Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:21

Səhiyyə naziri məhkəməyə çağrıldı


Oqtay Şirəliyev
Oqtay Şirəliyev

-

Səhiyyə naziri Oqtay Şirəliyev məhkəməyə çağrıldı. Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində döyülərək öldürülmüş jurnalist Rasim Əliyevlə bağlı məhkəmə iclasında zərərçəkmiş tərəfin nümayəndəsi Əshabəli Mustafayev bu barədə vəsatət qaldırdı.

Vəkil bildirdi ki, nazir məhkəməyə gəlib bu iş üzrə istintaq zamanı prokurorluğa göndərdiyi məktubunu əsaslandırmalıdır.

«ZİDDİYYƏTƏ AYDINLIQ GƏTİRİLMƏLİDİR»

«Oqtay Şirəliyevin məktubunda göstərilənlərlə Rasim Əliyevi müayinə etmiş həkimin istintaqa ilkin ifadəsi arasında ziddiyyət var. Oqtay Şirəliyev birbaşa özü gəlib burada bu ziddiyyətə aydınlıq gətirməlidir», - deyə Əshabəli Mustafayev bildirdi.

Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etmədi.

Təqsirləndirilən şəxslərdən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev bir daha Rasim Əliyevi müayinə və müalicə etmiş həkimlərin, həmçinin mərhum jurnalisti sonuncu dəfə xəstəxanada görmüş şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət verdi.

Bu vəsatət də təmin olunmadı.

Bu qərardan sonra Şəmsəddin Quliyev bu iş üzrə rəy vermiş ekspertlərin dindirilməsi barədə vəsatət qaldırdı. Bu vəsatət qismən təmin olundu. Vəkil bütün ekspertlərin dindirilməsini istəsə də, məhkəmə yalnız ikisinin dindirilməsini məqsədəuyğun saydı.

Məhkəmə fevralın 16-da davam edəcək.

«ŞİŞİRTMƏYƏ EHTİYAC YOXDUR»

Onu da qeyd edək ki, məhkəmə iclasının əvvəlində hakim Eldar İsmayılov ötən iclasdakı gərginlikdən danışdı. Bildirdi ki, məhkəmə obyektiv və ədalətli qərar qəbul edəcək: «Heç nəyi süni şəkildə şişirtməyə ehtiyac yoxdur».

Fevralın 2-də keçirilən məhkəmə iclasında müttəhimlər və onların vəkilləri zərərçəkmiş tərəfin həkimlərlə bağlı vəsatətini dəstəkləsələr də, məhkəmə təmin etməyib. Bu da təqsirləndirilən şəxslər və onların yaxınlarının etirazına səbəb olub. Məhkəmə zalında səs-küy yarandıqdan sonra zala qaz buraxılıb. Bunu AzadlıqRadiosuna təqsirləndirilənlərin yaxınları və vəkil təsdiqləyib.

Jurnalist Rasim Əliyev Facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib.

Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

XS
SM
MD
LG