Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:03

Ağalar Qut. “Ortaq türkcə” maskalanmış osmaniçilik imperializmidir


Ağalar Qut
Ağalar Qut

-

"Bizim quşqovanlar isə ortaqlıq (konsensus) dalısınca düşüb ləhləyirlər, dilimizi hansısa siyasi oyuna qurban verirlər, ən qədim, yaşıbilinməz sözlərimizi uzaqbaşı 80 yaşı olan kauçukdan sözlərlə dəyişdirirlər. Hələ Azərbaycanda bu kauçukdan sözlərlə roman-moman yazanlar da var..."

Ağalar Qut

“Ortaq türkcə”

maskalanmış osmaniçilik imperializmidir

Mirzə Kazım bəy (Alexander Kasimovich Kazembek)
Mirzə Kazım bəy (Alexander Kasimovich Kazembek)

Modern türkologiya elmi, ulu azərbaycanlı Mirzə Kazımbəyin 1839-cu ildə yazdığı “Türk-Tatar dili qrammatikası” əsəriylə başlanır. Bu əsər çap ediləndə, sonrakı görkəmli türkoloqların – H.Vámbéry-nin hələ 7, V.Thomsen-in 3, V.V.Radlov-un isə 2 yaşı vardı.

Kazımbəy bu kitabında türk-tatar dilinin dialektlərindən ən yaxşı bildiyi dialektləri sadalayarkən, birinci “Aderbidjan dialekti”nin adını çəkir, kitabda türk-tatar dilinin qaydalarını izah edərkən isə hər dəfə Azərbaycan dialektindən misallar verir. Bu isə o deməkdir ki, modern dünya türkologiya elmi Azərbaycan dili üzərində yola çıxmışdır. 9 il sonra alman dilinə tərcümə edilən bu əsər Avropa alimlərinin əlinə çatmış olur.

Azərbaycanın rus dilini bilən XIX əsr ziyalıları – başda M.F.Axundov, M.C.Topçubaşov, H.Zərdabi və b. olmaqla, ardından C.Məmmədquluzadənin “Molla Nəsrəddin”çiləri də daxil, Kazımbəyin adını çəkdiyim əsərini oxumuşdular, oxuyurdular. Buna görə də indi deyəndə ki, “Cəlil Məmmədquluzadənin Molla Nəsrəddini sayəsində dilimiz belə yaxşı qalıb”, bu, Kazımbəyə böyük haqsızlıqdır. “Molla Nəsrəddin”in “Füyüzat”a (osmani dilinə!) qalib gəlməsində də “Türk-Tatar dili qrammatikası”nın böyük rolu oldu.

Rus dilində oxuya bilmədikləri üçün osmani intellektualları, Kazımbəyin bu əsərini XIX əsrdə oxumaq bir yana dursun, heç indi də tanımırlar. Bizim dilçilik məktəbimiz isə B.Çobanzadədən və Ə.Dəmirçizadədən etibarən 100 ildir bu əsərdən istifadə edərək qurulmuşdur. (Yeri gəlmişkən, türkiyəlilər L.Qumilyov boyda qədim türklük tarixçisini də tanımırlar. Lap bu yaxınlarda Qumilyovun bir kitabını tərcümə ediblər, o tərcüməni ancaq Antiqumilyov adlandırmaq olar.)

Bəs görəsən, osmanilər müasir türk dili qrammatikasını nə zaman yaza bildilər? 1940-cı ildə! Mirzə Kazımbəyin həmin əsərindən düz bir əsr sonra!

Beynəlmiləlçi sovet illərində Azərbaycanda iki humanitar elm sahəsi üzrə ciddi alimlər yetişdi və məktəb yarandı: birinci dilçilik, ikinci tarixçilik.

Onu da napnazik bir kitabça həcmində dərslik! Nisbətən geniş qrammatika kitabını isə neçənci ildə yaza bilsəlar yaxşıdır, 1974-cü ildə! O vaxt isə Azərbaycan dilçilik məktəbi M.Şirəliyevin timsalında artıq bütün türk dili dialektləri üçün dialektoloji atlas hazırlayırdı.

Ümumiyyətlə, beynəlmiləlçi sovet illərində Azərbaycanda iki humanitar elm sahəsi üzrə ciddi alimlər yetişdi və məktəb yarandı: birinci dilçilik, ikinci tarixçilik.

Yuxarıdakı müqayisəni ona görə verdim ki, bir azərbaycanlı “Türklərin dili (ya da dilçiliyi) bizimkindən çox inkişaf edib” deyib, ağzı əyiləsi olsa, niyəsini soruşmasın. Axundov 1850-1855-ci illərdə Azərbaycan diliylə pyeslər yazanda, baxın görün, osmanilər hansı dillə yazırdılar.

***

Terminləri filosoflar, alimlər, texniklər yaradar, dili isə xalq. Türkiyədə isə dünya tarixində görülməmiş hadisə baş verib: 1930-cu illərdə “türkləşmək inqilabı”na başlayan Atatürk lisanı-osmanini – osmani dilini təcili (təcili!) türkcəyə çevirmək üçün erməni dilçi Agop Martayan-ın (Dilaçar) başçılığı altında dil komissiyası qurdu. Dünənədək lisanı-osmanidə yazan, üstəlik, heç biri dilçi olmayan bu adamlar bir erməni dilçisinin rəhbərliyi altında iclaslarda, kabinetlərdə, kağız üzərində sözlər, terminlər yaratmağa başladılar. Atatürkə hesabatlar hazırlanırdı, “bu ay bu qədər söz icad edə bildik” deyə.

Yeri gəlmişkən, türkiyəlilərin təkcə dil(çiliy)ini ermənilər qurmayıb, teatrlarını da ermənilər yaradıblar. İstər Osmani teatrını, istərsə də Türkiyə teatrını.

Osmani teatrını Aqop Vartovyan (1840-1902), Türkiyə teatrını isə Mardiros Mınakyan (1839-1920). Siz Azərbaycan teatrının qurulmasında erməni adı eşitmisinizmi?

Ancaq 10-15 faizi türkcə olan, buna görə də heç bir elmi qaynaqda türkcə adlandırılmayan, ərəbcə-farsca-türkcədən düzəlmiş üçayaq (sacayaq) bir dil olan osmanicədən türkcə yaradan bu adamlar nə Kazımbəyi oxumuşdular, nə V.V.Radlovu, nə H.Vámbéry-ni. Divani-lüqatit-türk, Qutadqu Bilik kimi bir-iki kitabdan (kitabdan!) süni bir dil – türkiyəcə uydurdular. Təsəvvür eləyin, iş nə həddə çatıbsa, Mustafa Kamal özü yeni terminlər düzəldib. Özü də hansı elmin terminləri olsa yaxşıdır? Həndəsənin!..

Yeni terminlər yaradarkən o terminləri orijinal dildən (sumercədən, hellencədən, latıncadan və s.) çevirmək əvəzinə, ərəbcə və farscadan (yəni suyunun suyundan) çevirdikləri üçün, saysız-hesabsız yanlış terminlər yaradıblar. Məsələn, ərəbcədir deyə, cəmiyyətə toplum deyiblər. Halbuki, ərəbcə “cəmiyyət”i yox, latınca orijinal “societas”ı tərcümə etmək gərəkirdi.

Socius – dostluq bağları, ya da eyni həyat şərtləriylə bir-biriylə bağlı olan, eyni məkanda (salonda) əyləşən, yanaşı gedən, birgə addımlayan, eyni dəstə-yə bağlı olan, yoldaş, qonşu, dost, rəfiq, ortaq, şərik, iştirakçı, müttəfiq, həmkar, (həm)tay, həmcins insanlar deməkdir. Ərəbcə cəmiyyət sözü hərfən toplum kimi bir sözlə əvəzlənə bilər, ancaq societas əsla cəmiyyət və yaxud toplum adlandırıla bilməz. Çünki societas sociusların birgəyaşayışıdır, sadə cəmlənməsi və yaxud toplanması deyildir.

Türkiyəlilər yeni terminlər yaradarkən azərbaycanca, özbəkcə, türkməncə, qırğızca, qazaxca, xakasca, çuvaşca, uyğurca, başqırdca kimi lokal-milli dialektlərin lüğət fondundan, demək olar, heç bir söz götürməyiblər. Məsələn, elə bizim əyləc sözümüzü bəyənmirlər, ingiliscə fren deyirlər; yırtmac sözümüzü bəyənmirlər, fransızca dekolte deyirlər; külək sözümüzü bəyənmirlər, farsca rüzgar deyirlər; “baxmayaraq”ımızı bəyənmirlər, farsca “rəğmən” deyirlər; əydəm sözümüzü bəyənməyib, əyilim sözü düzəldiblər; bucaq sözümüzü bəyənməyib açı düzəldiblər... Minlərlə belə misal vermək olar.

