Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:56

Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir


Azərbaycanda müxalifətin etiraz aksiyası, 2014-cü il
Azərbaycanda müxalifətin etiraz aksiyası, 2014-cü il

ABŞ özünün 2015-ci il üçün İnsan Haqları Hesabatında dünya boyunca öz xalqlarını “artan zor və şiddətlə” əzən avtoritar rejimləri tənqid edib

ABŞ özünün 2015-ci il üçün İnsan Haqları Hesabatında dünya boyunca öz xalqlarını “artan zor və şiddətlə” əzən avtoritar rejimləri tənqid edib.

Sayca 40-cı hesabatında ABŞ Dövlət Departamenti vurğulayıb ki, avtoritar rejimlərin vətəndaş cəmiyyəti üzərinə hücumları kəskinləşib, müstəqil səslərin susdurulmasına cəhdlər artmaqda davam edib.

Avtoritar hökumətlər vətəndaş cəmiyyətini ona görə sıxışdırırlar ki, onlar ictimai təftişdən qorxur, adamların onların nəzarət edə bilməyəcəyi bir şəkildə bir araya gəlməsindən çəkinirlər

Bu hesabatda Şimali Koreya, Çin, Kuba, Sudan və İranla yanaşı Rusiya, Ruanda, Konqo, Venesuela, Azərbaycan, Özbəkistan, Uqanda, Misir və Vyetnam xüsusilə kəskin tənqid olunur.

Hesabatda deyilir: “avtoritar hökumətlər vətəndaş cəmiyyətini ona görə sıxışdırırlar ki, onlar ictimai təftişdən qorxur, adamların onların nəzarət edə bilməyəcəyi bir şəkildə bir araya gəlməsindən çəkinirlər”.

Sənəddə belə bir misal gətirilir ki, hətta ABŞ-la münasibətləri xeyli yaxşılaşmaqda olan Kuba da insan haqları sahəsində öz ənənəvi pozuntularını davam etdirir.

Dövlət Departamentinin hesabatında ciddi tənqid olunan ölkələrdən biri də Rusiyadır. Hesabatda deyilir ki, Rusiya hökuməti öz tənqidçilərini əzmək üçün qanunvericilikdən, ədliyyə və polis sistemindən istifadə edir.

Burada Rusiyanın Ukraynadan qopartdığı Krım yarımadasında ukranalılara və Krım tatarlarına qarşı sistematik qısnama və diskriminasiyanın tətbiq olunduğu göstərilir.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, hökumət ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarının məhdudlaşdırılması üçün səylərini davam etdirir.

Bu ölkədə insan haqları fəallarına, jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinə, bəzi hallarda isə onların qohum və yaxınlarınaqarşı sual doğuran ittiham və mühakimələrdən, qısnama və təqiblərdən istifadə edilir.

Sənəddə deyilir ki, hökumət həmçinin QHT-lərin fəaliyyətini bloklamaq məqsədilə siyasi motivli həbslərdən, cinayət araşdırmalarından istifadə edir.

“Hökumət dinc azad düşüncənin cəzalandırılması üçün ədliyyə sistemindən faydalanır” – deyilir hesabatda.

Hakimiyyəti dinc yolla dəyişmək azadlığı

Bu da vurğulanır ki, həssas işləri qəbul etmək istəyən vəkillərin qarşısına sipər çəkilir.

Azərbaycanda hökuməti dinc yolla dəyişməyin qarşısı alınır
Azərbaycanda hökuməti dinc yolla dəyişməyin qarşısı alınır

Hesabatda qeyd olunur ki, hakimiyyət öz təməl hüquqlarından istifadə etdiklərinə görə məhbus edildiyinə inanılan şəxslərdən bəzilərini azad edib.

Sənəddə bu da vurğulanır ki, hakimiyyət vətəndaşların hökuməti azad və ədalətli seçki yolu ilə dəyişməsi inkanlarını kəskin məhdudlaşdırır.

Azərbaycanda mövcud insan haqları problemlərinin sırasında hərbi qulluqçuların xidmətdə fiziki zorakılığa məruz qalması, həbs edilənlərin dindirilməsi və həbxanada saxlanması dövründə işgəncələrdən istifadə olunması, ayrı-ayrı şəxslərin ordersiz günlərlə saxlanması və onların vəkil və ailə üzvləri ilə təmasına imkan verilməməsi kimi hallar qeyd olunur.

Hesabatda həmçinin bir sıra fəal və jurnalistlərin hərəkət azadlığına məhdidiyyət qoyulması tənqid edilir.

Korrupsiya qalır, həbsxanalar artır

Sənəddə bildirilir ki, aşağı səviyyədə rüşvətin azaldılması üçün bəzi tədbirlərin görülməsinə baxmayaraq, korrupsiya hökumətin bütün səviyyələrində davam edir.

Hökumət əvvəllər də olduğu kimi insan haqları pozuntuları ilə bağlı rəsmilərin cəzalandırılması üçün heç bir addım atmır.

Hesabatda təcridxana və həsbxanalarda saxlanma şəraitində yaxşılaşma qeydə alındığı bildirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına əsasən bildirilir ki, hökumət məhbusların saxlanma şəraitində yaxşılaşmaya nail olmaq üçün əhəmiyyətli addımlar atıb.

2014-cü ildə Daxili İşlər Nazirliyi 24 yeni həbsxana binasının tikildiyini, 11 rayondakı həbs yerlərində təmir işlərinin aparıldığını bildirib.

Ədliyyə Nazirliyi penitensiar qurğularının tikintisinin davam etdirildiyini xəbər verib.

“Məhbus və qaçqın əhali”

Hesabatda Azərbaycanın “məhbus əhalisinin” 632 qadın da daxil, 22 min 526 nəfər olduğu bildirilir.

Bunların 2814-nün məhkəməyə qədər saxlandığı xəbər verilmişdi.

Qarabağ qaçqınlarının uşaqları
Qarabağ qaçqınlarının uşaqları

Hesabatda qeyd olunur ki, məhkəməyə qədər həbsdə saxlama bəzən 18 aya qədər davam edə bilir.

Sənəddə bildirilir ki, BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının məlumatına görə Azərbaycanda 2014-cü ildə 622 min 892 nəfər daxili köçkün kimi qeydiyyatda olub.

Hesabat bu şəxslərin əhəmiyyətli hissəsinin erməni separatçıların Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etməsi ilə bağlı didrəgin düşdüyünü vurğulayır.

Hesabatda qaçqınlarla bağlı maraqlı bir məqam da var. Qeyd edilir ki, Rusiya Federasiyasında Çeçenistan münaqişəsindən qaçanların milli sığınacaq sisteminə müraciəti qadağan edilsə də, belə şəxslərin ölkədə olmasına dözümlülük göstərilir.

ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, Azərbaycanda Ombudsman müstəqil olmadığına görə QHT-lər tərəfindən tənqid edilir.

Bu da bildirilir ki, 2015-ci ildə insan haqlarının pozulması ilə bağlı bu quruma 15320 şikayət edilib. Bu, 2014-cü illə müqayisədə 16, 5 faiz artıqdır.

Bu da bildirilir ki, şikayətlərdən yalnız 60 faizi araşdırılıb.

XS
SM
MD
LG