başdan ayağa kimi dibədib tutur. Mən hər dəfə “rəqqasların” yuyulma vaxtı çatanda mebelin altından çəkib çıxaranda və geri qaytarıb yerə sərəndə döşəmədə xalçanın olmasını icad edəni söyürəm. ”Gözəl xalça”mızın üstünə bir balacası da sərilib bu gün.

Azeri writer Fuad Ahmedov
Azeri writer Fuad Ahmedov

Özümü qanandan bəri bu iyirmi bir yaşıma qədər həmişə çalışıram ki, yuxuya tez gedim, yoxsa, beynimə pis fikirlər gəlir; mən anamı öldürürəm. Şüurlu şəkildə anamın ölüm səhnəsini canlandırıram. Freydin “göydə” axtardığı bu cür mövzuların yaranma səbəbi mənə naməlum qalsa da bu çox vacibdir. Bilməliyəm ki, həmin an nələri hiss edə bilərəm, nə edəcəyimi, hər hərəkətimi incələməliyəm, hər şeyi nəzərə almalıyam. Ən azı ona görə ki, anamın başqa kimsəsi yoxdur; gec basdıracam? ayaqlarını qucaqlayıb elə o vəziyyətdəcə yuxuya gedəcəm? yoxsa ki, ən lazımlı anda biçarə olduğumu anlayacam və bu hicrana intiharla son qoyacam?

Bir dəfə guya ağlayıram, heç danışmıram doğma anamın ( İlahi! ) cəsədini evdə tək bağlayıb qaçıram. Bacardığım qədər uzağa qaçıram, geriyə dönmədən və baxmadan. Başqa bir vaxt mən bütün mərasim hazırlıqlarını yaxınlara xəbər vermədən özüm görürəm. Anamı şəxsən özüm basdırıram. Sonra yaşadığımız evi satıb, pulu uşaq evinə köçürüb “yoxa” çıxıram. Olub ki, ancaq özümü görmüşəm anamın ölümündən sonra varkən yox olmuş insan, qara-boz fon, yalnız forma bu əcaib məxluqun insan olduğunu bəlirlədir. Bəzən sonadək inanmıram və belə bir hadisəylə qarşılaşdığıma görə üsyan qaldırıram, hamını günahkar bilirəm Allahımdan başqa. . . . Mən ölümlə dostlaşa bilmirəm! Bəlkə də mən ruhən bərkimək istəyirəm bu imitasiyaların “köməyilə”. Ola bilər ki, mən öz ölümümü düşünməkdən qorxduğuma görə bu cür “keçidə” əl atıram. Bəlkə də. . . nə bilim? . . . Hər halda qaranlıq otaqda, yataqda sakitcə uzanıb, tavana baxıb belə şeyləri düşünmək, hönkürtünü gizlətmək üçün yorğanın ucunu ağıza salıb dişlərlə sıxmaq, ürəyi boğmaq necə də çətindir. Mən illər boyu bu mübarizədə boyun əyən tərəf oluram.

Həmid bəyin yaddaşıma yazdığı bir “tapıntısı” var, ”həmgöylü” sözü. Həmin bu həmgöylülərlə görüşmə səbəbinin dörd növünü aydınlaşdırmışam özümçün. Özünəqəsd-zəiflərin çıxış yolu; bir kimsənin əliylə ölüm-bədbəxtlik; ağır xəstəliyin nəticəsi-bu da bədbəxtliyin başqa tipi və nəhayət vaxtında və rahat dünyadan köçmə - güman ki, əksər insanların arzusu. Mənimçün elə bir fərqi olmasa da xərçəngdən rəhmətə gedən qonşumuzun qəbir üstündə anam öz seçimiylə bölüşmüşdü: “İndi sənə deyirəm nə vaxtsa özün şahid olacaqsan. İnsan elə məxluqdur ki, ancaq rahatlığını güdür hətta öləndə belə. Mən şəxsən nə özümə, nə də sənə bu cür ölüm arzulamıram, yaxşısı yuxudan oyanmamaqdır”. O gündən “qatili olduğum anam” yalnız istədiyi kimi-yuxuda və əziyyətsiz ölür.

Pişik divandan yerə tullanıb, balaca xalçanı iyləyib , qəribə bir şeyin olmadığını anlayıb onun üstündə yerini rahatlayır. Əvvəl istəyirəm əlimi dizimə çırpım M. xalçadan düşsün amma fikrimdən daşınıram. Qara pişik gözlərini düz gözümün içinə zilləyib. Mənsə cavabında gözlərimi bərəldib, qırpmamağı qərara alıram. Bu yumağa oxşayan varlığın beynindən nə keçdiyini anlamağa çalışıram, axı niyə qucağıma gəlmir, yoxsa ac deyil?Rəhmətlik atam deyərdi ki, pişiklər naşükür heyvanlardı, indi sübütutunu görürəm. Mənə elə gəlir ki, M.insan kimi dil açıb nəysə söyləmək istəyir. Bir anlıq özümü Murakaminin pişik dili bilən Nakatası hiss edirəm. . .

Küçədə parklanan maşının səsi gəlir, düşənlər kişilərdir güman ki, ağlaşmanı eşitmirəm. Qadınlar onların dalıyca gələcəklər, yəqin, M. dik atılıb mətbəxə qaçır. Baxışlarımla onu ötürürəm. Otağa beş nəfər girir, birgə daşıdıqları meyiti balaca xalçaya ehmalca uzadıb səliqəylə bükürlər. İkisi dayımdır-lopabığlar. O birilər qonşular. Yerimdə qımıldanmadan oturmuşam, mənə məhəl qoyan yoxdur. Ya da, heç görmürlər, başları ölüyə qarışıb. Maraqlıdır ki, mən illər boyu bu vacibanda nə edəcəyimi planlaşdırsam da indi elədiklərim tam fərqli hərəkətlərdir. Mən nə qaçıram, nə ağlayıram. Heç ölüyə yaxınlaşmıram, sadəcə yerimdə donmuşam, anamın bağlı gözlərini görməkdən qorxuram. Qohum-qardaşı, tanış-bilişi beynimdən silmişəm.

Aşağıda haray-həşir qopdu-qadınlar çatdı. Otaqdakılar bir-bir çıxdılar, böyük dayımdan savayı. O, divanda əyləşİb, arxaya söykənib əliylə üzünü tutub. Görəsən, ananı itirmək ağrılıdır, yoxsa doğma bacını?

Birdən ürəyimdən anamın üzünü son dəfə görmək keçir və mən bir anlıq özümü məhz bu cür aparmalı olduğumu düşünürəm. Ayağa qalxıb otağa girirəm. Nəhayət ki, otağa girənlərdən kimsə televizoru söndürüb. Pişik mətbəxtdə gizlənib, onu görmürəm, onu axtarmıram. Dayım astadan hönkürür, meyitlə tək qaldığını düşünür əks təqdirdə bele sentimentallığı özünə sığışdırmazdı. Mən barmaqlarımın ucunda onun yanından keçib anama yaxınlaşıram. Meyitin üzünə baxıram və yalnız indi pişiyin mənə niyə yaxınlaşmadığını, otaqdakıların mənə qarşı laqeydliyini, ən əsası isə imitasiyalar zamanı əldə etdiyim “təcrübənin” əhəmiyyətsizliyini anlayıram. Xalçaya bükülən. . .mənəm.

07. 05. 2016.BAKI.

XS
SM
MD
LG