Yeni terminlər uydurarkən nə XIII yüz illiyədəkki ortaq ümumtürk dilinin keçmiş lüğət fondunu, nə də özbəkcə, türkməncə, qırğızca, qazaxca, xakasca, çuvaşca, uyğurca, başqırdca, azərbaycanca kimi hansısa bir lokal-milli dialekti nəzərə alıblar. Məsələn, “ol” kökündən və nə üçünsə “-ay” şəkilçisindən düzəltdikləri və hadisə mənası montaj etdikləri olay sözünü uydurmağa ehtiyac yox idi, əski dilimizdə “hadisə”nin anadilli qarşılığı vardı; anlam deyə bir sözü uydurmağa ehtiyac yox idi, əski dilimizdə “məna”nın anadilli qarşılığı vardı. Yüzlərlədir belə faktlar.

Və yaxud, qırğızcada bəlgi, tatarcada bilgə sözü, eynilə bizdəki bəlgə sözü kimi, işarə, nişan deməkdir. Türkiyəlilər isə bəlgə sözünə sənəd (dokument) mənası veriblər. İndi biz dilimizin istər leksikasında, istər semantikasında nə üçün dəyişikliklər etməliyik?! Ümumiyyətlə, öz dilində düzəlişi kim etməlidir? Yanlışı düzlə düzəldərlər, ya düzü yanlışla?!

Biz onsuz da özbək, türkmən, qırğız, qazax, xakas, çuvaş, uyğur, başqırd və o biriləriylə az-çox ortaq dildə danışırıq. Özünü bütün türk dili ailəsindən ayıran - Türkiyə olmuşdur. “İşdə, fikirdə, dildə birlik!” şüarı dil inqilabı həyata keçirəndə yada düşməliydi. Bu şüar indi yada düşübsə, olsun, onda Türkiyə zəhmət çəksin, birincisi, dil assimilyasiyasını dayandırsın, ikincisi, özünün kabinetlərdə qayrılmış kauçuk sözlərini milli dialektlərdə işlənilən təbii yaranmış sözlərlə əvəzləsin. Ortaq türkcə ancaq belə yarana bilər.

Amma biz nə görürük, bunun tam əksini: Türkiyə öz süni dilini dövlət müstəqilliyi olmayan və bizim kimi yarımmüstəqillərə yeritməklə məşğuldur. Və bu yeritmənin maskası – “ortaq türkcə”dir. Bu, dil assimilyasiyası deyil, bəs nədir?

Türkiyəcə əsasında “ortaq türkcə” o deməkdir ki, rədd olsun sizin milli və ən əsası da təbii dialektləriniz, bizim inkubator dilimizdə danışın!

Türkiyəcə bu saat onsuz da milli və təbii dialektləri assimilyasiya etməklə məşğuldur. Belədə, “ortaq türkcə” layihəsi bu assimilyasiyanı rəsmiləşdirmək cəhdindən başqa bir şey deyildir. “Ortaq türkcə” – dil assimilyasiyasının maskasıdır, yeni osmaniçilik imperializmidir.

Planları – öz kauçuk dillərini bu boyda türkdilli xalqların ağzına soxuşdurmaqdır. Türkiyəcə əsasında “ortaq türkcə” o deməkdir ki, rədd olsun sizin milli və ən əsası da təbii dialektləriniz, bizim inkubator dilimizdə danışın!

Dünya intellektualları öz dillərində başqa dillərə tərcüməedilməz sözlər və yaxud ayrılıqlar (dissensus) axtarıb tapır, olmayanda bunu yaradırlar; hamı öz dilinin, bununla da öz milli dünyagörüşünün fərqliliyini, özünəməxsusluğunu göstərməyə çalışır. Sözgəlişi, çinlilər “dao”nu, hellenlər “loqos”u, M.Heidegger almancada “Sein”ı, “Ereignis”i, J.Derrida “différance”ı və s.

Alman filosofları həmişə almandilli fəlsəfə terminologiyasının ingiliscəyə tərcümə edilməzliyi ilə öyünürlər. Bizim quşqovanlar isə ortaqlıq (konsensus) dalısınca düşüb ləhləyirlər, dilimizi hansısa siyasi oyuna qurban verirlər, ən qədim, yaşıbilinməz sözlərimizi uzaqbaşı 80 yaşı olan kauçukdan sözlərlə dəyişdirirlər. Hələ Azərbaycanda bu kauçukdan sözlərlə roman-moman yazanlar da var...

Azərbaycanlılar cib telefonuyla ilk dəfə tanış olanda, Motorola şirkətinin istehsal etdiyi, üstünə “Motorola” yazılmış cib telefonu gördükləri üçün, cib telefonuna “Motorola” deyirdilər; din deyəndə, elə indi də, ancaq “islam dini”ni nəzərdə tuturlar; xarici dil deyəndə “ingilis dili”ni başa düşürlər. Belə misalların sayını artırmaq olar. Son illərin bu sayaq sterotiplərindən biri də budur: azərbaycanlılar türk deyəndə gözlərinin qabağına ancaq türkiyəlilər gəlir, türkcə deyəndə qulaqlarında ancaq türkiyəcə sözlər səslənir. Bu hal bir yandan bizim novruzəliliyimizdən irəli gəlirsə, o biri yandan isə arxada dayanıb xain-xain gülən biclərin şüur monopolizmindən irəli gəlir.

Azərbaycan dilinin türkiyəcə tərəfindən assimilyasına qarşı etiraz səsini qaldırmalı olan dilçilərin və ədəbiyyatçıların (onları hamınız yaxşı tanıyırsınız) hərəsi səlahiyyətli bir vəzifəni çırpışdırıb deyə, Türkiyənin hansısa idarəsiylə ilə bu və yaxud başqa bir formada əlaqədədir deyə, Türkiyə bunları ildə bir-iki dəfə çağırdığı hansısa bir yığıncağa yenə də havayı dəvət etsin deyə və bu kimi belə şəxsi mənafe səbəblərindən etiraz səslərini çıxartmırlar, çıxartmayacaqlar da. Qalanları da kütləyə qarşı tək qalmaq, hətta siyasi iqtidarın acığı tutması ehtimalından da qorxub dillənmirlər.

Bir çox adam genəl-menəl, önəm-mönəm kimi sözləri Anadoluda min il qabaq yaşamış nənə-babalarımızın yaratdığı sözlər sanır, onları parabeyin bir erməni dilçisinin quraşdırdığını bilmirlər.

Türkiyənin dil assimilyasına qarşı Azərbaycanda kütləvi etirazsızlığın başqa bir səbəbi – bizimkilərin Türkiyədə həyata keçirilmiş dil inqilabından xəbərsiz olmaqlarıdır. Bir çox adam genəl-menəl, önəm-mönəm kimi sözləri Anadoluda min il qabaq yaşamış nənə-babalarımızın yaratdığı sözlər sanır, onları parabeyin bir erməni dilçisinin quraşdırdığını bilmirlər. Bir də ənənəvi paradoks öz işini görür: absurdun miqyası böyüdükcə, inandırıcılığı artır: heç kim dəliliyin bu boyda ola biləcəyinə inana bilmir.

Ortaq türkcə bayrağı
Ortaq türkcə bayrağı

Bir bolqar türkü tanışım var, deyir, mənim nənəm-babam dilimizin ahəng qanununa uyğun formada "alma" deyir, "ana" deyir, bizim nəsil isə ahəng qanununu pozaraq "elma" deyir, "annə" deyir, bu olub osmanicənin bizə “yararı”.

Bəyəm bu xalq təkcə nefti özü sata bilsin deyəmi müstəqil oldu?! Bir ölkədə ana dilinin neftdən baha olduğunu bilənlər də olmalıdır. Neçə yüz il sonra dilimizin yiyəsi ona görə özümüz olduq ki, osmanicədən düzəldilmiş qondarma bir dili dilimizin üstünə köçürək?! Heç olmasa, ilıq kənd dili ilə ədəbi mənzərələr yaratmış Ə.Əylisli, M.Süleymanlı, F.Mustafa kimi yazıçılar dillənməlidirlər indi. Bu gedişlə yaxın onilliklərdə onların əsərlərinin dilini başa düşən qalmayacaq.

“Ortaq türkcə” layihəsi başdan-ayağa Türkiyənin mənfəətinə xidmət edən siyasi layihədir. Azərbaycan dövlət səviyyəsində dilimizin türkiyəcə tərəfindən assimilyasına müdaxilə etməsə, dilimiz aradan gedəcək.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG