Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:03

Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]


Bayram Məmmədov həbs edilir
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

Bayram Məmmədov həbs edilir

►“Sidiyim qan qarışıqlıdır, döş qəfəsim, qabırğalarım, ayaqlarım, əllərim, hər yerim ağrıyır...”

"Onlar məni hər döyəndə söyür, şalvarımı çıxarıb dubinka ilə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə, məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. ​"

“Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladılar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar”.

Mayın 10-da saxlanan, sonradan narkotik ittihamı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən gənc fəal Bayram Məmmədovun vəkili vasitəsilə saxlama təcridxanasından göndərdiyi izahatda belə deyilir. İzahatın surətini gənc fəlların vəkillərindən Elçin Sadıqov yayıb.

Gözlə

No media source currently available

0:00 0:04:29 0:00
Direct-ə keçid

Gənc fəal nəql edir ki, onu mayın 10-da, saat 14.00-15.00 radələrində 3 nəfər mülki geyimli şəxs ağ rəngli "Jip" modelli avtomobillə zorla Nərimanov rayon polis idarəsinin 12-ci polis bölməsinə aparıb.

“Döyülməkdən heç nə eşitmirdim, huşumu itirmişdim...”

“Məni rəisin otağına gətirdilər, otaqda 7-8 mülki geyimli şəxs var idi. Onlar məni yumruq, şillə və təpik zərbələri ilə döyməyə başladılar. Məndən nə üçün heykəlin şəklini çəkdiyimi, bu işdə kimlə əlbir olduğumu soruşaraq davamlı olaraq döyürdülər. Döyülməkdən demək olar ki, heç nə eşitmirdim və huşumu itirmişdim” - yazan gənc fəal qeyd edir ki, onu daha sonra Bakı şəhər Baş Polis İdarəsinə gətiriblər.

Gəncin yazmasına görə, orda onu yenidən döyməyə başlayıblar və narkotik ittihamını etiraf etməsini tələb ediblər.

Bayram Məmmədovun məktubundan parça
Bayram Məmmədovun məktubundan parça

“İndiyə qədər narkotik maddə görmədiyimi bildirəndə, məni heykəlin şəklini çəkdiyimə görə tuta bilməyəcəklərini bildirib daha şiddətlə döyməyə başladılar. Onlar məni hər döyəndə söyür, şalvarımı çıxarıb dubinka ilə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə, məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. Onların tələb etdiyi məzmunda izahat-ifadə verdim. Sonra məni generalın yanına aparıb "əgər, heykəlin qarşısına gül qoyub və Az.TV-yə danışsan, heykəldən üzr istəsən məni buraxacaqlarını dedilər" - yazan gənc qeyd etməsinə görə, bundan imtina edəndə onu yenidən döyüblər.​

“Rəis göstəriş verdi ki,...”

Bayram Məmmədovun yazmasına görə, mayın 11-də Nərimanov müvəqqəti saxlama yerinin rəisi ondan yeri təmizləməyi, siqaret kötüklərini yığmağı tələb edib.

“İmtina etdikdə məni şillə-yumruqla döyməyə başladı. Yenə imtina etdikdə işçilərə göstəriş verdi ki, aparın dubinkanı soxun buna, şəklini çəkin. Bundan sonra məcbur olub razılaşdım. Əlimə süpürgə və xəkandaz verib şəklimi çəkdilər”.

Gənc fəal mayın 12-də məhkəmədən qayıtdıqdan sonra yenidən döyüldüyünü deyir.

“Rəisin otağına apardılar, orda daha 2 mülki şəxs vardı. Onlar məni heykəlin şəklini çəkməkdə əlbir olduğum müxtəlif şəxslərin adını çəkərək onlara qarşı ifadə verməyə dilə tutmağa başladılar. Bildirdilər ki, “heykəlin qarşısına gül qoy, baş əy və Az.TV-yə danış, hələ ki, gec deyil, səni azad edə bilərik”.

Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib "aparın bununla bir az məşğul olun" dedi”.

Gənc fəal yazır ki, bundan sonra ona ağır işgəncələr verilib.

“Əl-ayağım bağlı vəziyyətdə qaldırıb, 4-5 dəfə göydən yerə çırpdılar”

“Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladıar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar. Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzadıb bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb, göydən yerə çırpdılar. 4-5 dəfə atıb, yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dubinkanın arxasıyla sinəmə və dizimə zərbələr endirməyə başladılar...”

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

Gənc fəal müraciətində ayaqyolu təmizləməyə məcbur edildiyini, bundan imtina etdikdə huşunu itirənədək döyüldüyünü yazır.

“Hazırda qollarımda, ayaqlarımda, dizimdə işgəncə nəticəsində yaranmış açıq, qapalı və çoxlu qançırlar var. Açıq yaralar biləyimdə və əllərimdədir. Zərbələrdən hələ başımda ağrılar var. Ayaqlarımda da açıq yaralar var. Sidiyim qan qarışıqlıdır, yemək yeyərkən çənəmdə kəskin ağrılar olur, döş qəfəsim, qabırğalarım, ayaqlarım, əllərim, hər yerim ağrıyır” - Bayram Məmmədovun yazır.

Ancaq Azərbaycanda hüquq mühafizə orqanları polis idarələri və təcridxanalarda işgəncə olması ilə bağlı şikayətləri qəti olaraq inkar edirlər. Bu məsələdə ölkədə fəaliyyət göstərən Ombudsman Aparatının da mövqeyi hüquq mühafizə orqanların açıqlamalarından fərqlənmir. Aparat rəsmiləri dəfələrlə bildiriblər ki, təcridxanalarda çoxsaylı monitorinqlər aparsalar da heç vaxt işgəncə halı ilə rastlaşmayıblar.

Bayram Məmmədovun bu məktubunda yer alan şikayətlərə isə Daxili İşlər Nazirliyindən, hələlik, münasibət bildirilməyib.

Bayram Məmmədov mayın 12-də keçirilən məhkəmə prosesində işgəncəyə məruz qaldığını bildirərək buna hüquqi qiymət verilməsini xahiş etmişdi.

Bununla bağlı onun vəkili də vəsadət qaldırmışdı.

Gənc fəal barəsində həbs qətimkan tədbiri seçən qərarda Baş Prokurorluğun işgəncə faktlarını araşdırması da nəzərdə tutulub. Ancaq sonradan bu qurumdan araşdırma ilə bağlı hər hansı açıqlama verilməyib.

Gənc fəal Bayram Məmmədov digər fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da, sadəcə, parklarda gül əkmə aksiyaları keçiriləcək.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG